"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

A

ADVERMƏ

ADVERMƏ – Anadan olanda uşağa, bəzən də igidliyə, hünərə görə yeniyetməyə xüsusi ad qoyulması mərasimi. Advermə Oğuz dastançılığında geniş yayılmış motivlərdən biridir. Həm də advermə türk ənənəsində 10 çətin, şərəfli, məsuliyyətli prosesdir. Ad alan hər bir uşaq, yaxud yeniyetmə nəinki cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilir, həm də adına görə yaşamalı olur. Advermə funksiyasını ilk çağlarda tayfa ağsaqqalları, ağ şamanlar, müsəlman ənənəsində isə övliyalar yerinə yetirirlər.

KDQ boylarında Dədə Qorqudun ad vermə səlahiyyəti hərtərəfli motivasiya edilmişdir. KDQ-də advermə baş kəsib, qan tökməklə ilişgili şəkildə təqdim olunur. Bu advermə uşaqlıq dövründən gənclik dövrünə keçidin bədii əks-sədasıdır. Eyni aktın Altay-Sayan xalqlarının dastanlarında, özbək, qazax, qırğız folklorunda, bütün türk nağıllarında təkrarlanması bunun etnoqrafik baxımdan gənc döyüşçü cərgəsinə qəbul mərasiminin qalığı kimi yozulmağına imkan verir. Belə mərasimdə gənc döyüşçüyə adla yanaşı at, qılınc və kəmər də verirdilər. Bu funksiyanı ağsaqqal döyüşçü, tayfanın başçısı, ağ şaman və b. hörmətli adamlar yerinə yetirirdilər. Şor dastanlarında qəhrəman özü adsız yaşamaq istəmədiyindən, bir kasa qımızla uca dağ başına çıxıb ona ad verilməsini tələb edir. Naməlum bir qoca qəhrəmanın əlindən qımızı alıb içir və ona adını, atını və atının rəngini verir.

Adla tale, adla ömür arasında əski görüşlərə görə eyniyyət olduğundan, hər adamın ad verməsi mümkün deyildir. Ad özündə qəhrəmanın mənşəyini, yurd-yuvasını, atının rəngini xarakterizə etdiyindən sosial statusludur. Məs., Parasarın Bayburd hasarından pırlayıb uçan boz atlı Bamsı Beyrəkdə olduğu kimi. Mürəkkəb ad-titullar qədim türklərin bir neçə sosial institutunun təsiri ilə yaranırdı. Bu ad-titullar mifoloji simvolikanı qoruduğundan arxaik dastanlarda qəhrəman ona verilən ada uyğun hərəkət edir, ada layiq yaşayır. KDQ-də, qəhrəman əməlinə görə ad alır. “Ol zamanda bir oğlan baş kəsməsə, qan dökməsə, ad qoymazlardı” (D-706) deyimi yuxarıdakı fikrin məntiqi təsdiqidir. Boylarda Dədə Qorqudun Oğuz igidlərindən üçünə ad qoyması heç də onun funksiyasının bununla bitdiyini göstərmir. Dastan, sadəcə olaraq Dədə Qorqudun qoyduğu adlardan üçünü xatırladır. Çünki yuxarıdakı epik klişe Oğuz igidlərinin adlarının bu yolla alındığını sübut edir. Həm də dastandan göründüyü kimi, Dədə Qorqudu adqoyma mərasiminə xüsusi olaraq dəvət etmirlər, o özü gəlib ad verir. Eyni ilə Şor dastanlarında, qırğız dastanı “Manas”da adverən ya cəmiyyətə kənardan gəlir, ya da ağ paltarlı şəxs olur. Hər iki funksiya şamana və bir qədər də xalq sufi dərvişinə aiddir. Nağıllarda qəhrəmana ad verən dərviş də əslində şamanın müsəlman adekvatıdır.

Advermə köçəri türk mədəniyyətində bütöv bir sistemdir. Ad yaş kateqoriyasından asılı olaraq dəyişir. Deməli, ad həm yaşla, həm də sosial statusla bağlı olaraq dəyişir. Orxon-Yenisey abidələrindən kağan olan adamın yeni ad-titul alması məlumdur. Məs: Qutluq İlteriş kağan, Magilyan isə Bilgə kağan ünvanını alırlar. Oğuz Səlcuq dövlətini quranlardan İsrail Arslan, Məhəmməd Toğrul, Davud isə Çağrı adını alırlar.

Türk ənənəsində adlar bir tərəfdən qohumluq terminləri ilə bağlıdırsa, digər tərəfdən bu adlar heyvan və quş (əsasən, öküz-buğa, aslan və qurd adının müxtəlif variantları, qartal, şahin cinsindən olan quşların adları) adları ilə sıx bağlıdırlar. Oğuz kağanın adverməsi məhz eponimlik funksiyası ilə səciyyələnir. Məs.: o, Usta Tömürdüyə Kalaç, Barmaqlıq cosun Biliyə Kanğa 11 ad-titulunu verməklə eyni adlı tayfaların eponimini təyin edir. KDQ-də adlar belə bir funksiya daşımaq məqsədi ilə verilmir. Ancaq Dədə Qorqudun ad verdiyi gəncə bəylik istəməsi göstərir ki, bu advermə bəylik silkinə keçidlə bağlıdır. Məs: “Hey Dirsə xan, Oğlana bəglik vergil, təxt vergil, – ərdəmlidir”. (D-17) – ifadəsi bunu açıq-aydın göstərir. Uşaqlıq dövründən bəylik dövrünə keçid kimi semantik yozum qazanmış bu advermə dastanda qan tökməyə, baş kəsməyə adekvat işlənir.

KDQ-dən göründüyü kimi, bu keçid dövrünün yaş həddi on beşdir. Orxon-Yenisey yazılarında bu keçid yaş həddinin yeddi, yaxud on yeddi olduğu da görünür.

Advermə motivi dastan ənənəsində qəhrəmanın epik bioqrafiyasını tamamlayan magik xeyir-duadır. Bundan sonrakı motivlər süjet xəttində hadisələrin qəhrəmanlıq fonunda getməsini təmin edir. Həm də magik-mifoloji səciyyəsi şamançılıqla bağlıdır. Vergi verilən şamanın inisiasiya mərasimindən sonra, həm də ad alıb şaman olması, dastanda qəhrəmanın yeni status qazanması ilə üst-üstə düşür. Oğuznamələr, bütövlükdə isə türk dastanları göstərir ki, dastan qəhrəmanı məhz ad aldıqdan sonra sosial-ierarxik strukturda semiotik dəyər qazanır. “Oğuz kağan”da Oğuzun oğlanları ad aldıqdan sonra sağsol qanada bölünürlər, dövlətdə ierarxik mövqe tuturlar. Bunu eyni ilə Buğacın, Beyrəyin, Basatın ad aldıqdan sonra Bayındırın, yaxud Qazan xanın divanında tutduqları yerlər də təsdiqləyir.

Ədəbiyyat:

Самойлович А. К вопросу о наречении имени у тюркских племен. – Живая Старина, вып.2, 1911.

Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993. Füzuli Bayat