"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

Ş

ŞEİR SİNTAKSİSİ

ŞEİR SİNTAKSİSİ – Dastanın sintaktik vahidlərinin – söz birləşmələri və cümlələrin leksik sistemi göstərir ki, bu, yaradılışında nəsr sintaksisi olmayıb; ilkin poetik formaların sonrakı şəkil dəyişdirmələri nəticəsində gəldikcə zəmanə katiblərin – yazıya alanların əli ilə onda az-çox nəsrləşdirmə işi aparmışdır. Bununla belə, dəyişmə əməliyyatları dastanın dilini ilkin poetik mahiyyətdən “təmizləyə” bilməmişdir, başlanğıcında onun şeir dili olmasına dəlalət edən çoxlu faktorlar qalmışdır. Əlbəttə, “Kitab”ın müxtəlif naşirlərinin şeir kimi düzdükləri parçaları nəzərdə tutmuruq. Hərçənd həmin parçalar hər yerdə və bütün detalları ilə bugünkü türk anlayışının bütün tələblərinə cavab vermir. Bu parçalarda şeirlik faktoru kimi gah alliterasiya, gah qafiyə, gah sadəcə, heca sayı, gah da bunların hər üçünün bütövlüyü şeir təzahürü kimi alınır. Biz də həmin naşirlərin işinə qoşuluruq və hesab edirik ki, bu əlamət sinkretikliyi qədim türk şeiri prinsiplərinin xalq təzahürləridir. Əlavə olaraq deyirik ki, dastanın nəsr kimi verilən hissələri də şeirlə və ya şeir tələblərini ödəyən qisimlərlə doludur. Sintaktik vahidlərin düzülüşündə, prosodik təşkilində qədim şeir arxitektonikası özünü göstərir. Söz birləşmələri və cümlələrdə alliterasiya (söz əvvəlinin ahəngi), qafiyə (söz sonunun ahəngi və sintaktik paralelizm (ritm simmetriyası) kimi yer tutur. Bu əlamətlər həmin faktorlardır ki, “Kitab” naşirlərinin şeir kimi düzdüyü hissələr məhz onlarla səciyyələnir. Sintaqmatik təzahürlərin hamısı ritmik tənəffüslə müşayiət olunur. Naşirlərin nəsr kimi verdiyi hissələrdən fikrimizi əsaslandıran bir neçə örnəyin üstündə dayanaq.

1. Bu halları gördüyündə Qazanın qara qıyma gözləri qan-yaş toldu. Qan tamarları qaynadı. Qara bağrı sarsıldı. Qonur atını ökçələdi; Kafər keçdiyi yola düşdi, getdi (“Salur Qazanın evi yağmalandığı boy”).

Bu, nəsr sintaksisi kimi bir abzasdır. Ancaq cümlələrdəki sözlərin fonetik başlanğıcı, söz əvvəlinin sistemli harmoniyası nəsr dilinə məxsus keyfiyyət deyil. Əgər biz burada alliterasiyanı görmürüksə, bəs onda alliterasiya şeri necə olur? Dastanda müxtəlif naşirlərin alliterasiya şeri kimi verdiyi parçaların prinsipi üzrə bu da şeirdir:

Bu halları gördüyündə
Qazanın qara qıyma gözləri
Qan-yaş toldı.
Qan tamarları qaynadı.
Qonur atını ökçələdi;
Kafər keçdiyi yola düşdi
Getdi.

Xalis şeirdir. İlk misrada alliterasiya yoxdur. Ancaq iki ritmik hissədən (2x4) ibarət 8 hecalı bir misradır. Yeddi və səkkizinci misralarda gözlənilən k(g) yerinə k/g gəlir. Ancaq əvvələn, bunların özündə k/g alliterasiyası var: kafər keçdiyi /keçdigi – getdi/ getdi; ikincisi, müxtəlif türk dillərində və ya bir türk dilinin tarixinin müxtəlif mərhələlərində g-k (g-k), k-g səs uyğunluqları olmuşdur (bunu da unutmaq olmaz ki, “kafer” sözü alınma olduğundan, şübhəsiz, hansı qədim türk sözünü isə əvəz etmişdir). Şerə aid başqa cəhət: psixoloji gərginlik, dramatizm misra-cümlədən misra-cümləyə artır, hətta son cümlənin xəbərləri atın çapış ritmini verir, “getdi” söz misrası uzaqlaşan atın son ayaq səsinin assosiasiyasını yaradır. Düzdür, bəzi sintaktik nümunələrdə alliterasiya nisbətən zəifləyir, seyrəkləşir, ancaq hər halda o, deyilişdə qulaqla duyulur, oxunuşda gözlə görünür:

“Həmən dəm at saldı. Yel gibi yetdi, yələm gibi yapışdı. Kafərin çiyninə bir qılıc urdu.

