"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

T

TUMANIN QALASI

TUMANIN QALASI – (Etno-toponim). KDQ-də 4 dəfə adı çəkilir (XI, D–2726, 2731, 2744, 2827). XI boyda qeyd edilir ki, Qazan xan Trabuzon Təkürünün göndərdiyi şahinlə ova çıxır. Şahin ov dalınca uçur. Tumanın qalasına gedib düşür. Quşun dalınca at surən Qazan xanı qalaya çatmamış bir mənzildə yuxu tutur və kiçik ölüm adlanan 7 günlük yuxuya gedir. O tərəfdən ova çıxan Tumanın qalasının Təkürü xəbər tutur, onlara hücum edir. Qazanın 25 bəyini şəhid edir, özünü yatmış halda əsir alırlar. Tumanın qalasına gətirib quyuya salırlar.

Dastanda deyilir: “Hələ Qazanı gətirdilər, Tumanın qalasında bir quyuya bıraqdılar. Quyunun ağzına bir dəgirman daşı qodılar” (D-2744). Yaxud da Uruz deyir: “Mərə aya mənim babam ölümüdür, dirimidir?- aydır: “Diridir, Tumanın qalasında tutsaqdır” dedi.

Tumanın qalası Gürcüstanda Kür çayının sağ qollarından biri olan Maşaveri çayı üzərində, indiki Dumanisi (Başkeçid) rayonu ərazisində şəhər xərabəsi (M.F.Kırzıoğlu, O.Şaiq, Ə.Dəmir çizadə, H.Araslı).

Orta əsr və ondan sonrakı dövrlərdə bir sıra qaynaqlarda Tumanın qalası “Dumanis”, “Əski Tomanis”, “Verantomanis”, hətta “Künh-ül Əkbər”də “Tomaniç”, “Salonik tarixi”ndə “Tomanis” kimi qeydə alınmışdr.

M.F.Kırzıoğlu xəbər verir ki, III Sultan Murad dövründə Azərbaycana gələn italiyalı Minadoy əsərində bu qalanın adını “Tomanis” olaraq yazır və qeyd edir ki, buralarda qədimdən bəri Borçalı (Qazax) xalqlarının əqrəbalıq qurduğu “Borsula-Barsel” adlı boya mənsub tərəkəmələr oturmaqdadır. Yaqut Həməvi “Qamus-ul Aləm” əsərində Tiflis yaxınlığında olan Dumanis qəsəbəsinin əhalisinin ipəkçilik sahəsində şöhrətləndiyini bildirir.

Osmanlı ordularının sərkərdəsi Özdəmiroğlu Osman paşanın (XVI) Qafqazdakı hərbi yürüşlərində iştirak edən və bu yürüşlərin zəfər tarixini yazan (“Tarixi-qəzavəti Özdəmiroğlu Osman paşa”) Talikizadə Sübhinin məlumatından aydın olur ki, Osman paşa Gürcüstan hərbi yürüşləri zamanı orada əvvəllər monqollar tərəfindən dağıdılmış bir sıra şəhər və qalalarla qarşılaşmışdır. Belə qalalardan biri də Lori qalası idi. Osman Paşa Lori qalasını bərpa etdirdikdən sonra “Tomanus” qalasına gəlmədi. Bu qala Tiflisə məxsus olub alınması çox çətin və düşmən üçün təhlükəli idi.

Buranı da Monqol-Hülaku orduları xarabaya döndərmiş, hətta Ağqoyunlu Sultan Yaqubun atabəyi olan Sofi Xəlil tərəfindən inşa edilmiş iki minarəli məscid də dağıdılmış, minarələr isə uçurulub yerlə yeksan edilmişdi. Osman paşa Tomanis qalasını və məscidi də (1584) yenidən təmir və bərpa etdirmişdir (M.F.Kırzıoğlu).

Bəzi Gürcü qaynaqlarında XI-XII əsrlərdə Dumanisi şəhəri tipik orta əsr müsəlman və xristiyan şəhəri kimi səciyyələndirilir.

Sultan Məlik şah dövrü, xüsusən 1076-1080 illər orta əsr gürcü qaynaqlarında Gürcüstanın böyük türk işğalı dövrü adlanır (“Didi Türkoba”). Bu illərdə Səlcuqilər Orta Asiyadan Aralıq dənizinə qədər, bütün İranı, Ərəb İraqını, Kiçik Asiyanı, Gürcüstanı, Azərbaycanı, Dərbəndi, Bizans dövlətlərinin bir çox şəhərlərini işğal etmiş, böyük bir imperiya yaratmışdılar.

