"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

O

OZAN

OZAN – yaradıcı, ifaçı, daşıyıcı sənətkar, aşığın sələfi. KDQ kimi bir oğuznamənin formalaşması ozan yaradıcılığının qədim tarixi köklərə malik olduğunu sübut edir. Hərgah ozan çox uzaq keçmişdə mövcudiyyət tapıb hərtərəfli inkişaf yolu keçməsəydi, bu abidəni yarada bilməzdi.

KDQ boylarının sonluqları və ümumi məzmunundan göründüyü kimi, Dədə Qorqud bu oğuznamənin yaradıcısıdır. O həm də ozandır, lakin dədə, ata ozandır. Dədə Qorqud çox uzaq keçmişin adamıdır. Boylardan göründüyü kimi, hər şeyə ilk adı o verir. Çətin, müşkül məsələləri o həll edir. Təhlükəli hadisələri o sovuşdurur. Dədə Qorqud həmişə, hər yerdə qalib gəlir. O həm də bir övliyadır. Ozana məxsus əksər keyfiyyətləri özündə birləşdirib. Dediyinə, istədiyinə nail ola bilir. Onun bir ozan kimi funksiyası KDQ-də belə səciyyələndirilmişdir:

“Dəli Qacar qılıncın əlinə aldı. Yuxarısından öygə ilə həmlə qıldı. Dəli bəy dilədi ki, Dədəyi təpərə çala. Dədə Qorqud ayıtdı:

– Çalarsan, əlin qurusun – dedi.

Haqq Taalanın (buyruğuyla) Dəli Qacarın əli yuxarıda asılı qaldı. Zira Dədə Qorqud vilayyət issi idi. Diləyi qəbul oldu”.

Bütün bunlar yalnız Dədə Qorqudla bağlı keyfiyyət deyildir. KDQ boylarında onun kimi ozanlar çoxdur, onlarla tez-tez qarşılaşırıq. Bu ozanlar el-obanı gəzib-dolaşan, – “Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər” – çalıb-oxuyan sənətkarlardır. Boylarda onlar belə alqışlanır: “Elimizdə çalıbayıdan ozan olsun”.

Şüuriyə istinad edən V.V. Bartold yazır ki, “uzanlar” tamburda çalan, nəğmə-türkü oxuyan və oğuznamə söyləyən bir dəstə türk adamları deməkdir.

KDQ boylarından bəlli olur ki, ozan sənətkarlar günlərini həmişə məclislərdə, xalq arasında keçirirmişlər. Gənclərin toy-düyünlərində, müxtəlif mərasim-törənlərdə onlar çalıb- çağırırmışlar. Dastanda deyilir:

“Beyrək Oğuza gəldi. Baxdı gördi, bir ozan gedər.

Aydır:

– Mərə ozan, nə yerə gedərsən?

Ozan aydır:

– Bəy yigit, düyünə gedirəm.

Beyrək aydır:

(Ozan) düyün kimin?

– Yalançı oğlu Yalıncıq (derlər bir kişinindir) – dedi”.

Ozan çox gəzdiyi üçün də çox bilir, haradan desən, oradan, kimdən istəsən, ondan xəbər tutur. Elə bunun üçün də əksər hallarda məşuqələr adaxlılarının, analar oğullarının, bacılar qardaşlarının yerini ozandan soruşur, ozandan öyrənirlər. Məsələn, “Bayburanın oğlu Bamsı Beyrək boyu”nda Beyrəgin “ki- çik qız qardaşı” onu ozan bilib, belə müraciət edir. Bu müraciət ozanın özgə bir keyfiyyətini də ortaya çıxarır:

“Mərə ozan! Qarşı yatan qara dağdan
Aşub gəldiyinə, keçdiyinə
Beyrək adlı bir yigidə buluşmadınmı?
Daşın-dağın suları
Aşub gəldiyinə, keçdiyinə
Beyrək adlı bir yigidə buluşmadınmı?
Ağır, adlı şəhərlərdən (bəri) gəldiyinə
Beyrək adlı bir yigidə buluşmadınmı?
Mərə ozan! Gördünsə, degil mana,
Qara başım qurban olsun, ozan, sana?”

KDQ-də ozanın böyük nüfuz və hörmət sahibi olduğu da səciyyələndirilmişdir. Həm ozanın özünə, həm də qopuz götürüb ozan paltarında gəzən hər hansı şəxsə camaat böyük hörmət bəsləyir. Bir natiq – söyləyici qədər “dildən çevik” olan ozanlar boylardan əsl xalq istedadları kimi keçir. Belə bir cəhət də vurğulanır ki, hətta ozan düşmən olsa belə, onun gəzdirdiyi qopuzun hörmətinə heç kim ona əl qaldırmır. Buradan ozan sənətinin atributlarından sayılan qopuza etiqad, inam da üzə çıxır: “Oğlan sərmərdi, uru durdu. Qılıncının belcağına yapışdı kim, bunu çırpa. Gördü kim, əlində qopuz var, aydır:

– Mərə kafir, Dədəm Qorqud qopuzu hörmətinə çalmadım. Əgər əlində qopuz olmasaydı, ağam başıçün səni iki para qılardım – dedi”.

