Ə
ƏFSANƏLƏR, RƏVAYƏTLƏR
ƏFSANƏLƏR, RƏVAYƏTLƏR – KDQ boyları ilə bağlı “Təpəgöz”, “Hornaçı”, “Uzunqız”, “Dədəm qorxdu”, “Qorqud və Salmani-fars”, “Əzrailin tora düşməsi”, “Musa və ozan” və başqa Azərbaycan əfsanələri mövcuddur. Əfsanə və rəvayətlərdə Dədə Qorqud islam dininə qarşı çıxır, “Qorqud və Salmani fars” adlı əfsanədə isə Dədə Qorqud barışdırıcı mövqedə durur. Əfsanədə deyilir ki, Salmani-fars Məhəmmədin dostu idi. Ölkədə nə mühüm xəbərlər olsa Salmani-farsa çatdırılardı və o da öz növbəsində bunları Məhəmmədə bildirərdi. Bir gün Salmani-farsa xəbər verdilər ki, Qorqud adlı bir ozan camaat arasında “Quran” ayələrini nəzmə çəkib qopuz çalıb oxuyur. Salmani-fars Qorqudu əlində qopuz Məhəmmədin yanına gətirir və Məhəmməd peyğəmbərə bildirir ki, bu ozan Quranı nəzmə çəkib qopuzda oxuyur. Məhəmməd deyir: – Ona toxunmaq olmaz. O, Dədə ozandır. Qoy oba-oba gəzib “Quran”ı təbliğ etsin. Xalq ona qulaq asır. Qoy nə şəkildə, necə bacarırsa islamın şərəfinə söz desin. O ancaq alqışa layiqdir. Əfsanənin ən əhəmiyyətli cəhəti budur ki, Salmani-fars kimi, Dədə Qorqud da Məhəmməd peyğəmbərin müasiri və yaxın dostu kimi təqdim edilir. Bu eyni zamanda KDQ-nin müqəddiməsindəki “Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut ata derlər, bir ər qopdı” fikrinin reallığına, həqiqiliyinə inam oyadır. Əfsanəyə görə Dədə Qorqud öz ölümündən xəbər tutduqda qaçır, böyük bir dənizin ortasında yüz il yaşayır. Al127 lah Əzrailə göstəriş verir ki, mütləq Dədə Qorqudun canını alsın. Əzrail ilan cildinə girir. Dədə Qorqud yuxuya getdikdən sonra onu çalıb öldürür. Başqa bir əfsanədə Dədə Qorqud ölümü özünə yaxın qoymamaq üçün dənizin ortasında yaşayır və ara vermədən qopuz çalır, musiqinin ecazkar səsinin təsirindən ölüm Dədə Qorquda yaxın düşə bilmir. O, bir anlığa yuxuya gedən kimi ölüm zəhərli ilan cildində onu çalıb öldürür. Dədə Qorqud ölür, onun qopuzundan qopan nəğmələr isə hələ də ölümlə mübarizə aparır, ölüm ona qalib gələ bilmir. Dədə Qorqudun ölümü ilə əlaqədar əfsanələr deyilənlərlə qurtarmır. Misal üçün, Şəmkir rayonunun Seyfəli kəndindən toplanmış “Dədəm qorxdu” adlı əfsanə də maraqlıdır. Əfsanədə deyilir ki, Dədə Qorqudu Əzrail qovurmuş. Dədə Qorqud qaça-qaça gəlib görür ki, uşaqlar bir gölün qırağında palçıq atdı oynayırlar. Dədə Qorqud gözdən yayınıb uşaqların arasına girir ki, gizlənsin. Baxır ki, yox, budur Əzrayil onu uzaqdan görüb düz üstünə gəlir. Dədə Qorqud uşaqların arasından çıxıb qaçmağa başlayır. Uşaqlar bunu görüb gülə-gülə “Dədəm qorxdu” – deyirlər. Əslində uşaqlar hadisədən xəbərsiz olduqları üçün elə başa düşürlər ki, Dədə palçıq oyunundan, üzünə, üstünə palçıq düşməsindən qorxub qaçdı. Xalq arasında Oğuz qəhrəmanlarından sayılan Oxçuoğlu, Körpəş, Buğacoğlu Həsən və başqaları haqqında da əfsanə, rəvayət, dastan epizodları yaşamaqdadır. “Hornaçı” və onun davamı kimi səsləşən “Uzunqız” əfsanələri bu baxımdan çox maraqlıdır. Cəlilabad rayonundakı Kazımabad kəndində böyük bir ərazi “Qazan köşkü”, Xanlar rayonundakı Köşkü kəndinin ərazisində