Dumanisi 1123 ilə qədər Səlcuqilərin əlində olmuş, 1123 ildə qurucu David tərəfindən azad edilmişdir (Истории Грузии. XI-XII vv. Тбилиси, 1974).

“Tuman”/”Duman” xanlığı və “Tuman” ad anlamının Türk xalqlarının qədim tarix mənşəyi ilə bağlı olması şəksizdir. Bu barədə qədim və orta əsr qaynaqlarından istənilən qədər misal gətirmək mümkündür. “Tuman xanlığı” barədə fikirlər hələ qədim Hun imperiyasına aiddir. Çin qaynaqlarında da rast gəlirik. Çin tarixçisi (e.ə. 145-87) Sım Sisyan “Tarixi qeydlər” adlı əsərində köçəri hunların qüdrətli, adlı-sanlı tayfa başçılarından, xanlarından söhbət edərkən e.ə. III əsrdə hunların (Duxnu) görkəmli hərbi başçılarının (Şanyuların) Tuman adlandırıldığını qeyd edir.

İbn-əl-Əsir (XII) yazır ki, 735 ildə Mərvan ibn-Məhəmməd ərməniyyədə hakim olduğu zaman iki tərəfə ordu göndərdi. Ordunun bir hissəsi Allan tərəfdə üç qala fəth etdi, o biri hissəsi Tuman şahının üstünə gedərək onun əhalisini sülhə məcbur etdi... Daha sonra 738-39 ildə isə İshaq ibn Səmd əl Üqed Tuman şahla müharibə edərək qalalarını ələ keçirdi.

A.Bakıxanova görə “Tuman” mülkü ya hardaq, ya da... qaytaq ölkəsidir ki, Şamxal və Üsmi mülklərinin aşağı hissəsini təşkil edir. O belə bir şərh də verir: “İndra kəndinin Tumanlar adlı bir məhəlləsi də vardır... Başlı yaxınlığında olan Tumanlar kəndi də Tuman şah tayfasının qalığı olmalıdır. Onları buraya Nuşirəvan yerləşdirmişdir (531-578).

Araşdırmalarda XV yüzilliyə aid köçəri Özbək uluslarının siyahısında Tuman, Tuman-minq (çox güman ki, min ailə deməkdir), Tubay-Tuman tayfa adlarına da rast gəlirik. Burada “Tuman”, “Tuman şahlığı”nın Tuman vilayəti (Sibirlə) ilə qədim köklü əlaqəsi də aydınlaşır.

Tuman xan və Tumanın qalası barədə “Kua-Ti-çi” adlanan qədim Çin coğrafiya ensiklopediyasında da məlumat verilir. Burada, Çinlə Orta Asiya sərhəddində Sarı çay vadilərinin şimali- qərbində hunların yurd yerləri xatırlanarkən Metenin atası Tuman xanın və onun şəhər qalasının da adı çəkilir. Bu məlumatlar sonrakı qaynaqlarda da təsdiq olunur. Aydın olur ki, Tuman xanın qalası Orxun və Altay dağlarına gedən əsas yolun üstündə imiş. Tumanın qalası e.ə. təxminən ildə müdafiə məqsədilə çəkilmiş ilk qalalardan biri olduğu ehtimal edilir.

Türk dünyasının möhtəşəm abidəsi “Oğuznamə”də Düylü xanın ölümündən sonra Dədə Qorqud onun dünyaya gəlmiş oğluna da Tuman adı qoyur. Orta əsr ərəb tarixçisi İbn-əl-Əsirin, XIX əsr Azərbaycan tarixçisi A.Bakıxanovun, müasir türk müəllifi B.Ögəlin, F.Sümərin əsərlərində Tuman və Tuman xanlığı haqqında maraqlı məlumatlar vardır.

Tarixi qaynaqlar belə təəssürat yaradır ki, Nüşirəvan dövründə, bəlkə də ondan əvvəllər Tuman şahlığı çox geniş ərazini əhatə etmiş, böyük imperiya səviyyəsində olmuş, vaxtilə müasir bölgələrdə yerləşən Dağıstanın bir hissəsinə, Azərbaycan, Gürcüstan, Ermənistan ərazilərinə də hakim olmuş, haqqında qeyd etdiyimiz Tumanın qalası da bu şahlığın (dövlətin) bir şəhəri olmuşdur.

Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzıoğlu. M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Ögel B. Böyük hun imperiyası. c.I, B., 1992.

Bakıxanov A. Gülüstani-İrəm. B., 1951.

Чалагания И.П. “Иноземная монета в денежном обращении Грузии, V-VII в.в. Тбилиси, 1978.

Kitabi-Dədə Qorqud. B., 1977.