L
LEKSİKA
LEKSİKA – Hər şeydən öncə, folklor dilinin təməl örnəyi olan KDQ, şübhəsiz ki, həm də yazılı ədəbi dil örnəyidir. Hazırki əlyazmalarını XI yüzilliklə bağlayan tədqiqatçılar (Ş.Cəmşidov, T.Hacıyev) tamamilə haqlıdır ki, bu əlyazma da sonradan köçürülmüş variantdır. Dastanın dilində işlənmiş ərəb-fars sözləri, yazı mədəniyyəti ilə bağlı qəlib-klişelər, yazı üslubu ünsürləri bu abidəni həm də yazılı mədəniyyətin predmeti kimi zəruriləşdirir. Çoxqatlı, çoxlaylı KDQ leksikası mifik qatı, yazıyaqədərki qatı əhatə etməklə yanaşı, həm də türk-islam mədəniyyətinin intişar tapdığı zamanı, təcrübəni əhatə edir. Leksikada təcəssümünü tapan arxetip layla, qədim türk etnik-psixoloji, mif-dastan layı üzvi şəkildə birləşdiyi üçün KDQ-nin lüğət tərkibi türk leksikologiyası tarixi üçün xüsusi əhəmiyyət daşıyır. Son araşdırmalara görə, 3000-ə qədər (təxminən 2721) sözü əhatə edən KDQ leksikası Oğuz tarixini, dünyagörüşünü, düşüncəsini, həyat tərzini əhatə edir. KDQ dilində işlənən frazeoloji birləşmələr leksikanın tərkib hissəsi kimi ayrıca əhəmiyyət daşıyır. KDQ lüğətinin təsviri baxımından O.Ş.Gökyayın sözlüyü xüsusən əhəmiyyətlidir. Bu baxımdan KDQ sözlərinin tekstoloji baxımdan dəqiqləşdirilməsi (M.Ergin, Ş.Cəmşidov, O.Sərtqaya, T.Təkin, S.Əlizadə, V.Adilov, U.Karasoy...) sahəsində, KDQ sözlərinin leksik-semasioloji təhlili baxımından (T.Hacıyev, V.Aslanov, N.Xudiyev, İ.Məmmədov, M.Pənciyev...), dialektlərlə müqayisə baxımından (E.Əzizov), oğuz-qıpçaq müvaziliyi baxımından (N.Cəfərov), statistik metodla öyrənilməsi baxımından (K.Vəliyeva, M.Mahmudov, C.Öztelli...), üslubipoetik baxımdan (K.Vəliyev, Ş.İbrayev, E.Əlibəyzadə...), sözlərin mənşəyi baxımından (E.Piriyev, C.Öztelli) öyrənilməsi, tədqiqi baxımından aparılan araşdırmaları qeyd etmək zəruridir. KDQ-nin leksik mənzərəsi belə ümumiləşdirilə bilər: 1. Ümumişlək sözlər.
Ümumişlək sözlər Oğuz türkcəsinin, xüsusilə Azərbaycan türkcəsinin əsas lüğət fondu ilə uyğun gəlir. Arxaik leksika ağız və şivələrdə bu gün də yaşamaqdadır. Əksəriyyəti təşkil edən ümumişlək sözlər valentliyi, məcazyaratma imkanlarının genişliyi ilə seçilir. Bu tipli sözlər məna genişlənməsi-daralmasını, birləşmə imkanları və s. semasioloji proseslərin öyrənilməsi üçün çox əhəmiyyətlidir. Terminoloji leksika müxtəlif sahələri əhatə etsə də əsasən üç qrupu əhatə edir: a) təsərrüfat-iqtisadiyyat; b) hərbi- dövlətçilik anlayışları; c) dini leksika. Bu qrupların hər biri haqqında geniş danışmaq olar. Terminlərin formalaşması cəmiyyətin inkişafı ilə bağlı olduğu üçün burada inkişaf səviyyəsi, dəyişmə-dialektika nəzərə alınmalıdır. Peşə-sənət leksikası da, terminləşmə prosesini hələ tam keçə bilməyən sözlər də bu qrupda təhlilə cəlb oluna bilər. Nomenklatur leksika KDQ lüğətinin xüsusi tərkib hissəsidir. Burada onomastik vahidlər, xüsusilə toponimlər, antroponimlər, etnonimlər, eləcə də oronimlər, teonimlər, mifonimlər