də böyük bir dağın başındakı düzənlik “Koroğlu köşkü” adlanır. “Hornaçı” əfsanəsində deyilir: Hornaçı adlı azman bir adam olur. Onun da Qazan köşkü adlanan mahalda özü kimi nəhəng bacısı yaşayır. Hornaçı Mil düzündə zor gücünə torpaq təpələr düzəltdirir. Bacısı da qardaşı üçün hər gün Qazan köşkündə isti xörəklər hazırlayır. Qazan köşkündən Mil düzünə qədər sıra ilə düzülmüş adamlar ötürə-ötürə qazandakı xörəyi isti-isti, buğlana-buğlana Hornaçıya çatdırırlar. Hornaçı qolun gücünə eldən-obadan cavan oğlanları yığır, torpaq təpələr düzəltdirir. Adamları zornan işlədir. Bu azmanın adı ona görə Hornaçıdır ki, o, hər axşam yatanda elə xoruldayır, elə horna çəkir ki, səsi bacısına çatır, o da bununla qardaşının salamat olduğunu bilir. İllər beləcə keçir. Bir gün Hornaçı, Qazan köşkündə təzəcə evlənmiş bir oğlanı sevgilisindən ayırıb Mil düzünə torpaq təpələr düzəltməyə aparır. Hamilə qalmış arvadı bir oğlan doğur. Uşaq böyüyüb on beş yaşına çatır. Uşaq bir gün anasından soruşur ki, onun atası kimdir. Anası atasının Mil düzündə işlədiyini bildirir. Oğlan atasını azad etmək üçün yola düşür. Görür ki, Mil düzündə adam yığıncağı var. Kimi arx qazır, kimi torba ilə torpaq daşıyır, kimi də torpaq təpələr düzəldir. Oğlan soraqlaşa-soraqlaşa atasını tapır. Görür ki, atasının üzünü tük basıb, pis gündədir. Oğlan deyir: –Ata, nə üçün bu on beş ildə bircə dəfə də evimizə gəlməmisən? Atası deyir: – Oğul, Hornaçının qorxusundan təkcə mən yox, bütün bu gördüyün saysız- hesabsız adam heç yana tərpənə bilmir. Hamı öz canı üçün qorxur. Horna çı çox güclüdür, zalımdır. Oğlan deyir: – Hornaçı hanı? Atası əli ilə göstərib deyir: – Odu, Hornaçı su arxının yanında yatıb. Eşitdiyin xorultu da onunkudu. Onun bircə zəif cəhəti var: yeddi gün yatır, yuxusunu yenə bilmir. İndi ikinci gündü ki, yatır. Oğlan ətrafdakı adamlara torbalarını doldurub yatmış Hornaçının üstünə tökməyi deyir. Beləliklə, Hornaçı torpaq təpəsinin altında qalıb ölür. Hamı dağılışıb, sevinə-sevinə öz evinə dönür. Ata ilə oğul da Qazan köşkünə qayıdır. Hornaçının bacısı görür ki, qardaşının xorultusu kəsildi. Anlayır ki, Mil düzündə qəza var. Dərhal Mil düzünə yola düşür. Gəlib görür ki, burada yeddi təpə var. Bilir ki, nə varsa, bu torpaq təpələrdədi. Qolları ilə bu torpaq təpələri qucaqlayır, əllərini iki tərəfdən salıb torpağı sovurur. Bir təpənin altından qardaşının meyidini tapır. Bacı deyir: – Yəqin ki, qardaşımı yeni dünyaya gəlmiş Oğuz igidi öldürüb. Mən onu tapıb qardaşımın qanını almalıyam. Əfsanə bir çox cəhətdən Basatla Təpəgöz əhvalatını xatırladır. Horna- çıya qalib gəlmiş oğlan da məhz Basat kimi Oğuz elindəndir. KDQ-nin “Topqapı sarayı mətnində Domrulun, Rüstəmin, Qanturalının adları ilə yanaşı, Oxçunun da adı çəkilir. “Göyərçin və Oxçunun əfsanəsi”ndə Oxçunun göyərçinlə dostluğu, onunla döyüşlərə getməsinədən söz açılır. Amasiya rayonunda Oxçuoğlu adlı kənd vardır. Oxçuoğlu və ona çox yaxın olan Ağbaba və Güllübulaq kəndlərində “Oxçu oğlu” adı ilə maraqlı əfsanələr söylənilir.