"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

Q

QARAQUÇ

QARAQUÇ – Yer adı. KDQ-də 6 dəfə adı çəkilir (IV, D-1398, VI, D-19612, XII, D-2932, 2969, 2961, 2993). KDQdə deyilir: “Qaraquçda qazlıq at bundan keçdimi?” (IV, D-1398); XII boyda xəyanətin qurbanı olan Beyrək deyir: “Aruz, mana bu işi edəcəgin bilsəydim! Əgni bərk dəmir donum geyərdim!” (D-2971) və s.

KDQ-də adı çəkilən “Qaraquç” toponiminin Naxçıvan MR-ın Babək rayonu ərazisində olan “Qaracuq” kəndi və Batabat bölgəsindəki “Qaraşuq” (Qaraqoç) yurd adları ilə bağlı olduğunu qeyd edirlər.

XII boyda “Qaraqoç” yer adı 4 dəfə çəkilir. Aydın olur ki, bu yaylaq oğuzların çoxluq təşkil etdiyi və sağ qol adlandırılan İç Oğuz elləri, Qazan xanın hakim olduğu torpaqlardır.

“Bəhrül-Ənsab”da, Rəşidəddinin “Cami-ət Təvarix”ində və “Tarixi Oğuzi Türkan”da, Yazıçıoğlu Əlinin “Səlcuqnamə” əsərində, həmçinin “Oğuznamə”də və digər qaynaqlarda göstərilən məlumatlar təsdiq edir ki, bu ərazilər Azərbaycanın cənubunun müəyyən hissəsini, Naxçıvanı, bütünlükdə indi Ermənistan adlanan torpaqları, Gürcüstanın və Türkiyənin Ermənistan və Gürcüstanla həmsərhəd əyalətlərinin bir hissəsini əhatə etmişdir.

Bu torpaqlar Oğuz bəyləri arasında bölünmüş, o cümlədən də KoqorenKukark, Kale, Ardahan, Axalkələk, Lori, Domanis, Şamqiolda (indiki Şamşoy), Şəmsəddin bəyin (Şirşəmşəddinin) hakimiyyəti altında olmuşdur.

İndi Ermənistan deyilən ərazidə olan “Lori”ni 1921 ilə qədər gürcülər “Çavaxetiya”, Gürcüstanda yaşayan azərbaycanlılar isə “dağ Borçalısı” adlandırmışlar. Bu ərazilər, bir yanı Gürcüstanın Dimanisi və Axalkələk, bir yanı Ermənistanın keçmiş Calaloğlu (Stepanavan) yaşayış məntəqələri ilə sərhədlənən və son hüdudları Türkiyə torpaqlarına dayanan otlaqlarla zəngin böyük dağ silsilələri və ətəkləridir. Həm də Azərbaycanın Qazax mahalının, Gürcüstanın Qaraçöp, Qarayazı, Borçalı əhalisinin qədim yaylaqları olmuşdur. Dumanisidən Türkiyə sınırlarına qədər olan yerlərdə KDQ-ni xatırladan “Barının gölü” (Boz Barını xatırladır), “Ördəkli göl”, “Dibsiz gölü” (xalq arasında Ayğır gölü də deyilir), Koroğlunun Qıratının bu göldən çıxan su atından törədiyi barədə rəvayətlər var. Uruz yaylası və s. yerlər məlumdur. Tarixən yuxarı ellər, sonralar dağ Borçalısı deyilən bu yaylaqlarda ilin bütün fəsillərində qarı-buzu əriməyən dağlar, dərələr var. Dağ silsilələrinin yüksəkliklərində olan “Dibsiz göl” və ona yaxın ərazidə daşlaşmış qoç, qoyun sürüsünü və çiyni çomaqlı çobanı (yanında köpəyini) xatırladan çınqıllıq (dağ yığını) haqqında qədimdən əfsanəvi rəvayətlər yaranmışdır. Yaz, yay, payız aylarında qaz, ördək sürüləri ilə dolu olan “Ördəkli göl”ün adı “Qazlıq dağı” ilə səsləşir.

