"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

S

SU

SU – KDQ-də su belə xatırlanır: “Ulaşuban sular daşsa, dəniz dolmaz” (D-33), “Adam içməz acı sular sızınca, sızmasa yeg” (D-48), “Sovuq-sovuq suları sana içət olsun” (D-1181), “Qanlu- qanlu sular əsən olsa, qanın düşər” (D-1452), “Aqındılı görklü suyumun daşqunı qardaş!” (D-2238) və s.

Xalq inam və etiqadlarında suyun canlı, deyiləni başa düşməsi zənn olunub. Bu yön öz əksini KDQ-də də gərəyincə tapmışdır. “Salur Qazanın evi yağmalandığı boy”da Qazan xan evinin kimlərin yağmaladığını, yəni çalıb- çapdığını öyrənmək üçün “Su haq dizarın görmüşdür, bən bu su ilə xəbərləşəyim” (D-451) – deyir. Həmin xəbərləşmə belədir:

“Çağnam-çağnam qayalardan çıqan su,
Ağac gəmiləri oynadan su,
Həsənlə Hüseynin həsrəti su,
Bağ və bostanın ziynəti su,
Ayişə ilə Fatimənin nigahı su,
Şahbaz atlar gəlüb içdigi su,
Qızıl dəvələr gəlüb keçdigi su!
Ağ qoyunlar gəlüb çevrəsində yatduğı su,
Ordumun xəbərin bilürmisin, degil mana!
Qara başım qurban olsun, suyum, sana!” (D-453).

Yaxud yenə də abidənin “Dirsə xan oğlı Buğac xan boyu”nda oğlunu ölümcül yaralanmış görən ana bunu Qazılıq dağındakı suyun işi bilir və ona belə qarğış söyləyir:

“Aqar sənin suların, Qazılıq dağı,
Aqar kibi, aqmaz olsun!” (D-278).

Elə bu andaca özünə gələn oğul Buğac anasına deyir ki:

“Aqar” ayıda sularına qarğamağıl,
Qazlıq dağının günahı yoqdur” (D-285).

KDQ-də, ümumiyyətlə, sudan söz düşəndə o, “böyük-böyük su”, “qanlıqanlı su”, “soyuq-soyuq su”, “daşqındaşqın su” deyimləri ilə xatırlanır. Amma axar sudan danışanda burada mütləq “görklü”, yəni “müqəddəs” kəlməsi də deyilir və oğuzlar da bu görklü suyu eləbelə keçməzlərmiş. Onlar yalnız xoş məramlı istəklər diləyəndə və buna uğurlu cavab aldıqda “aqındılı görklü suyu” keçərmişlər. Dədə Qorqud Bamsı Beyrək üçün Banıçiçəyi, Qanturalı Selcanı istəməyə gələndə qız adamları bu gəlişin səbəbini soruşurlar. Onlar da ayrı- ayrılıqda “Aqındılı suyını keçməgə gəlmişəm!” (D-1766) – deyə cavab verirlər.

Dustaqlıqdan qayıdıb gələn Bamsı Beyrək bulaq başında bacısına “Sovuq sularını sorar olsam, içət kimün?” (D-10213) sualını verdikdə qız “Sovuqsovuq suları sorar olsan, Ağam Beyrəgin içədiydi; Ağam Beyrək gedəli içərim yoq! (D-1039) – deyə cavab verir. Banıçiçək də Beyrəyin sağ-salamat qayıtması xəbərini qayınatası Baybörə bəyə çatdırarkən “Qanlu-qanlu suların sovğulmışdı, çağladı, axır!” (D-1175) – deyir. Qayınata isə gəlininə başqa şeylərlə yanaşı, “sovuq-sovuq sular”ı da “içət”liyə bağışlayır, muştuluq verir. Dəli Domrul öz canı əvəzinə “ilməkli qada” olan Əzrailə vermək üçün atasından can istədikdə ata oğluna deyir ki, yox oğul, “dünya şirin, can əziz”dir. Qoy Əzrail gəlsin və “sovuq-sovuq binarlarım gərəksə, ana içət olsun!” (D- 1638) – deyir. Qadını isə cavab olaraq “Sovuq-sovuq sularun içər olsam, mənim qanım olsun!” – deyir (D-16810).

Bəhlul Abdulla