OĞUZ – Türk etnonimi. Oğuz etnoniminin
mənşəyi və mənası barədə
vahid bir fikir olmasa da, bu sözün bir
sıra etimologiyaları türkologiyada yayılmışdır.
XIX əsrin ikinci yarısından
başlayaraq türkoloci ədəbiyyatda oğuz
sözünün “ağız – yeni doğmuş heyvanın
ilk südündən bişirilən pendirə oxşar
məhsul (İ.N.Berezin, P.Pellio), “oxlar”
(L.Ligeti, Y.Nemet), “ox adam”
(İ.Markvart), “öküz” (A.N.Bernştam,
D.Sinor, L.Bazen), “tayfalar” (O.Pritsak,
A.N.Kononov), “təpə” (Ş.jəmşidov),
“müdrik” (N.A.Baskakov), “bacarıqlı,
qadir, işıq, od hakimi” (M.Seyidov),
“qohum tayfalar birliyi” (P.Xəlilov)
və s. mənaları göstərilmişdir.
M.İ.Yusifov oğuz etnoniminin damğa
anlayışı bildirən oğ və tayfa mənası bildirən
uz komponentlərindən ibarət olması
qənaətindədir.
A.N.Kononovun “tayfalar”, “tayfalar
birləşməsi” mənasındakı oğuz
sözünün nəticədə topluluq bildirən
etnik ada çevrilməsi barəsindəki mülahizəsindən
sonra bu adın mənşəyi ilə
əlaqədar bir sıra fikirlərin meydana çıxması
oğuz etnoniminin etimologiyasına
yenidən baxılması zərurətini doğurur.
N.A.Baskakov etimoloci araşdırma
apararaq belə nəticəyə gəlmişdir ki,
oğuz, oğur və uyğur etnonimləri “r” və
“z” fonetik əlamətlərinə görə fərqlənən
eyni adlar olub “müdrik, qüdrətli, güclü”
mənalarını verir. O, oğuz sözünün
“müdrik” mənasını bildirdiyini qeyd
edərkən qədim türk yazılı abidələrindəki
ö (fikirləşmək), öq (fikir, düşüncə)
köklərinə əsaslanır.
N.A.Baskakovun oğuz sözündə
gördüyü “müdrik” mə’nası Azərbaycan
dili şivələrindəki bir sözlə səsləşir.
Muğan qrupu şivələrində oğuz sözünə
yaxın fonetik tərkibdə “çox bilən”
mənasında uğuz sözü işlənir. Uğuz sözü
həm qədim türkcədəki uk- (anlamaq,
başa düşmək) və ukuş (ağıl) sözləri ilə
bağlı olan leksik vahid, həm də oğuz
etnoniminin qapalı saitlə işlənən variantı
kimi qəbul edilə bilər. Xatırladaq
ki, özbək dilində oğuz etnonimi özünü
elə uğuz şəklində göstərir. Ancaq bir
sıra səbəblərə görə, birinci ehtimal bizə
daha inandırıcı görünür. Məsələ burasındadır
ki, Azərbaycan dilinin Muğan
qrupu şivələrində ayrı-ayrılıqda həm
oğuz, həm də uğuz sözü işlənir, lakin bu
sözlər başqa-başqa mənaları ifadə edir.
Oğuz sözü haqqında N.A.Baskakovun
etimologiyası maraqlı və cəlbedici
görünsə də, bəzi suallar doğurur. Məs.,
aydın olmur ki, Orxon yazılarından
üzübəri qalın sait tərkibi ilə məlum olan
oğuz etnonimi qədim türk dövrünədək
tarixin hansı mərhələsində və hansı
linqvistik səbəb üzündən incə saitli
öqüz formasından qalın saitli oğuz
şəklinə düşmüşdür. “Müdrik” mənasını
verən öqüz sözünün qədim türk yazılı
abidələrində öz əksini tapa bilməməsi
nə ilə bağlıdır və s.
Azərbaycan xalq şivələrində oğuz
sözünün bir sıra mənaları qeydə alınmışdır.