nəzərdə tutulur. Etnokulturologiya, tarixi coğrafiya və ümumən tarix üçün xüsusi əhəmiyyət kəsb edən xüsusi leksika sahəsinin statistik hesablamalara söykənən faktları, eləcə də müqayisəli təhlil nümunələri çox əhəmiyyətlidir. Özəlliklə KDQ-nın bədii-poetik əsər olmaqla yanaşı tarixi salnamə əhəmiyyəti daşımasının bir təsdiqi də yer, tayfa, insan adlarıdır. Bu adlar dastanın reallıq müstəvisidir. Dərbənd, Əlincə, Bərdə, Dərəşam, Gəncə, Bayburt, Düzmürd, Göycə, Qazılıq, İstanbul, Ağ qaya, Qaradağ... kimi yer adları, Bayat, Qayı, Oğuz, Qıpçaq, Üç Ok, Boz Ok, Türkmən... kimi tayfa-xalq adlarının, Qamğan (Qam xan), Bamsı Beyrək, Qorqud, Əgrək, Duxa qoca, Qutlu Mələk, Qıyan Səlcuq... kimi insan adlarının müxtəlif səpkili təhlili etnogenezis problemlərinin həlli üçün də əhəmiyyətlidir. Mənşə baxımından KDQ leksikası ayrı bir əhəmiyyət daşıyır. Oğuz tarixinin ən böyük salnaməsi olan KDQ-nin söz xəzinəsi mənşə baxımından incələnərkən ortaya çıxan mənzərə diqqətəlayiqdir. C.Öztellinin hesablamasına görə, KDQ dilində 559 ərəb-fars mənşəli söz işlənmişdir. Bu sözlər daha çox dini terminlər, islami anlayışları ifadə edən kəlmələr və termin xarakterli digər sözlərdir. E.Piriyev həmin sözlərin 194-nün fars mənşəli olduğunu müəyyənləşdirmişdir. Ərəb-fars mənşəli sözlərin böyük bir qismi çağdaş türk dillərində, o cümlədən Azərbaycan türkcəsində bu gün də işlənməkdədir. Qorqudşünaslıqda belə bir fikir mövcuddur ki, ərəb-fars mənşəli sözlər əlyazmaların köçürülməsi ilə bağlı sonrakı əlavələrdir. Bir çoxu türkcə qarşılığı ilə sinonim kimi işlənən bu sözlərin olduğunu söyləyənlər də var. Şübhəsiz ki, dastanın arxaik mətnində ərəb-fars sözlərinin olmaması təbiidir. Ancaq dastan yazıya alınana qədər islam mədəniyyətinin təsirinə məruz qalmışdır. Bu sözlərin əlavəsi, mətnə daxil olması türk-islam mədəniyyətinin oluşması prosesinin inikasıdır. Söhbət arximətndən deyil, mövcud mətndən gedir. Hər hansı söz abidəsinin öz mövcudluq səviyyəsində öyrənilməsi zəruridir. Qorqudşünasların hesablamalarına görə işlənmə faizi 85 olan türk sözləri və işlənmə faizi 15 olan ərəb-fars sözləri KDQ mətninin mənşə baxımından leksikasının mexanizmini anlamaq üçün önəmlidir. Qorqudşünaslıqda KDQ leksikasında erməni sözləri məsələsi də var. Bu baxımdan R.A.Baqramyanın “KDQ dastanlarının dilində erməni sözləri” adlı məqaləsinin məğzi ondan ibarətdir ki, qonşu Azərbaycan xalqının abidəsinə ortaq həyat tərzinə malik erməni xalqının çoxlu sözləri keçmişdir. Müəllif dastanın məhz Qafqaz arealına, azərbaycanlılara aid olmasını erməni sözlərinin varlığında görür. Və qeyd edir: “Bu sözlərin böyük bir qismi hələlik mübahisəli olduğu üçün onların 19-nu göstəririk”. Tədqiqatçı həmin sözlərin dastanlarda neçə dəfə işləndiyini saymış, Azərbaycan türkcəsi ağızlarında onları axtarmış və erməni dilinin etimoloji lüğətinə söykənərək onların erməni dilinə məxsus olması fikrini