"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

U

URUZ, XAN QAZANIN OĞLI URUZ BƏG,
SALUR QAZANIN OĞLI URUZ

URUZ, XAN QAZANIN OĞLI URUZ BƏG, SALUR QAZANIN OĞLI URUZ – Qazan xanın oğlu, Bayındır xanın nəvəsi, İç Oğuz bəyi. (II, III, X, XI boylarda adı çəkilir). Onun əsirlikdə, Şökli Məliyin qanlı tədbirləri qarşısında mərdanə dayanması, mətanəti, ailə namusu uğrundakı fədakarlığı türk xalqının milli simasını ən uzaq keçmişlərdə əks etdirən parlaq bir nümunədir.

Uruz anasının sorğusuna namus hissindən doğan bir qəzəblə belə cavab verir:

“Qadın ana! Qarşum alub, nə bögrərsən?
Nə bozlarsan, nə ağlarsan?
Bağrımla yürəgim nə dağlarsan?
Keçmiş mənim günimi nə andırarsan?
Hey, ana! Ərəbi atlar olan yerdə
Bir qulunı olmazmı olur?
Qızıl dəvələr olan yerdə
Bir köşəgi olmazmı olur?
Ağca qoyunlar olan yerdə
Bir quzıcığı olmazmı olur?
Sən sağ ol, qadın ana, babam sağ olsun,
Bir mənim kibi oğul bulınmazmı olur?” (D-548).

Uruz Qazan tutulanda uşaq imiş. Böyük oğlan olduğu vaxt bir kişidən atasının dustaq olduğunu eşidir. Onun tələbi ilə əmisi Qaragünənin başçılığı altında qoşun düzəldir, Qazanı azad etməyə gedirlər. Uruzun böyük şücaət göstərməsi ilə Qazan zindandan xilas edilir, düşməndən intiqam alırlar.

Kamal Abdulla