"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

T

TRABUZAN, TRABOZAN, TURABUZAN,
TRABZON, TİRA BOZAN

TRABUZAN, TRABOZAN, TURABUZAN, TRABZON, TİRA BOZAN – KDQ-də VI və XI boylarda adı çəkilir (VI, D-17211, 1722; XI, D-2722). “Dolandı Trabuzana gəldi, bulammadı” (D-1722); “Məgər Trabuzan təkürünün bir əzim görklü məhbub qızı vardı” (D-17211) və ya “Məgər xanım, Trabuzan Təkürü bəglər bəgi Qazana bir şahin göndərmişdi” (D-2722) deyə xatırlanır; daha doğrusu, VI boyda Qanlı Qocanın oğlu Qanturalı Trabuzon Təkürünün qızı sarı donlu Selcan xatunla evlənir. XI boyda Trabuzon təkürü Qazan xana hədiyyə göndərir.

M.F.Kırzıoğlunun məlumatına görə bu şəhər VII əsrdən sonra “Trabezus” və yaxud “Trabizon” da adlanmışdır.

Bu adla bağlı xalq arasında bir sıra qədim rəvayətlər də mövcuddur. Belə qeyd edirlər ki, əvvəllər Trabuzanın adı Xüşid abad (Günəş şəhəri) olub. Digər bir rəvayətdə isə Qanturalının adı ilə əlaqələndirilir. Rəvayətə görə “guya” Qanturalı Selcan xatunla ilk dəfə qarşılaşarkən, sınaq meydanında qəhrəmanlığını burada nümayiş etdirib, barmaqları arasında dəmir pulu elə sıxıb ki, pulun tuğrası (yazısı) silinib itibdir. Ona görə də onun adına tuğra pozan deyilmiş və şəhər də onun adı ilə adlanmışdır”. Bu gün də xalq arasında “yerimiz tuğra pozan” misrası ilə başlanan bir mani də vardır. Trabuzanda olduğu kimi, Ərzincan bölgələrində də güclü, qüvvətli gənclərə tuğra pozan deyirlər.

Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Kırzıoğlu M.F. Dede Korkut Oğuznameleri. İst., 1952.

Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən. B., 1969.