"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

O

“OĞUZNAMƏ”-1

“OĞUZNAMƏ”-1 (Atalar sözü və məsəllər) – oğuz hikmətlərini, obrazlı deyimlərini içinə alan atalar sözü və zərbi-məsəllərdən ibarət toplular.

Elmi-mədəni dəyərinin böyüklüyünə, bədii-estetik yönünə, fəlsəfi siqlətinə görə seçilən oğuz atalar sözləri, məsəlləri və hikmətli kəlamları bizə qədər “Oğuznamə” adı ilə iki əlyazması şəklində gəlib çatmışdır. Bunlardan biri Berlin kitabxanasında saxlanılan XV-XVI yüzilliklərə aid edilən əlyazmadır. “Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü” adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889 ildə nəşr etdirmişdir. Sonradan Dits nəşrindən O.Ş.Gökyay, A.Binyazar və b. alimlər də yararlanmış, onu eyni ilə yenidən öz kitablarında nəşr etmişlər.

İkinci əlyazma S.Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi “Haza kitabi-Oğuznamə” adlanan “Məcməüləmsali- Məhəmmədəli”dir. Bu əlyazma XVI-XVII yüzilliklərə aid edilir və həcmcə böyükdür. O, elm aləminə XIX əsrdən məlum olsa da, tam şəkildə ilk dəfə 1987 ildə Bakıda S.Əlizadə tərəfindən geniş ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.

Hər iki əlyazma, o cümlədən də Oğuz atalar sözünü başqa adlar altında özündə qoruyan toplular indiyə qədər müasir paremiologiyanın tələbləri, həmçinin etnik-mədəni sistemdə paremioloci vahidlərin yeri, rolu baxımından araşdırılmamışdır. Yığcam paremik vahidlərdən ibarət olan Oğuz atalar sözləri, alqışları, məsəlləri bu iki “Oğuznamə” adlı əlyazmadan başqa, XIII yüzillikdən üzü bəri təqribən 140 mənbədə geniş və ya qısa şəkildə toplanmışdır. Bu fakt atalar sözlərinin türklər arasında geniş yayıldığını sübut edir. Həmçinin oğuz atalar sözlərindən türkcə, hətta farsca yazan şairlərin böyük əksəriyyəti öz əsərlərində istifadə etmişlər.

Dits nəşrində təkcə atalar sözləri və məsəllər deyil, hikmətli kəlamlar, nəsihətamiz deyimlər, alqış-dualar, etik-əxlaqi fikirlər, bir sözlə, etnik-mədəni sistemin bütün sferasını əhatə edə biləcək idiomlar verilmişdir. Oğuz Ataya, Dədə Qorquda aid edilən fikirlərlə yanaşı, orada çoxsaylı paremik vahidlər də vardır. Bu paremik vahidlərdən 75-i Dədə Qorquda aiddir ki, onlardan bir çoxuna KDQ-də rast gəlirik. Dədə Qorquda aid edilən hikmətli sözlərdən bir çoxu S.Əlizadə nəşrində, həmçinin “Əmsali türkanə” kitabında da təkrarlanır. Məsələn, “Allah-Allah diməyincə işlər onmaz” kimi atalar sözü. Atalar sözünə verilən tarixi oğuz tərifi hər iki “Oğuznamə”də cüzi fərqlə eynidir: “Ataların sözü Qurana girməz. Ot Quran yanınca yalan yalın yalışır. Atalar sözün tutmayan yabana atılur, axirətdə tamu əhlinə katılur”; hər iki toplunun, həmçinin “Əmsali türkanə” və KDQ müqəddiməsində verilən atalar sözlərinin müqayisəsi göstərir ki, paremik vahidlərdəki qayə, məzmun əsasən dəyişməz qalmışdır. Bu, türk mədəniyyətinin stabilliyi və atalar sözlərinin konservativliyi ilə bağlıdır. Ancaq paremik vahidlərdə dil-üslub fərqləri də nəzərə çarpır ki, bu da tarixi-linqvistik inkişafla, mədəniyyət çevrəsinin dəyişməsi ilə bağlıdır.

Yığcamlığına, obrazlılığına, fikrin tutum siqlətinə, fəlsəfə dərinliyinə, şeriyyətinə, nəhayət, təcrübi-praktik əhəmiyyətinə görə Oğuz paremiyaları babalarımızın min illər boyu yaşatdığı və bu günə qədər qoruyub saxladığı müdriklik xəzinəsidir. Buna görədir ki, bu sözlər türklərin müqəddəs saydıqları, şərəfinə qurbanlar verdiyi ataların adı ilə bağlanmışdır. Oğuz dünyasında bu ataların tipikləşmiş, ümumiləşmiş müdriklik simvolu Qorqud Atadır ki, bir çox hikmətli kəlamlar onun adı ilə başlayıb, onun adı ilə qurtarır. Qorqud Atanın və onun kimi ataların bu ibrət dərsi tarixin kəşməkeşli sınaqlarından çıxmış, sınandıqca düzlüyünə, nəticəsinə daha da inanılmışdır. Təbii ki, hər iki topluda verilən hikmətli sözlərin, atalar sözünün hökm kimi səslənməsi müşahidə olunur. Çünki atalar sözləri müqəddəs Qurana girməsə də, onun yanınca gedir və müqəddəs kitabın ayələri qədər pozulmazdır. Atalar sözündəki tabuların pozulması etnosun məhvi, fərdin cəhənnəm əhlinə qatılmasıdır.

Nə yaxşıdır, nə pisdir, nə olar, nə olmaz prinsipi üzərində qurulmuş Oğuz atalar sözü şübhədən, gümandan, sualdan uzaqdır. Atalar sözlərinin hökm kimi səslənməsini şərtləndirən əlamətlərdən biri də oradakı sözlərin təsir gücünə, emosionallığına, axıcılığına, lakonizminə ciddi fikir verilməsi ilə də bağlıdır. Oradakı söz və cümlələr elə seçilmiş, elə sıralanmışdır ki, onları dəyişmək, əvəzləmək mümkün deyildir. Etnik-mədəni sistemin bu ümumiləşmiş paremik vahidləri dilçilik baxımından olduqca dolğun olub, dərin mənaya, zəngin semantik yükə malikdir.

Oğuz atalar sözləri və zərbi-məsəllərinin yadda qalanlığı və lakonikliyi, təsir gücü və ümumiləşdirmə dairəsi paremik vahidlərin poetik arxitektonikasında paralelizmin, alliterasiyanın, assonans qafiyələrin durması ilə izah edilməlidir. Məsələn, “Bəglərilə uruşanın başı ilə malı yitər, Danış danişməndlərilə atışanın dili ilə imanı yitər”, yaxud “Aftan olsun, oftan olsun”, “Toquz qaftan, bir kürk, toquz şərlü bir türk” və s. Bu atalar sözlərində bir-iki sözdən tutmuş, bir neçə cümlədən ibarət paremik vahidlər də vardır. Qafiyəli iki və üç misradan ibarət atalar sözlərinə də rast gəlirik.

Oğuz atalar sözlərinin dilində ərəb-fars sözləri və tərkibləri yox dərəcəsindədir. Bəzi sözlər XI-XIII yüzilliklərin canlı danışıq dilini əks etdirdiyindən dilçilik baxımından qiymətlidir. Folklorşünaslıq baxımından bədii-estetik fikrin yaranması, qafiyəli nəsrin inkişaf tarixi, tarixi-mifoloci informasiyanın bolluğu atalar sözlərinin dəyərini bir daha artırır.