KDQ-də ozana, onun sənətinə bəslənən münasibət belə bir qənaət doğurur ki, bu ad – titulu daşıyan sənətçi xalq bilicisi, xalq nəğməkarı olmuşdur. Azərbaycan türklərinin təkamülündə mühüm rol oynamış oğuz tayfalarının ən qədim şairi – nəğməkarı, müğənnisi sayılan ozan sehrbazlıq, rəqqaslıq, musiqişünaslıq, həkimlik və buna bənzər qabiliyyətlərə malik yaradıcı kimi aşığın pərvəriş tapdığı yüzilliklərdən çox əvvəlki tarixi kəsimdə çalıb- çağırmış, bu gün əlimizə az bir qismi çatan böyük irs qoyub getmişdir. Bu qədim şairlər altaylar içərisində qam, tunquzlarda şaman, monqol və buryatlarda bo, yaxud bukue, yakutlarda oyun, samoitlərdə tadıben, finovlarda tiotoecoe (baxıcı), qırğızlarda isə baxsı – baxşı ad-titulları ilə tanınmışlar.

Ozanlar yalnız türk xalqları içərisində tanınmamışlar. XIII əsr Misir Məmlük ordalarındakı şair-çalğıçılar da ozan adını daşımışlar.

Ozanlar oğuzlarla bağlı mənqəbələrin yaşama və yayılmasında böyük rol oynamışlar. Qaynaqlardan bəlli olur ki, ozanlar yalnız türk sülalərinin saray və ordularında deyil, monqollar içərisində də böyük nüfuz sahibi olmuş, ordu ilə birlikdə döyüş meydanlarında çalıb- çağırmışlar.

Qədim saq (türk), hun, göytürk və uyğurların (miladdan öncə 7-ci əsrdən eranın 11-ci yüzilliyinədək) geniş mənalı mənqəbə və dastanlarının (“Alp Ər Tonqa”, “Ərkənəqon”, “Oğuz Kağan”, “Törəyiş”, “Bozqurd”, “Köç” və s.) yaranıb- yaşanmasında ozanların rolu az olmamışdır. Xalqın dünyagörüşünün, milli ovqatının, qan yaddaşının, əxlaqi dəyərlərinin yetkinləşməsində mühüm rol oynayan müxtəlif ayinlərin icrasında, xüsusilə sığır-ov (sığır-öküz ovu oğuzların əsas mərasimlərindən olmuş və bu ilk dövrlərdə ziyarət şəklində ke- çirilmişdir), şülən-qurban və yuğmatəm ayinlərində ozan-şairlər də yaxından iştirak etmiş, bu mərasimlərin əsas aparıcılarından olmuşlar.

Latındilli qaynaqların verdiyi bilgiyə görə, ozanlar hələ Atilla dövründən (eranın 5-ci yüzilliyi) və Atilla sarayından başlayaraq, səlcuqilər də daxil olmaqla, XV əsrə kimi qopuzları ilə saraylarda, şənlik və toplanışlarda bahadırları, alpları tərənnüm etmiş, onları tanıdıb-yaşatmışlar. Qədim Türk dövlətlərinin saraylarında, həmçinin Alp Ər Tonqa, Atilla kimi xalq sərkərdələrinin, el qəhrəmanlarının ordusunda ozanşairlər və musiqiçi-nəğməkarlar yaxından fəaliyyət göstərmişlər. Qaynaqlarda Atillanın şəninə keçirilən belə bir ziyarət səhnəsinin təsviri qorunmuşdur: Axşama doğru məşəllər yanan vaxt ipəkdən olan möhtəşəm çadıra iki şairin girdiyini görürlər. Onlar Atillanın qarşısında öz qoşduqları şeirləri oxudular. Bu nəğmələr onun qəhrəmanlarına, zəfərlərinə aid idi. Orada onlar bu nəğmələrin təsiri ilə həyəcana, vəcdə gəldilər... Bir çoxları ağlayırdı. Gənclər arzu və ehtiras, qocalar isə ələm və təəssüf yaşları tökürdülər.

Bu mərasim-törən belə bir qənaət doğurur ki,”...düdüklərin, davulların sədaları ilə bağlı söylənən bu dastani şeirləri tərtib edən şairlər, heç şübhəsiz ki, müasir saz şairlərimizin dədələridi” (M.F.Köprülüzadə), özgə sözlə, ozanlar olmuşdurlar. Bu ozan-dədələrin eradan öncə 7-ci yüzillikdə İran ordularına qarşı döyüşən Alp Ər Tonqanın (“Şahnamə” də Əfrasiyab) ölümü münasibətilə qoşduqları ağıdan bir parça hələ 11-ci yüzillikdə “Divani-lüğət-it türk” vasitəsilə qorunub saxlanmışdır ki, bu lirik örnək xalq şerinin tarixi üçün xüsusi dəyərə malikdir.

