"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

T

TƏPƏGÖZ, DƏPƏGÖZ

TƏPƏGÖZ, DƏPƏGÖZ – “Basat Dəpəgözi öldürdügi boy”da (VIII) əsas surətlərdən biri. Orta Asiya rəvayətlərində onun adı “bir gözlü div” və ya “yalnız gözlü div”dir.

İnsan qatilləri təhlükəli varlıqlar, Təpəgöz, Polifem, Sikolop, əjdaha, qırxbaşlı nəhəng divlər kimi obrazlaşmışdır. Araşdırıcılar dünya xalqlarının folklorunda bu tipli 200-dən çox mifik obraz qeydə almışlar. KDQ-nin Təpəgözü yarıinsan, yarımifoloji varlıqdır. Atası Oğuz çobanı, anası Pəri qızıdır. VIII boyda oxuyuruq: “Aruzun bir çobanı vardı. Adına Qonur qoca Sarı çoban derlərdi... Çoban ərkəcə qaqıdı, ilərü vardı. Gördi kim, pəri qızları qanat qanada bağlamışlar, uçarlar. Çoban kəpənəgini üzərlərinə atdı. Pəri qızının birini tutdı... Pəri qızı qanat urub uçdı. Aydır: “Çoban, yil tamam olıcaq məndə əmanətin var, gəl, al! dedi. – Amma Oğuzun başına zaval gətürdün”. (D-21410) Aruz yolda tapdığı Dəpəgözi oğlu Basatla birlikdə böyüdür. Həmin boyun sonunda Basat Təpəgözü dizi üzərinə çökdürür və qılıncıyla boynunu vurur.