Çap olunmuş “Oxçu oğlu” əfsanəsi də bu sıraya daxildir. “Uzunqız” əfsanəsində də Oxçu oğlunun hünərindən danışılır. “Horna- çı”nın davamı olan bu əfsanədə deyilir ki, “Əsirlərin azad olması Qazan köşkünə sevinc gətirir. Hamı cavan Körpəşi gələcəyin Oğuz qəhrəmanı kimi alqışlayır. Lakin bu sevinclə bərabər, Qazan köşkündə bir qorxu hissi də hökm sürür. El ağsaqqalı Rüstəm bildirir ki, Uzunqız Mil düzünə qardaşının arxasınca gedib, qayıdan kimi Qazan köşkünü bir-birinə qatacaq. Heç olmasa Mil düzündən təzə qayıtmış əsirləri, Körpəşi Qarabağa tərəf uzaşdırın. İnsan axını, içərilərində Körpəş, indiki Ağdamın Çullu kəndinə tərəf üz tutur. Bir də görürlər ki, Uzunqız torpağı əlləri ilə sovura-sovura gəlir. Körpəş deyir: – Hərə yerdən bir daş götürüb, Uzunqıza atın. Atası deyir: – Oğul, ağlın Hornaçıya getməsin ki, yatmış ola, yuxulu-yuxulu torpaq dağı yaratdırasan. O azman oyaq olsaydı, yüz belə insan dəstəsi ona güc gələ bilməzdi. Mənim bircə arzum var. Nə ola, Oxçu oğlu bu həndəvərlərdə ola. Bu ağır vəziyyətdən xəbər tuta. Uzunqızı yalnız Oxçu oğlunun oxu yıxa bilər. Uzunqız özü də yalnız və yalnız Oxçu oğlundan qorxurdu. Birdən qarşı təpənin başında Oxçu oğlu göründü. Ox dolu kimi yağırdı. Uzunqız yaralandı, bir dəli nə’rə çəkib, özünü adamların axınına vurdu. Əli kimə çatırdısa, əli ilə başını üzürdü. Lakin qanı axdığı üçün gücdən düşürdü. Bircə arzusu vardı, qardaşının qatili olan Körpəşi məhv etmək. Birdən Körpəş qışqırdı, hərə bir daş götürüb, Uzunqıza atsın. Oxçu oğlunun oxları onu karıxdırıbdır. Hərə bir daş atdı. Uzunqızın üstündə daşdan dağ yarandı. O vaxtdan bəri bu səmtdən gəlib-gedən adamlar dağ kimi yığılmış daşın üstünə yenə daş atırlar. Çünki Uzunqız da qardaşı Hornaçı kimi çoxlarına zülm etmişdi. Həmin daşlıq hazırda “Uzunqız”, yaxud da “Uzunqızın qəbri” adlanır. Hornaçı, Uzunqız, Körpəş və Oxçu oğlu obrazlarının ümumi səciyyəsi göstərir ki, bunlar əfsanə və rəvayətlərdən daha çox, qədim bir epos və ya dastan qəhrəmanları imiş. KDQ qəhrəmanlardan Qazan xan, Bəkil, Domrul və başqaları ilə bağlı yer adlarının öz mənası olduğu kimi, həmin toponomik adlarla bağlı əsatir, əfsanə və rəvayətlər də bu gün xalq arasında yaşayır. “KDQ-də Bəkilin hünər və qəhrəmanlıqlarını, ovçuluq məharətini Nizaminin “Yeddi gözəl”ində Bəhram Gur, “Ana maral” əfsanəsində isə Buğac oğlu Həsən göstərir. Hər üç abidədə: epos, əfsanə və poemada gur, maral ovlanır, damğalanıb, nişan vurulub buraxılır. Onları başqa adam daha ovlaya da bilməz. Bəkilə, Bəhram Gura, Buğac oğlu Həsənə məxsus olduqları üçün onlara heç kəs toxunmaz da. Bu qədim ovçuluqla əlaqədar bir məsələdir ki, izləri həmin abidələrdə yaşamaqda davam edir. Həmin baxış bir sıra əfsanələrdə indi də yaşamaqdadır. Şamxor rayonunda, Kür qırağına yaxın ərazidə Bayramlı adlı bir kənd var. Bu kənddə on bir nəsildən birinin adı Ovçulardır. Ovçular nəslinin əcdadı olan Ovçu Həsənlə bağlı bir əfsanə qalmışdır. Əfsanəyə görə bu yerlər vaxtı ilə başdan-başa meşəlik imiş. Bu yurdun ilk sakini, ağsaqqalı olan Ovçu Həsənin