“Ozan” söz terminin etimologiyası, hansı mənalarda işlənməsi barədə müxtəlif fikirlər mövcuddur. Bu məsələyə ayrıca diqqət yetirən V.A.Qordlevski “ozan”ın “uzan” şəklini qəbul edərək söz-terminin türk mənşəli ifadə olduğunu qeyd etmişdir. Ozanın “uz” kökündən yaranıb, ibtidai formasının “uzan” olduğu barədə özgə bir ümumiləşdirilmiş qaynaqda deyilir: “Uzan” “uz”dan əmələ gəlmiş faildir ki, müxtəlif şəkildə deyilsə, misranı misra, qafiyəni qafiyə, bəndi bəndlə uzlaşdıran şair, əhvalatı əhvalat, epizodu epizod, süceti sücet, şeri nəsrlə uzlaşdıran dastan çı, musiqi, şeir, təğənni, rəqs və sairəni bir-birilə uzlaşdırmağı bacaran, yəni uzan, düzən, qoşan, yaradan, sənətkar deməkdir” (M.H.Təhmasib). Türk dillərinin bəzi izahlı lüğətlərində də yaradıcı, ifaçı, xalq nəğməkarı və bu kimi mənaları bildirən sənətkar ad-titulu məhz “uzan” şəklində yazılmışdır. Maraqlıdır ki, Azərbaycanın folklor ifa- çıları əksər hallarda ozanı uzan şəklində tələffüz edirlər. Bunu nəşr olunmuş onlarla folklor örnəkləri də təsdiq etməkdədir.

Oğuz mədəniyyətinin önəmli abidələrindən sayılan KDQ dastanlarından, habelə boylarda tez-tez təkrar olunan “At ayağı gölük, ozan dili çevik olur (olar)” həkmətli sözdən, eynilə də xalq arasında dolaşan “Uzaq yerin havasını uzanlar (hozanlar) bilər” və başqa bu kimi onlarla atalar sözü və məsəllərdən yəqin etmək mümkündür ki, ozan bir sənətkar kimi bu dəyərli örnəklərdən də qədim tarixə malikdir.

Ozan (uzan) sənətkarın çoxyönlü yaradıcılıq fəaliyyəti barədə onlarla mülahizələr söylənsə də, onların ən ümumiləşdirilmiş nəticəsi belədir: Ozan, güman etmək olar ki, ozmaq məsdərindən yaranmışdır. İbn Mühənna lüğətində “öncə gəlmək, irəli keçmək” anlamlarını özündə birləşdirən “ozmaq” sözü işlənmişdir. Eyni qaynaqda buna oxşar olan daha iki söz vardır. “Ozqan” (qoşquda birinci gələn itlərə verilən adlardan biri) və “ozuş” (qurtuluş).

Ozanın mifoloci baxımdan izlənilməsi bu mədəniyyətin daha köklü sənət və sənətçi örnəyi olduğunu aşkar edir. Bu qəbil araşdırmalarda ozan Yer ana kompleksi kontekstində izlənilmiş, Yer ananın atributlarının daşıyıcısı kimi müəyyənləşdirilmişdir. Şumerlərin gələcəkdən xəbər verən “uzu” ilə “ozan” arasında müqayisələr də aparılmışdır. Qayibdən xəbər tutmaq, gələcəyi görmək keyfiyyəti isə əcdad ruhu (şaman) ilə bağlanmış, onun daşıyıcısı sayılmışdır. Uyğun qaynaqlardan bəlli olur ki, saxa türkləri içərisində şamana vergi (buta) verilməsi “usuyu” adlanır ki, bunun da ozanla yaxın məşəli olduğunu güman etmək mümkündür.

Ozan sənətkarlar aşığa keçənə qədər dədə, varsaq, yanşaq adlarını da daşımışlar.

Ozanlarla eyni tarixi kəsimdə pərvəriş tapan “mqosan” (gürcü), “qusan” (erməni) sənətkarı da ozan sənətçisinə yaxın olan funksiyaları daşımışlar.

Ədəbiyyat:

KDQE, I c., B., 2000.

Бартольд В. Тюркский эпос и Кавказ. Книга моего Деда Коркута, М.-Л., 1962.

Гордлевский. В. Происхождение османского слова “узан”, “Ученые записки Института народов Востока”, М., 1930.

Köprülüzade M.F. Türk dili ve edebiyatı hakkında araştırmalar, İst., 1934.

Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), B., 1972.

Abbasov İ. Ozan (uzan) – qusan istilahı və sənətinə dair, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”, III kitab, B., 1968.

Abbasov İ. Müqəddimə. Azərbaycan aşıqları və el şairləri iki cilddə, I cild, B., 1983.

İsrafil Abbaslı