irəli sürmüşdür. Azərbaycan filoloqları həmin məqalənin qeyri-elmi, qərəzli mövqedən yazıldığını açıqlayan yazı çap etmişdir. R.A.Baqramyanın erməni mənşəli hesab etdiyi sözlər bunlardır: al, qut, orğan, qıvanmaq//güvənmək, qırvaşmaq// qarvaşmaq, çürümək, gənəz, sur, sünük, ərquru, qoru, şu, dadı, kəlisa, xaç, təkur, pilon, holi, aznavur. Bu sözlərin əksəriyyəti türk mənşəlidir. Etimoloji araşdırma aparmadan da bunu müəyyənləşdirmək çətin deyil. Xüsusilə Sibir türklərinin dilində işlənən bu sözlər və onların törəmələrinin türk mənşəli olması heç bir şübhə doğurmur. Fars mənşəli kəlisa, xaç, yunan- latın mənşəli pilon, gürcü mənşəli aznavur və s. sözlərin süni şəkildə erməniləşdirilməsi elmi əsasdan məhrumdur. KDQ-nin poetik enerjisi, ilk növbədə onun söz dünyası ilə bağlıdır. Sözdə məna qazanan dil fonetik, sintaktik vasitələrini leksikaya söykənərək səfərbər edir. Statistik hesablamalara görə, çox az təqribiliklə KDQ-da 142 bədii təyin 1294 dəfə, 48 müqayisə 73 dəfə, 76 metafora 174 dəfə işlənib ki, bunların türk bədii-estetik zövqünü, təfəkkürdüşüncə tarixini öyrənməkdə çox mühüm rolu var. Bədii təyinlər və müqayisələr həm leksik-semantik, həm də sintaktik təhlil işığında aydınlaşdırılır. Metaforaların incəlikləri isə sırf leksik poetik təhlildə açılır. Bu metaforalar (aslan, qaplan, əjdarha, toğan, Əzrayıl, tulu quşun yavrusu, qulunum oğul, qatı qəzəb, dadlı can, qan yaş, görür gözüm aydını, sası dinli kafir...) məcazlaşma səviyyəsinə, məcazlıq gücünə və zərifliyinə görə ayrıca tədqiqat sahəsi kimi seçilən örnəkləridir. Poetik leksikadan danışarkən hər sözün arxasında dayanan təcrübəni, düşüncə özünəməxsusluğunu nəzərə almaq vacibdir. Söz ilə əşya, anlayış arasında eyniləşmə münasibəti KDQ leksikası üçün tamamilə təbiidir. KDQ sözləri oğuzların ictimai kosmosu üçün həlledici əhəmiyyət kəsb edir. Bu baxımdan müasir oxucu üçün metafora kimi qavranılan sözün KDQ dövründə öz mənasında işlənməsi qanunauyğundur. Müstəqil mənadan yaranan məcazlaşma yolunun spesifikliyini nəzərə almadan KDQ leksikasını öyrənib dərk etmək olmaz. Bu baxımdan tat əri banladıqda, ulaşıban sular taşsa, Əzraıl bir gögərçin oldu, al yıldırım və s. kimi metaforik birləşmələrdə müstəqil məna ilə məcazi mənanın sərhədləri dəqiq müəyyənləşdirilməmişdir. Sözün mənasını açmaq üçün bu gündən tarixə deyil, tarixdən bu günə baxmaq zəruridir. Sözün məna yükünün dəyişməsi dildaxili və dilxarici amillərlə bağlı olduğu üçün onların təhlil metodu, üsulu da fərqli nöqtələrlə ortaya çıxmalıdır. Sözləri dilin ümumi qanunları ilə yanaşı, bir də fərdi, özünəməxsus qanunauyğunluqlar da dəyişir və yönləndirir. Məhz bu məcazlaşma və çoxmənalılığa söykənilmə dildə, o cümlədən KDQ leksikasında ayrıca yeri olsa frazeoloji birləşmələrin yaranmasında təməl funksiya daşıyır. Dildə frazeoloji birləşmələr ikinci nominasiya – adlandırma funksiyası daşıyır. Yəni bir mənada sözün məcazi