"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

Q

QARĞA-QUZĞUN

QARĞA-QUZĞUN – qana həris, leşə qonan quşlardandır. KDQ-də qarğa ilə quzğunun adları çox vaxt bir yerdəqoşa çəkilir. İnam və etiqada, hətta qaynaqların verdiyi xəbərə görə, bu quşlar nə vaxt, harada döyüş-vuruş başlayacağını, qan tökülüb ölüm-itim olacağını öncədən bilir və uçub buraya toplaşırlar. “Dirsə xan oğlı Buğac xan boyı”nda atanın – Dirsə xanın əli ilə oğul – Buğac qışda-yazda qarı-buzı əriməyən Qazılıq dağında ölümcül yaralanır. Ana bir dəstə xanımla oğlunu axtarmağa gəlir. Onlar bir dərəyə qarğa-quzğunun enib-qalxdığını görüb atlarını oraya sürürlər, gəlib Buğacı “alca qana bulaşmış” halda tapırlar. Elə buna görə də, “Qarğa-quzğun qan görüb, oğlanın üstinə qonmaq istərdi” (D-269) sözləri ilə dastançı fikri tamamlayır.

Yaxud “Qanlı qoca oğlı Qanturalı boyı”nda qızını Qanturalıya verməyə məcbur olan Trabzon təkürü sonradan peşman olur. Qızını qaytarmaq üçün onların arxasınca altı yüz döyüşçü göndərir. Selcan da, Qanturalı da bu gələn yağıyla vuruşurlar. Qanturalı döyüşə- döyüşə bir dərəyə enib görünməz olur. Bu vaxt Qanturalının ata-anası gəlir. Qızdan oğlanlarını soruşurlar. Selcan deyir:”Nə yerdə enir-qarışur toz varsa və nə yerdə qarğa-quzğun oynarsa...” (D-1952) Qanturalı oradadır.

Oğuz ellərində alplar, qız-gəlinlər daha çox şahinə, qaza bənzədildiyi halda, düşməndən söz gedəndə, bir qayda olaraq, quzğun yada düşür. Onlar ip üzəngili, keçə börklü, azğın dinli, nəhayət, quzğun dilli kafir adlandırılır.

Bəhlul Abdulla