Geyimini-kecimini toğradı. Altı barmaq dərinliyi zəhm irişdirdi. Qara qanı şorladı. Qara soğrı saqmanı tolu qan oldi. Qara başı bunaldı, bunlu oldi. Haman döndi. Qələyə qaçdı. Yegnək ardından yetdi, hansı qapusına girmişkən qara polat üz qılıcı ənsəsinə eylə çaldı ki, başı top gibi yerə düşdi” (D-210).

Əlbəttə, alliterasiya sistem halında deyil, ancaq var: yel gibi yetdi, yələm gibi yapışdı; Yegnək yetdi; qara qanı şorladı, qara soqmanı qan oldu, qara başı bunaldı, qələyə kaçdı, qara qılıq (hələ söz içindəki səslər də şeir ritminə xidmət göstərir; “qara saqrı soqma” silsiləsində q, “başı yerə düşdi” birləşməsində ş və s.). Bu alliterasiya sisteminin seyrəkləşdirilməsi sonrakı nəsrləşdirmə işindən gəlir. Verdiyimiz örnəklərdə Drezden və Vatikan katiblərinin fərqinə diqqət edək: birinci misalda Drezdendəki “Qara bağrı sarsıldı” misrasından sonra Vatikan nüsxəsində “Yüreyi oynadı” misrası artırılır. Əlavə əvvəlki misraya məntiqcə çox güclü bağlıdır, ancaq alliterasiya prinsipi pozulmuşdur. Yaxud ikinci misalda “Qara qanı şorladı” cümləmisrasında Vatikan “qoynı doldı” sözlərinə artırılır-alliterasiya ölçüsü saxlanır. Deməli, köçürənlər müxtəlif səviyyədə artırma-əksiltmələr edirlər.

2) İraqından-yaqınından gəlişdilər. Gizlü yaqa tutuban iləşdilər. Tatlı damağ verübən soruşdular. Ağ-boz binübən yortuşdular. Vəg babası yanına irişdilər (“Qanlı qoca Qanturalı boyu” (D-2006).

Əvvələn, cümlələrin sonu qafiyədir: gəliş, iyləş, soruş, yortuş, iriş. (Hətta 3-cü, 4-cü xəbərlər qalın saitlərdir, 5-ci, 1-ci və 2-ci kimi incə saitlə gəlir). Bu isə misra deməkdir; cümləmisranın hər birində ilk və son təqtilər 4 hecalıdır; irağından... gəlmişdilər, gizlü yaqa... iləşdilər və s. Aralıqdakı sözlər gah dörd (yaqınından), gah üç (verübən) hecalıdır. Bu halda ilk misra örnək olmalıdır – sözlərin morfoloji qəlibi uyğundur: iraq-ın-dan, yaqın-ın307 dan. Deməli, dəyişiklik sonrakılarda gəlib. Məlumdur ki, türkcələrin tarixində və bilavasitə “Kitab”ın özündə - ıban feli bağlaması həm də -ıbanı şəklində işlənir. Nəhayət, sonuncu misrada mənsubiyyət şəkilçisi olmuş “ki” sazla oxunuşda ozan onu ikinci təqtlə deyir. Beləliklə, hər misrası 4 hecalı 4 təqtdən ibarət şeir alınır:

İrağından – /yaqınından/ gəlişdilər,
Gizlü yaqa (tutubanı) iləşdilər,
Tatlu damağ /verübəni/ soruşdular,
Ağ-boz atlar /binübəni/ yortuşdular,
Bəg babası /nun yanına/ irişdilər.
Deyək ki, həmin misalın ardınca gələn bu parçada ilk baxışda şeirlik heç görünmür:

Babası oğlancığın gördi. Allaha şükürlər eylədi. Oğlilə gəlinilə Qanlı qoca Oğuza girdi...

Əvvələn qafiyə: gördü-girdi. Oğlilə və gəlinilə sözlərinin bütöv qrammatik formasında desən (oğlu ilə, gəlini ilə) 9 hecalı 4 misra alınar.

Yaxud yenə:

Qamğan oğlı Xan Bayındır yerindən turmışdı
Qara yerün ağban evün dikmişdi.

Ala seyvan (Odök) üzinə aşanmışdı. Bin yerdə ipək xalıçası döşənmişdi. İç Oğuz bəyləri söhbətinə dərilmişdi. Yemə-içmə idi” (D-20113).