“Azərbaycan dilinin Muğan
qrupu şivələri” kitabında və dialektoloci
lüğətdə Sabirabad rayonu şivələrində
oğuz sözünün “hərzəcavab, kobud; lovğa,
təkəbbürlü” mə’nalarında işləndiyi
göstərilmişdir.
Oğuz sözünün sonradan bəzi yeni
mənalar qazana bilməsi faktı istisna
deyil. Sabirabad rayonu şivələrində
oğuz sözünün mənasını izah etmək
üçün dialektdən verilmiş nümunə həmin
sözün konkret olaraq hansı mənanı
ifadə etməsi barədə aydın bir şey demir.
Oğuz sözünün “kobud”, “lovğa” və ya
hər hansı bir digər mənanı ifadə etdiyini
dəqiq surətdə aydınlaşdıra bilmir.
Azərbaycan dili şivələrində oğuz sözü
daha çox “cüssəli, iribədənli” mənasını
ifadə edir. 1996 ildə Bakının Hövsan
kəndindən dialektoloci material toplanarkən
oğuz sözünün “cüssəli, sapsağlam”
mənasında işləndiyi faktik material
əsasında dəqiqləşdirilmişdir: –
Heç bilmeg olmodi ki, u kişiyə noldi, u
ki qıpqırmızı oğız kimi adamdi (Hövsan
kənd şivəsi).
Oğuz tayfa adının mənfi çalarla
xatırlanması qədim dövrlərdə irandilli
əhali arasında yaranmışdır. Bu isə oğuz
sözünün leksik mənası ilə deyil, oğuzlara
olan münasibətlə bağlı bir məsələdir.
Xalis oğuz olmayanlara qarşı
analoci mənfi münasibət oğuzlar arasında
da olmuşdur ki, bu da öz izini
KDQ-də saxlamışdır. “Qanlı qoca oğlı
Qanturalı boyı”nda göstərilir ki, Qanlı
qoca oğlu Qanturalı narahat olur ki,
birdən atası onu “cici-bici türkman
qızı” ilə evləndirə bilər: “Pəs varasın,
bir cici-bici türkman qızını alasan,
nagahandan tayınım, üzərinə düşəm,
qarnı yırtıla? – dedi” (D-2716).
Cici-bici türkman qızı kimdir və nə
üçün Qanturalı belə bir qızla evlənmək
istəmir? İlk baxışda belə bir cəhət
ziddiyyətli görünür ki, oğuzlar X əsrin
sonu – XI əsrin əvvəllərindən etibarən
“türkman” adı ilə tanınsa da, KDQ-də
təsvir olunan oğuzlar türkmana qarşı
qoyulur: “Kafər aydır: Oğuzun arsızı
türkmanın dəlüsinə bənzər”. Yaxud
yuxarıda deyildiyi kimi, oğuz igidi
Qanturalı “cici-bici türkman qızını”
bəyənmir.
Təxminən X əsrin sonu XI əsrin
birinci yarısından köhnə oğuz etnonimi
əvəzinə tez-tez “türkmən” (türkman)
adı işlənmişdir. Əvvəlcə yalnız oğuzların
bir hissəsi və başqa türk tayfaları –
əsas etibarilə karluklar və xalaclar belə
adlanmışlar. Ehtimal edilir ki, “o zaman
o oğuzları türkmənlər adlandırırdılar ki,
onlar İslamı qəbul etmiş və Orta Asiyanın
yerli, əsas etibarilə irandilli əhalisi
ilə qarışmışdılar”. Bu mülahizə Əbu
Reyhan Biruninin aşağıdakı fikrinə
əsaslanır: “Keçmiş zamanda İslamı qəbul
etmiş və müsəlmanlarla qarışmış
türk oğuzların hər biri onlar və başqaları
arasında tərcüməçi olurdular; belə ki,
bir quz İslamı qəbul etdiyi zaman quzlar
deyirdilər: o, türkmən olmuşdur, müsəlmanlar
isə deyirdilər ki, onların arasına
türkmən daxil olmuşdur, yəni türkə
oxşayan” .
Oğuzların farslarla çox yaxın münasibətdə
olduqlarını M.Kaşqarlı da
qeyd edib.
