TƏPƏGÖZ VƏ POLİFEM – Folklorun
yaratdığı Siklop obrazı tədqiqatçıları
çoxdan məşğul edir, lakin mövcud
ədəbiyyatda əsasən “Odisseya”dakı
Polifem obrazından bəhs edilir. Sibir,
Qazaxıstan folklorunda təkgözlü nəhənglər
haqqında geniş material toplanmışdır.
Herodot öz “Tarix”ində issedonların
qonşuluğunda arimaspaların (arimaskifcə
tək, spu – göz deməkdir) mövcud
olduğundan xəbər vermişdir.
Təpəgöz haqqında süjetə sarmatların
xələfləri indiki Şimali Qafqaz
sakinlərinin eposunda da rast gəlinir.
Məs., nart eposunun osetin variantında
qəhrəman Uruzmaq ova gedərkən dağın
ətəyində qoyun otaran təkgöz nəhəngə
rast gəlir və nəhəng tərəfindən
əsir alınır. Təpəgöz yuxuya getdikdə
Uruzmaq onun yeganə gözünü dağlayır,
sevimli keçisini kəsərək dərisini əyninə
keçirir, qoyunları isə apararaq nartlara
paylayır.
Qazaxıstanda təkgözlü nəhəng
haqqında yazıya alınmış, çoxsaylı nağıl
variantlarından üçü var ki, söz açırıq,
hər üçü də bir tərəfdən osetin eposu,
digər tərəfdən KDQ-nin “Basat Dəpəgözü
öldürdügi boy”u arasındakı əlaqələri
müəyyənləşdirməyə kömək edir.
Bunlardan birincisini qazax etnoqrafı və
tarixçisi Ç.Vəlixanov qələmə alıb. Bu
mətndə sehrbaz-şaman Çolaq Nadirin
təkgözlü nəhəng olan Albastı üzərində
qələbəsindən danışılır. Bu nağılda Albastı
yalnız zahirən Polifemi xatırladır,
bununla bərabər süjet özü şamanist
təsəvvürlərə bağlı olub tamam başqa
xarakter daşıyır.
Digər iki nağılı P.V.Ostroumov yazıya
almışdır. Birincisi tamamilə Polifem
süjeti ilə uyğun gəlir (adamların
təkgözlü nəhəng tərəfindən mağaraya
salınması, onun kor edilməsi, nəhəngin
qəhrəmanı axtarıb tapmaq məqsədilə
sürünü göz keçirməsi, qəhrəmanın
heyvan dərisini geyərək qaçması).
...Təkgözlü nəhəng haqqında Oğuz
rəvayətləri Firdovsinin “Şahnamə”
eposundakı Zöhhak və İsfəndiyar haqqında
rəvayətlərlə bəzi ümumi cizgilərə
malikdir. Təpəgözün zəif yeri onun
yeganə gözüdür. Basat onun gözünü
deşərək qələbə çalır. Bu motiv “Şahnamə”
də də var. Güclü, tuncbədənli
İsfəndiyarın zəif yerini məhz Simurq
quşu Rüstəmə nişan verir. Nəticədə
pəhləvan Rüstəm İsfəndiyarı gözündən
oxla vuraraq öldürür.
Təpəgöz haqqında süjetin Oğuz
mənşəyini bütün versiyaların bir çox
detalları sübut edir. Məsələn, “Basat
Dəpəgözü öldürdügi boy”da deyilir ki,
köç zamanı Oğuz bəylərindən Aruz
Qoca körpə uşağını itirir – uşağı isə dişi
aslan götürüb bəsləyir. Bu epizod canavarın
götürüb bəslədiyi türk əcdadı
Aşina haqqında şəcərə mifi ilə səsləşir.
Təpəgöz nağılını Oğuz epik ənənəsinə
birləşdirən qəhrəman adları çoxdur.
Burada bir çox Oğuz pəhləvanları
(Salur Qazan, Bayandır xan, Alp Rüstəm,
Bəkdüz Əmən) iştirak edirlər.
Təpəgözün dağlara getməsi, soyğun
çuluq edərək quldura çevrilməsi
motivi Koroğlunun həyatından bəzi
səhnələri xatırladır ki, onlar da Oğuz
epik ənənəsi ilə bağlıdır. Nəhayət, XV
əsrdə Balkanlarda qeydə alınmış nağıl
variantına görə adamyeyən əjdaha səlcuqların
arasında peyda olur (Təpəgöz
oğuzların arasında peyda olduğu kimi).
KDQ-də Qazan Təpəgözü qara əjdahaya
bənzədir.
Beləliklə, Təpəgöz əfsanəsi, qədim
oğuzlarla bağlıdır və ehtimal ki, Oğuzların
Kiçik Asiya və Zaqafqaziyaya köç
etməsindən əvvəl yaranmışdır. Bu rəvayət
bizə məlum olan yeganə Oğuz
epik nümunəsidir ki, burada nağıl-mif
ünsürləri tarixi ünsürlərə nisbətən üstünlük
təşkil edir.
Türkdilli xalqlarında folklorun təkgözlü
nəhəng obrazı ictimai quruluşun
təkamülündən asılı olaraq müxtəlif cür
inkişaf etmişdir. İbtidai icma cəmiyyətində
adamyeyən nəhəng haqqında təsəvvür
türk xalqlarının ovçuluqdan
maldarlıq dövrünə keçməsi zamanı baş
verə bilərdi (qazax versiyasının qəhrəmanı
da ovçudur). Təpəgöz obrazının
tamamilə təsbit olunması artıq oğuzların
maldarlığa keçməsi dövrünə təsadüf
edir.
Beləliklə, Oğuz Siklopu olan Təpəgöz
obrazının “Odisseya” Polifeminin
təciri altında yarandığına inanmaq
çətindir. Doğrudur ki, oğuzlar VII-VIII
əsrlərdə Bizans ilə sıx əlaqələr saxlamışlar.
Ancaq məsələ eposun müxtəlif
xalqlarda tipoloji oxşarlıqlarının olduğunu
göstərir. Unutmaq olmaz ki, Herodot
təkgözlü nəhəng haqqında rəvayətin
Yunanıstana Şərqdən gəldiyini
yazır.
Ədəbiyyat:
“Советская Тюркология”. № 4, 1989.
Xaliq Koroğlu |