Qədim ozan üçün misradakı sözlərin həcmi yox, hecaların sayı əsas olmuşdur. Ozan dastanı musiqinin müşayiəti ilə dediyindən sözləri yox, hecaları qruplaşdırmışdır (qədim heca şerini eyni kimi almaq tarixiliyə müğayər olardı).

Qorqud şerində ritm cümlənin (misranın) əvvəlində və ya sonunda, yaxud ya əvvəlində, ya sonunda daha güclü olur – həmin məqamda söz ilə heca qrupu üst-üstə düşür. Bunu nəzərə alanda – cümlələrin ilk və son sözlərinə diqqət verib, üstünlük təşkil edən ritmlərin təqtini götürmək gərəkdir. Bu misalda cümlə əvvəli təqt 4 hecalı vahid alınır (Qamğan oğlu: qara yerün, ala seyvan və s.). Cümlə axırı (misra axırı) təqt kimi yenə 4 hecalı vahid müvafiq gəlir (aşanmışdı, döşənmişdi – təsadüfi deyil ki, bunlar qafiyəliliyi də saxlamışlar). Bütün bunları nəzərə alaraq şeri təxminən belə bərpa etmək olar:

Qamğan oğlı. Xan Bayandır
/öz yerindən/ turmuş idi.
Qara yerün /üzərinə /ağban evün/ dikmiş idi.
Ala seyvan /gök yüzinə/ aşanmışdı.
Bin yerdə i/pək xalçası/ döşənmişdi
İç Oğuz bəg/ləri söhbə/tinə dəril/mişdi,
Yemə-/içmə idi.

Bəzən elə elementar pozuntular olur ki, kor-kor, gör-gör aydın görünür. Atası Qazan bəyə Uruz deyir:

“A bəg baba! Dəvəcə böyümişsən, köşəkcə ağlun yoq. Dəpəcə böyümişsən, tarıca ağlun yoq. Hünəri oğul atadanmı görər, yoxsa atalar oğuldanmı ögrənür?” (D-1259).

Müqayisəyə diqqət verək: oğul atadanmı, atalar oğuldanmı öyrənər. Birinci halda, oğul-ata qarşılığında subyektlər təkbətək görünür. İkinci halda, tərəflərin nisbəti pozulur: atalar-oğlu. Halbuki olmalı idi: ata-oğul. Deməli, köçürən mətnin şeir, ya nəsr olmasının fərqinə varmayıb. Şeirsiz nəsrsiz bu, adi məntiqcə də yanlışdır (hələ, bu bir çatan iş neçənci köçürənindir? Yəqin əvvəlki köçürənlərdə fərqlər daha az olub). Mətnin liqvo-poetik təhlili göstərir ki, “a bəg baba” xitab kimi, “hünəri” sözü məntiqi vurğu ilə şerin vəznindən kənara çıxarılır və hecalar təxminən belə nizamlanır:

A bəg baba!
Dəvəcə böyümişsən,
Köşəkcə ağlun yoq,
Dəpəcə böyümişsən,
Tarıca ağlun yoq.
Hünəri
Oğul atadanmı /görər öyrənər – 6+5:11
Yoxsa ata oğul/danmı öyrənər – 6+5:11

Misalları “Dədə Qorqud kitabı”nın mətni qədər artırmaq olar. Ancaq daha bir-iki örnəklə kifayətlənək. Dastanda belə atalar sözü işlənir: At ayağı külik, ozan dili çevik olur (D-57). Şəksiz, əsli budur: 8 hecalı iki misra:

At ayağı külik olur,
Ozan dili çevik olur.

Bunu qafiyələr də tələb edir (külik- çevik), dörd-dörd ayrılan təqtlər də. Yenə bunun harası nəsrdir:

Yumuru- yumuru ağladı, yanıq çigercigüni tağladı (s. 56) – hələ nəzərə alsaq ki, ağlamaq felinin əslində y var, alliterasiya daha da sıxlaşır. Qafiyə də göz qabağında:

Yumuru-yumuru ağladı,
Yanıq cigercügini tağladı –

Maraqlıdır ki, qafiyə olan yerdə misraların heca sayı bir-birini izləməyə bilir. Qafiyəsiz yerlərdə isə heca ölçüləri küll halında tamamlaşmayanda, heç olmasa, biri gözlənir. Yaxud belə demək olar: köçürənlər “Kitab”ın şerini pozarkən, hardasa əlamətlərdən birini”unutmuşlar”. Görünür, mətnin əslində alliterasiya və heca təcrid olunmamış, bir-birini izləmiş, bir-birini müşayiət etmişdir:

Dirsə xanın Xatunu qayıtdı, gerü döndü Qatlanmadı.