alaçığı, yorğan-döşəyi, hətta geyimi belə maral dərisindən imiş. Həsən ovçu olsa da, maralları yad adamlardan qoruyarmış. Onun sahib olduğu meşəliyə “Ovçu Həsənin maral qoruğu” deyərlərmiş. Heç kəs cür’ət edib “maral qoruğu” nda bir marala, maral balasına ox ata bilməzmiş. Bəkilin, Bəhram Gurun, Buğac oğlu Həsənin nişan vurub çölə buraxdıqları keyik və maralları kənar adamlar ovlamağa cürət etmədikləri kimi, Ovçu Həsənin də “Maral qoruğu”na qorxusundan heç kəs ayaq basa bilməzmiş. Doğrudan da bütün bunlar, xüsusilə “Buğac oğlu Həsənin maralları” və “Maral qoruğu” əfsanələri qədim ovçuluğun müəyyən əlamət və izlərini qoruyub saxlaya bilmişdir. Oğuz elləri qoyunçuluqla məşğul olarmış, onların ağ bozaq qoyunları adnan imiş. Amma oğuzlardan Tomral və onun yaxın adamları Qara çayın sahilində, Ağqala kəndinin qənşərində üzüm əkməyi özlərinə peşə ediblərmiş. Hətta Tomral “quş üzümü”ndən şərab da düzəldə bilirmiş. Qara çay çox güclü çay imiş. Hər adam ürək eləyib bu çayı keçə bilməzmiş. Tomral bədəncə çox möhkəm və güclü adam imiş. Tomral çox adamı belində, çiynində Qara çayın o üzündəki üzüm bağlarına keçirirmiş. Tomralın köçəri həyatdan xoşu gəlməzmiş. – Bu nədir, yayda yaylaq, qışda qışlaq. Oğuzun da bağı, bağçası, oturaq həyatı olmalıdır. Hamı qoyunçu olmaz. Qoy adamların bir qismi də bağçı, üzümçü olsun. Adamlar etiraz edərlərmiş ki, biz Qara çaydan qorxuruq, onu yarıb keçmək çətindi. Tomral məcbur olub Qara çayın üstündə körpü salır. Lakin yenə də oğuzlar bu körpüdən az-az keçirlər. Bunu belə görən Qara çay, küsüb ayrı yerdən axmağa başlayır. O zaman camaat Qara çayın adını “Əyri çay” körpünün adını “Küsmüş çayın körpüsü”, Tomralın adını isə Tanrıtanımaz Tomral qoyur. Tomral bundan çox qəzəblənir. Körpü olan yol el yolunun ağzı imiş. Tomral o gündən körpüdən keçəndən də, keçməyəndən də xərac alır. “Küsmüş çayın körpüsü” Goranboy rayonundakı Başkəndin yuxarı hissəsindədir. Doğrudan da körpünün altından su axmır, ondan bir qədər aralıda çay axır. Aydınca görünür ki, çay öz məcrasını dəyişmişdir. Körpü olduqca qədim körpüdür. Bu körpüyə yaxın ərazilərdə qala və yaşayış məskəni qalıqları, KDQ eposu ilə səsləşən Ballıqaya, Erkəş kəndləri, Aşağı, Orta və Yuxarı Ağcaqala kəndləri vardır. Azərbaycan torpağında KDQ qəhrəmanlarından Qorqud Atanın, Qazan xanın, Bəkilin, Təpəgözün, Domrulun (Tomralın) adları geniş yayılmış və bunlar sal qayalar, köklü daşlar kimi bu torpağa çox bağlıdır. “Tomral Ağcaqalada yaşayırdı. Günü Küsmüş çayın üstündə qurduğu körpünün həndəvərində əkdiyi üzümlüklərdə, ya da Kəpəzdə, Murovda, Canbazda, Yeddiqardaş dağlarında qurduğu torların yanında keçərdi. Axır zamanlar üzümlüklərin becərilməsini Tomral arvadına, uşaqlarına tapşırmışdı. Özü tor qurub bu yerlərdə yaşayan heyvanları tutmaqla məşğul idi. Tomral tora düşən quşu, heyvanı tutub baxar, ad qoyub yenidən dağlara buraxardı. Tora yırtıcı, əcaib quş, heyvan düşəndə onu oxu ilə vurub ya ağır yaralayardı, ya da öldürərdi. Bir axşam Tomral Canbazda tor qurub evə döndü. Səhər gedəndə nə görsə