"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

U

ULAŞ OĞLI SALUR QAZAN

ULAŞ OĞLI SALUR QAZAN – KDQ-nin baş qəhrəmanı. “Salur Qazanın evi yağmalandığı boy” (II) Salur Qazanın adı ilə bağlıdır. Salur Qazana həsr olunmuş bu boy onu xarakterizə edən bu sətirlərlə başlayır: “...Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti, qalmış yigit arxası Salur Qazan yerindən durmışdı” (D-3512).

Oğuzun bütün dövlət işini Qazan aparır. Qazan Oğuz üçün, xalq üçün doğrudan da ümidgahdır, arxadır. O, öz şəxsi mənafeyini güdmür, hər şeyi xalq üçün edir. Oğuz məmləkətinə hardan bir hücum, basqın təhlükəsi olsa, Qazanın özünü ora yetirməsilə düşmən məğlub olur.

Qazan öz müstəsna şücaəti ilə başqalarından fərqlənir. O, son dərəcə böyük bir qüvvətə, gücə malikdir, məğlubedilməz surətdir. O, hansı cəbhəyə gedirsə, zəfər qazanır. Düşmən onu ancaq yeddi günlük yuxuya getdiyi zaman tutub əsir aparır. Qazanın başçılığı altında Oğuzda olan möhkəm intizam və könüllü tabelik qaydasına görədir ki, hamı Qazanın arxasınca birgə döyüşə girir. Qazan varlığı ilə xalqa bağlıdır. O, üç ildə bir dəfə özünün varidatını xalqa paylayır. Yalnız arvadının əlindən tutub evindən çıxır. Bu, Qazanın böyük humanizmindən irəli gəlir.

Qazan həm də təmiz əxlaqlı, pak ürəkli bir ərdir, ailə başçısıdır. O, öz həyat yoldaşı, igid qadını Burla Xatuna yüksək hörmət bəsləyir, ehtiram edir, ağıllı məsləhətlərini dinləyib, əməl edir.