Qırq incə qızı boyuna aldı. Bədəvi atu binüb oğlancığın isteyü getdi. Qışda-yazda qarı-buzu ərinməyən Qazılıq tağına gəldi çatdı. Alçaqdan yuca yerlərə çapub çıqdı. Baqsa-görsə bir dərənin içinə qarğa-quzğun enər-çıqar, qonar-qalqar... “ (D-26).

Burada gözlə görünən alliterasiya var: Dirsə döndi; xanın xatunu; qayıtdıqatlanmadı qırq-qızı; yuca yerlər; çapub- çıqdı və s. Ancaq bunlar qədim alliterasiyanın qalığıdır. Nəzərə alaq ki, türkcənin qədim dövrlərində q səsinin artikulyasiyaya qarşılığı çoxdur: q-k, q-q (köklü sözündəki k/q-q, q-ğ, q-h, q-x/ təsadüfi deyil ki, dastanda ən çox alliterasiyaya düşən səslərdən biri qdır). Həmin ölçü ilə yanaşanda dastanın yaradılışında mətnin əvvəlindəki alliterasiya bu diapazonda qavranmalıdır; xanın xatuni – qayıtdı – gerü – qatlanmadı – qırq qızı. Mətndə təsvir sərtləşdikcə ənginə – apogeyə yaxınlaşdıqca dildə psixoloji vəziyyətin harmoniyasını göstərmək üçün alliterasiya hecaya güzəştə gedir:

Qışda-yazda /qarı-buzı/ əriməyən – 4+4+4
Qazılıq tağına /gəldi çıqdı – 6/?/4
Alçaqdan yu /ca yerlərə/çapub çıqdı – 4+4+4
Baqsa-görsə /bir dərənin/içinə – 4+4+(3(?)
Qarğa-quzğun /enər-çıqar,/qonar-qalqar – 4+4+4

Son misralardakı dörd heca – dörd heca qruplaşmış “baqsa-görsə qarğaquzğun, enər-çıqar, qonar-qalqar” sözlərinin ardıcıl düzülüşündə nigaran ananın ürək döyüntüsünün əks-sədasına uyğun ritm verilir. Bu, şeir sintaksisidir. Ritmə başqa bir örnək daha:

“Ağzun qurusun, ana. Dilün çürüsün ana” (D-53) – qarğış 7 hecalı iki misradır, qafiyəsi də var: quru-çürü. Bu öz yerində. Ancaq saitlərin düzülüşünə baxaq: birinci misrada qalın, ikincidə incə saitlər bir-birini izləyir. Demək, bunlar iki cümlə deyil, iki misradır – cümlələr şeir sintaksisinin məhsulu ol309 duğuna görə melodiya üçün səslərin iki cür düzümü nəzərə alınıb.

Bununla örnəklərə “yum verəlim”:

“Oğlan böylə degəc bıldır-bıldır gözünün yaşı rəvan oldi. Boyi uzun, beli incə Burla xatın boyninə qulağun aldı. Düşdi. Güz alması gibi al yanağun tutdi, yırtdı. Qarğu gibi qara saçını yoldi. “Oğul! Oğul!” deyübən zarlıq qıldı. Ağladı“ (D-64).

Cümlələrin sonunda xəbərlərin qafiyəsi göz qabağındadır: oldi-aldı, tutdi- yırtdı, yoldi-qıldı. Zahirən bu bizə çatan “Kitab”ın yazıya alındığı dövrdə türkcələrin səcli nəsrinə bənzəyir:

“Səlam verdim, rüşvət deyildir deyə almadılar. Hökm göstərdim, faidəsizdir deyü mültəfit olmadılar” (Füzuli. “Şikayətnamə”).

Ancaq bunların kökü müxtəlifdir; birinci vəzn ölçüləri pozulmuş, nəsrləşdirilmiş qədim türk şerinin qalıq-izləridir, ikinci, ərəb səcli nəsr poetikasının türkcədə təzahürlərindən biridir. “Dədə Qorqud kitabı”nda tək-tük sintaktik vahidlər var ki, onlar da poetik əlamətlərin (alliterasiya, qafiyə, heca nizamı) kompleksi və ya ayrı-ayrı təzahürləri orada əks olunmasın. Yəqin ki, belə nümunələr sonrakı yazıya alınmalarında, dastanın poetik formaca arxaikləşməsi ilə bağlı, qədim alliterasiya şerinin gərəyincə dərk edilməsi nəticəsində aparılmış nəsrləşdirmə işinin məhsuludur.

