"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

Q

QAMĞAN OĞLI XAN BAYINDIR,
XANLAR XANI XAN BAYINDIR

QAMĞAN OĞLI XAN BAYINDIR, XANLAR XANI XAN BAYINDIR – “Xanlar xanı”, “padşah” titullu. Bayındır xanın Qam Ğan oğlu adlanması buna dolayı bir göstəricidir, çünki “qam” qədim türklərdə kahin, “qan” isə ata deməkdir. Yazıya alınmış əsatiri rəvayətlərə görə, Bayındır Oğuz xanın övladı Göy xanın oğludur; oğuzların dövləti 24 vahidli idarəçilik sisteminə keçərkən “sağ qol” və “sol qol” adlanan iki əsas siyasi bölümdən birinə o, başçı qoyulmuşdu.

Dastanda bütün qəbilələri, zəif bağlarla olsa da, birləşdirən Bayındır xandır. Lakin buna baxmayaraq, hər qəbilənin başında qəbilə böyüyü, bəy dayanmışdır.

Qəhrəmanlar silsiləsində Bayındır xan başda dayanır. Eposda onun qəhrəmanlığı və vuruşu haqqında heç bir şey verilməmişdir. O, xalqın patriarxı, sərkərdəsi, pirani hakimidir. Basatın ifadəsincə, “qaba aləm” götürən xan Bayındırdır. O, xan oğlu xandır. O, tayfanı döyüşə göndərir, onları qiymətləndirir. Bəxşişlər verir, bəxşişlər alır, qonaqlıqlar təşkil edir. Nəslin artmasına, tayfanın böyüməsinə, salamatlığına məsuldur. Bu surət hərəkətdə verilməmişdir. O, hər il bəyləri, igidləri qonaqladığı kimi, başqa ölkələrdən növbəti xərac alınanda da məclis qurur. O, qaydaları möhkəm qoruyur. Qazan kimi unutqan deyil, bilir ki, bəylər qaydaların pozulmasına dözməzlər.