Burada “qara daş”, “qara arxaç”, “qaranlıq dərə”, “qara yal” və onlarca toponimlər keçmiş adlarında qalır. Ucsuz-bucaqsız otlaqları, çəmənlikləri olan bu yerlər el arasında tarixi məlum olmayan zamanlardan “Qaraxaç” yaylaqları adlanır. Ancaq qaynaqlarda İç Oğuz bəylərinin vətəni hesab edilən bu ərazilərdə kilsə, xaç və xristianlıqla bağlı heç bir abidə və digər nişanə yoxdur.

Bu əlamətlərə əsaslanaraq belə güman edirik ki, bu yaylaqların adı İç Oğuz zamanlarında “Qara qoç” olmuş, ermənilərin bu qədim türk yurdlarında məskunlaşmasından və xristianlığın yayılmasından sonra qədim türk toponimləri erməni adları ilə əvəz olunduğu kimi nə zamansa “Qaraqoç” adı da “Qaraxaç”la əvəz olunmuşdur.

“Qaraqoç”//”ağqoç” həm də türk xalqlarının mifik təfəkkürü, nağıllar, əfsanələr dünyasında xeyir və şəri təmsil edən inamlarla bağlıdır. Bu səbəbdən də “qoç” ad anlamı qədim Sibirdən, Altaydan, Çin sərhədlərindən başlamış, türk xalqları yaşayan bütün ərazilərdə müxtəilf mənalarda sabitləşmişdir. O cümlədən “Kauçan-qoço” (Çinlə həmsərhəd qədim türkü tayfası və yer adı); “Qoçulu” (Gürcüstanda kənd); “Qoç Əhmədli” (Azərbaycanda kənd); “Qızılqoç”, “Qoç” (Ermənistanda kənd); “Xuç”//”Qoç” (Naxçıvan MR-ın Şərur rayonu ərazisində kənd); “Qoçdərə” (Azərbaycanın Tovuz rayonunda kənd); “Qoçor” (Dəli QacarQo çər mənşəlidir) Gürcüstanda yaylaq, yaşayış məntəqəsi); “Qaraquç” (Ermənistan ərazisində yaylaq, dağ); Qoçəli şəxs adı. Qoç Koroğlu (qəhrəmanın titulu, ləqəbi), “Qoçdəvət” (XIX əsrdə Azərbaycanda nəşr edilmiş jurnal); Qacar (Ağa Məhəmməd şah Qacar), Qacer (Qaçer Orut, 1918 ildə ermənilər tərəfindən öldürülmüşdür) adları “qoç” tərkiblidir. “Qöçər” adının təhrif olunmuş deyimidir.

Çox güman ki, “qoç” adının belə geniş məna kəsb etməsi tarixin müəyyən mərhələsində türk xalqlarının iqtisadi həyatında qoyunçuluğun inkişafının əsas yer tutması olmuşdur.

Bu tarixi mərhələlərə qədər nağıl və əsatirlərdə xeyir və şər qüvvələr kimi təmsil olunan “Ağ qoç”, “Qara qoç” sonrakı əsrlərdə birgə ümumi məna və müsbət münasibət qazanmış, rənginin ağından və qarasından asılı olmayaraq müqəddəsləşmiş, bütləşmiş, xeyirbərəkət simvolu kimi dəvə, at və digər heyvanlarla yanaşı, türk dünyasının pərəstişgahına, onqonuna çevrilmişdir. Ona görə də türklər harada yaşamışlarsa, orada da varından, dövlətindən, dəvələrinin, atlarının, qoyun sürülərinin sayından asılı olaraq eldə-obada seçilən- sayılan adamların, bəlkə də elə “Qaraca Çoban” kimi sədaqətli çobanların qəbirləri üzərində dəvə, at heykəlləri ilə yanaşı, qoç heykəlləri də qoyulmuş, bəzi hallarda başdaşları üzərinə heyvan şəkilləri həkk etmişlər. Beləliklə də, heyvanlar əbədi olaraq abidələşmiş, çoxəsrlik müqəddəs xatirələrə çevrilmişdir. Bu baxımdan “Qara qoç” adı, dağ Borçalısı yaylağında “qoç”/ ”qoyun” sürüsünə bənzəyən daşlaşmış abidə – “yolum çınqıl” haqqında nəsillərdən- nəsillərə keçən rəvayətlə bağlı ola bilər. Yuxarıda qeyd edildiyi kimi, yaylağın ilk adının “Qaraxaç” deyil, “Qara qoç” olduğu daha inandırıcıdır. 202

Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Babayev S. Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri. B., 1999.