Belə nəticəyə gəlmək olar ki, X
əsrin sonu – XI əsrin əvvəllərində
“türkmən” adı oğuzların islamı qəbul
etmiş və Orta Asiyanın oturaq, habelə
irandilli əhalisi ilə qarışmış hissəsinə
aid edilmişdir. Sonradan türkmən adı
oğuz etnonimini əvəz edən ümumi bir
ada çevrilmiş, müxtəlif ərazilərdə
(Türkmənistan, Azərbaycan, İran, Türkiyə,
İraq) yaşamış oğuzlar bu adla
tanınmışdır.
Çox güman ki, KDQ abidəsinin yarandığı
dövrdə oğuzların “türkman” adlanan
hissəsi qədim oğuz adətindən
fərqlənən həyat və məişət şəraiti
keçirirmiş.
Bəs “cici-bici türkman qızı” ifadəsindəki
cici-bici sözü nə deməkdir?
Müasir türk dilində cici sözü “gözəl,
zərif”, cici-bici sözü isə “bəzək-düzək,
oyun-oyuncaq, bərbəzək” mənalarını
bildirir. Azərbaycan dilində cici sözünün
“uşağın xoşuna gələn şey” mənası
var. O.Ş.Gökyay KDQ-də işlənmiş
cici-bici sözünü “xoşagələn, balaca
gözəl, incə qamətli zərif gözəl”kimi
izah edir.
Ehtimal ki, Qanturalı “cici-bici
türkman qızı” deyərkən İslamı qəbul
edib irandilli əhali ilə qarışmış bir oğuzun
– türkmanın bərbəzəkli, çəlimsiz
qızını nəzərdə tutur. Boy-buxunlu,
cüssəli bu igid (cılasun) qorxur ki,
birdən sürüşüb türkman qızının üzərinə
yıxılsa, onun qarnı yırtılar. Qanturalının
arzusu isə igid bir qızla evlənməkdir. O
bu barədə atasına deyir: “Baba, çün
məni evərəyim dersən, mana layiq qız
necə olur?”. Qanturalı aydır: “Baba,
mən yerimdən durmadın ol durmış ola!
Mən qaraquc atıma binmədin ol binmiş
ola! Mən qanlu kafir elinə varmadın ol
varmış, mana baş gətürmüş ola!” –
dedi” (D-17012).
Bu əlamətlər “cici-bici türkman qızında”
olmadığına görə Qanturalı belə
bir qızla evlənmək istəmir. Görünür ki,
nərmə-nazik türkman qızı onun zövqünə
uyğun gəlmir. Atası oğlunun sözlərindən
belə bir nəticə çıxarır: “Oğul,
sən qız istəməzmişsən, bir cılasun – bahadır
istərmişsən, anun arqasında yeyəsən-
içəsən, xoş keçəsən!” (D-1713).
Aydın olur ki, güclü, cüssəli olmaq
oğuzlar üçün mühüm əlamət sayılmış
və bu da sonradan “özgə mühitdə” (çox
güman ki, qeyri-türkdilli arealda) oğuz
sözünün yeni mənasının (“cüssəli”) yaranmasına
səbəb olmuşdur. Azərbaycanda
yaşamış ən qədim oğuzların
iribədənli, cüssəli adamlar olması başqa
faktlarla da təsdiq olunur. Məsələn,
M.H.Təhmasibin yazdığına görə, Azərbaycanda
hələ bu gün də qazıntı zamanı
tapılmış cəsamətli skletlərə və ədəb
gözləmədən köndələn uzanmış adamlara
“oğuz ölüsü” deyilməkdədir.
Azərbaycan Respublikasının Oğuz
rayonunda qədim oğuzlara aid edilən iri
oğuz qəbirləri qalmaqdadır.
Oğuz etnoniminin mənası müəyyənləşdirilərkən
oxşar köklərin semantik
inkişafı nəticəsində meydana
çıxmış mənalar, eləcə də oğuz sözünün
sonradan yaranmış mənaları deyil, bu
adın qədim dövrlərdəki forması və
mənası əsas götürülməlidir.