yaxşıdır. Gördü ki, tora insana bənzər bir şey düşüb. Hətta bir cüt qanadları da var. Tomral vahimələndi. Sümükləri çaxnaşdı. Öz-özünə düşündü: – Bu nə əcaib ovdur? Nə insandan insana oxşayır, nə heyvandan heyvana. Tomral uçuna-uçuna əlini yay-oxa atdı. Uzaqdan Tomralı müşahidə edən canlı dilləndi: – Ey Tomral, əlini saxla. Mənə ox atma. Mən sənin dostun Əzrayiləm. Tomralın bədəni üşürgələndi. Dili tutar-tutmaz: – İndi burda nə gəzirsən? – Tomral, xeyli vaxtdır səninlə maraqlanıram, bu dağlarda tor qurub, qurd-quş tutub buraxmaqda məqsədin nədir? Sirrini öyrənə bilmədim. Bu məqsədlə gəlib qurduğun tora xeyli tamaşa elədim. Lakin əlim dinc dayanmadı. Əlimi tora vuran kimi məni tutub buraxmadı, çox çalışdım, eşələndikcə tor bədənimə dolaşdı, tordan canımı qurtara bilmədim. Axşamdan səhərə qədər torda qalmışam, bağrım partlayır. Gəl məni aç, burax. – Yox, Əzrayil, darıxma, özün çoxlarını tora salmısan. Bağrını partlatmısan, heç nə olmaz. Sözümə qulaq as, şərtimə əməl etməsən səni açıb buraxan deyiləm. – Şərtin nədir, Tomral? – Söz ver ki, mənim ölüm günümü bir həftə əvvəl xəbər verəcəksən. – Çətin olsa da söz verirəm, Tomral. Məni aç burax. Tomral toru açıb Əzrayili buraxdı. Aylar-illər keçdi. Tomral nəvə-nəticəli pirani bir qoca olmuşdu. O bir gün yerə meyvə ağacı tingləri basdırırdı. Tomral gördü ki, bir adam uzaqdan tez-tez ona baxıb irişir, dişlərini ağardır. Tomral əl saxlayıb soruşdu: – Ay adam, kimsən, niyə gülürsən? – Mənəm, Tomral, Əzrayiləm gəlmişəm xəbər verim, bir həftən qalır. Əzrayil sabah yenə ordan keçirdi. Gördü ki, Tomral yenə ağac əkir. Dözməyib dilləndi: – Ey Tomral, bilirsən ki, ölürsən, bu ağacı niyə əkirsən, sən ki, onun barını görməyəcəksən? – Məndən əvvəl əkmişdilər yedik, mən də əkirəm ki, məndən sonra gə131 lənlər dərib yesinlər, məni yad etsinlər. Mən yurdumda bağ qoyub gedirəm, sənin kimi dağ qoyub getmirəm. Bu insanın həyat və ölüm haqqında düşüncəsinin bədii ifadəsidir ki, Tomralın- Domrulun timsalında əfsanələşdirilmişdir. Azərbaycanda Təpəgözlə də bağlı yer adları və xalq arasında yaşayan əfsanələr çoxdur. Şəmkirdən “Təpəgöz” adlı əfsanədə deyilir: söylənilənə görə “Yekə qala”da yaşayan insanların qənimi bir Təpəgöz imiş. Bu Təpəgözün yediyi insan əti imiş. Təpəgöz adamları tutub bardaq yeri düzəltdiyi quyuya salıb, alma-armud yedirdərmiş, onlar kökəldikdən sonra yeyərmiş. Günlərin bir günündə Təpəgözün əlinə bir çoban keçir. Çobanı da həmin quyuya salır. Ancaq çoban yeməklərdən boyun qaçırır, yalnız qoyun əti yediyini söyləyir. Təpəgöz qoyun gətirib quyuya atır. Çoban qoyunun dərisindən qayış düzəldib quyunun başına atır və oradan çıxıb qaçır. Çoban Təpəgözü öldürməyi qarşısına məqsəd qoyur. Çox sınaqlardan sonra Təpəgözü öldürür. Deyildiyinə görə, indi də Təpəgözün quyusunun üstünə çıxıb ayağı yerə vuranda quyudan səs çıxır. Təpəgöz haqqında əfsanələr çoxdur və rəngarəngdir. Hətta elələri vardır ki, bu əfsanələrə görə Təpəgöz azman bir nəhəngdir, eyni zamanda özü kimi əzazil bir bacısı da vardır. Sədnik Paşayev |