Deyənlər var: əgər dastan bütöv şeirdirsə, təhkiyə necə gedir? Cavab: məsələn, “Manas”da, yaxud orta əsrlərə aid və daha sonrakı mənzum hekayələrimizdə təhkiyə necə gedirsə, elə.

Yəni hekayət mənzum şəkildə söylənir (daha sonralar mənzum romanlar həmin ənənələrdən doğuldu – başqa sənət sahələrində olduğu kimi, söz sənətində də misallar qədim, unudulmuş, görünən əcdadlarına qayıdıb).

Deyənlər var, harada ki bir parçanı çıxdın, mətnin ardıcıllığı pozulmadı, həmin parça şeirdir. Cavab: bu, müasir dastan poetikasından çıxış etməkdir: məsələn, “Koroğlu”da, “Əsli və Kərəm” də olduğu kimi. Doğrudan da, onlarda şeir əsla süjeti irəli aparmır, konkret hadisənin təsvirində ancaq emosiya əlavə edir. “Dədə Qorqud kitabı”nda süjeti davam etdirməyə şeirlər çox azdır. Müxtəlif naşirlərin şeir kimi verdiyi parçalarda süjet əksərən davam etdirilir; şeir olmasına heç kəsin şübhə etmədiyi soylamalarda mükalimələr gedir, yuxu danışılır, and içilir, əhd-peyman bağlanılır və s.

“Dədə Qorqud kitabı”nın bütövlükdə şeir olması orada da görünür ki, şeir kimi verilən parçalar müxtəlif naşirlərdə üst-üstə düşmür (məsələn, H.Araslı, O.Şaiq, M.Ergin, F.Zeynalovla S.Əlizadə nəşrlərini müqayisə edin). Bu o deməkdir ki, hansı mətn parçasındasa biri şeri düzüb, digəri yox. Yəni bu şeir arxaikdir, onu hərə bir cür qavramaqda sərbəstdir. Naşirlərin hamısında əsasən şeir kimi etibar olunan soylama adı ilə gedən hissələrdir. Həqiqətən, bu soylamalar müasir dastanlardakı şeirlə deyimlərə, “sözlə deyilmişlərin sazla deyilməsinin” ekvivalentidir. Yəqin ki, Qorqudun dastanı əvvəldən-axıra sazla deyilib. Bizcə, dastanın təhkiyə-nəzm hissəsi sakit, bəm, soylama-nəzm hissələri isə coşqun, zil melodiyalarla işlənmişdir; soylamalarda təxminən bugünkü mahnı-şarqı avazı olmuş, qalan yerlər – təhkiyə-nəzm hissələr melodiyanın müşayiəti ilə avazsız söylənmişdir. Sonralar ağızda yaşadılmaması, məclislərdə deyilməməsi, xalqda yayılmaması da dastanımızın forması ilə bağlıdır; bu adi dastan deyil, şeirdir, orta əsrlərdən hər aşıq-ozan onu ifa edə bil310 məyib formaca arxaikləşdiyi kimi, dastanın ifaçılıq vərdişi də unudulub.

Deyilənlərdən aydın olur ki:

1) bu, nəsr sintaksisi deyil. Sintaksisin leksik-promorfik xüsusiyyətlərinin kompleks halında təhlili göstərir ki, Dədə Qorqud oğuznaməsi başlanğıcında şeirlə yaradılmışdır;

2) “Dədə Qorqud” sintaksinin əcnəbi təsirə düşməməsinin birinci səbəbi də odur ki, bu sintaksis şer texnikası üzrə qurulmuşdur – əcnəbi təsir milli şerimizin leksikasında olmuşdur;

3) alliterasiya və heca vəzni türkcə şeirdə eyni dərəcədə başlanğıcdır;

4) “Dədə Qorqud kitabı” XV əsrdə yazıya hökmən başqa – daha qədim bir nüsxədən köçürülüb. Əgər o, XV yüzillikdə ilk dəfə yazıya alınsa idi, ən azı “Şəhriyar” dastanının dili kimi redaktə olunardı (“Şəhriyar”ın dilində ən adi, işlək xalq sözlərinin fars izafəti ilə üsluba uyğunlaşdırılmış şəkildə verilməsinə diqqət yetirin: ey anayi mehriban, ey madəri mehriban, ey atayi mehriban, qariyi birəhm). Belə ifadə tərzi “Dədə Qorqud kitabı”nın dilinə yabançıdır.

Tofiq Hacıyev