Oğuz etnoniminin etimologiyaları
içərisində bu sözün oğ (qəbilə, tayfa)
və cəmlik əlaməti olan /u/z hissələrindən
ibarət olması fikri daha məntiqidir.
Oğuz sözünün əsasında dayanan oğ
kökü bu gün uk şəklində Altay və Tuva
dillərində, yax şəklində çuvaş dilində
“qəbilə” mənasında işlənməkdədir. A.N.Kononov oğuz etnik adının əsasında
“qəbilə, tayfa” mənasını bildirən
oğ (ok) kökünün dayandığını və bu sözün
əski türk öq (“ana”) sözü ilə birbaşa
əlaqəsi olduğunu göstərir. Onun
fikrincə, oğul (nəsil, oğul) və oğuş
(qohum) sözləri də həmin kökə gedib
çıxır.
Biz oğuz tayfa adının ilkin mənası
“qəbilələr, tayfalar” kimi deyil, “iki qəbilə
(tayfa)” mənasında qəbul edilməlidir,
çünki türk dillərinin tarixində -z
elementinin qeyri-müəyyən çoxluq
deyil, qoşa cəmlik bildirməsi daha geniş
yayılmışdı; məs.: göz “iki göz”, diz “iki
diz”, omuz “iki çiyin”, köks (köküz)
“iki sinə”, əkiz (iki+z) “anadan cüt doğulan”.
Oğuzların tarixən boz ok və uç ok
adlı iki əsas qola ayrılması və KDQ-də
bunun eynilə öz izini saxlaması oğuz
etnoniminin ilkin mənasının doğrudan
da “iki qəbilə (tayfa)” mənasına uyğun
gəlməsini tarixi baxımdan təsdiq edir.
Tarixdə məlum olan iyirmi dörd oğuz
tayfası oğuzların həmin boz ok və uç ok
qollarının törəmələridir. Boz ok və uç
ok adlarındakı ok sözü də “tayfa”
mənasını bildirir.
Ədəbiyyat:
Агаджанов С. Огузская проблема и зада
чи ее изучения. Тюркологический
сборник. 1973. М., 1975.
Агаджанов С. Государство Сельджукидов
и Средняя Азия в XI-XII вв. М.,
1991.
Azərbaycan dilinin dialektoloci lüğəti.
B., 1964.
Azərbaycan dilinin izahlı lüğəti. c.4. B.,
1987.
Azərbaycan dilinin Muğan qrupu şivələri.
B., Azərb. SSR EA nəşriyyatı, 1955.
Баскаков Н. К этимологии огуз,
Огуз – Гакан // Советская тюркология,
1982, № 1.
Dedem Korkudun Kitabı. Orhan Şaik
Gökyay. İst., 1973.
Drevnetörkskiy slovarğ. L., Nauka,
1969.
Yusifov M. Oğuz etnonimi ilə bağlı toponimlər//
Azərbaycan onomastikası problemləri.
II. B., 1988.
Kitabi-Dədə Qorqud. Tərtib edənləri
F.Zeynalov, S.Əlizadə. B., 1988.
Кононов А.Н. Родословная туркмен.
Сочинение Абу-л-Гази хана Хивинского.
М.-Л., Изд-во АН СССР, 1958.
Koşğariy M. Devonu luğotit turk. T.I.
Toşkent, 1960.
Севортян Э.В. Этимологический словарь
тюркских языков. М., 1974.
Seyidov M. Azərbaycan mifik təfəkkürünün
qaynaqları. B., 1983.
Серебренников Б., Гаджиева Н. Сравнительно-
историческая грамматика тюркских
языков. Б., 1979.
Təhmasib M.H. “Dədə Qorqud” boyları
haqqında. Azərbaycan şifahi xalq ədəbiyyatına
dair tədqiqlər. B., 1961.
Турецко-русский словарь. М., 1977.
Xəlilov P. “Kitabi-Dədə Qorqud” –
İntibah abidəsi. B., 1993.
Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”u
vərəqləyərkən. B., 1969.
Elbrus Əzizov |