yükü başqa anlamlı sözü ekspressiv amacla yenidən adlandırır, nəticədə daha qüvvətli münasibət funksiyası forma və məzmunca yeni dil (nitq) vahidini ortaya çıxarır. Sözün məcazlanma imkanı, gücü, potensialı frazeoloji vahid üçün zəmindir. KDQ leksikasında da metaforik deyim tərzi, fərdi poetik deyim üslubu, ifadə özünəməxsusluğu, milli-etnik ekspressivlik, münasibət biheyviorizmi frazeoloji vahidlərin yaranmasının əsas motivləridir. Dilçilik ədəbiyyatında ideoma, ibarə, atalar sözü, hikmətli söz və zərbüməsəl adı altında beş yerə bölünən frazeoloji vahidləri biz ideoma və ibarənin qarşılığı olaraq işlətdiyimiz deyim termini ilə ifadə etməyin tərəfdarıyıq. Zərbü-məsəlləri, hikmətli sözləri isə şərti olaraq atalar sözlərinə daxil etməyin tərəfdarıyıq. Atalar sözlərinin daxilində onları qruplaşdırmaq, fərdi əlamətlərinə görə təsnif etmək olar. KDQ dilində işlənən alqışlar, qarğışlar da frazeoloji vahidlərin içərisində təhlil oluna bilər. Bunu da nəzərə almaq lazımdır ki, frazeoloji vahidlər, xüsusilə atalar sözləri, alqışlar, qarğışlar və andiçmələr çoxsəpkili təhlilin predmetidir. Eyni vahidlər folklorşünaslıq, eləcə də poetik sintaksis, etnolinqvistika, psixolinqvistika metodları baxımından təhlil olunur. KDQ-də frazeoloji birləşmələrin əsas növlərinin örnəklərini nəzərdən keçirək: Ava binmək, av çığırtmaq, aqın vermək, sağraq sürmək, dırnaq yüzə çalmaq, ağ çıxarıb qara geymək, ala yorğan altında söyləşmək, əleyk almaq, aşağı qulpa yapışmaq, at yeləsinə düşmək, at tuşağını vurmaq, ayağı toprağına salmaq, balçığa batırmaq, baş yarağı, beli qurumaq, bir-iki deməmək, canı seyranda olmaq, dirim qanı, dirim qanını almaq, doqquzunu bir yerinə saydırmaq, dün qatmaq, əl qaldırmaq// əl götürmək, əli ələ çalmaq, əl yaxasında olmaq, əl qavuşdurmaq, əl uzatmaq, gen ətəyə dar qoltuğa qısılmaq, gen yazıyı dar göstərmək, gözünə durmaq, qaba sarıq götürüb yerə çalmaq, qanına susamaq, qapıyı qoyub bacadan qaç- maq, kedisi mavlamaq, qılınc qınını doğramaq, oyun göstərmək, barmaq götürmək, yazıya girmək, yuxarı qulpa yapışmaq, yüzü-gözü bəlirməmək, ünü Rumdan Şama çavlamaq, quş oluban uçmaq, qısrağa binmək, dolu düşmək, Qalın Oğuz arxası, acı sözü yügrək, acı dırnaq yaş, acı söz, dadlı can, qan yaş, görür gözüm aydını, bağrı sarsılmaq, yürəyi dağlanmaq, qan tərlətmək, köksündə oynatmaq, oda yakmaq, qan qaşanmaq, bağrı göynəmək, quş yürəkli, ağız dildən, qan damarları qaynamaq... KDQ dilində söz yaradıcılığı problemi leksika ilə morfologiyanın (qismən də morfonologiyanın) kəsişmə sahəsində yerləşir. Söz yaradıcılığı modelləri əsasında addüzəldən, feldüzəldən şəkilçilərin köklə vəhdətdə ayrı-ayrılıqda semantik- qrammatik təhlili, türk dillərində sözyaratma sisteminin özünəməxsusluğunu ortaya qoya bilər. KDQ leksikası türk dillərinin qədim kəsiyinin çox maraqlı bir səviyyəsi kimi, türk dilçilik paleontologiyasını öyrənməkdə ən mühüm qaynaqlardan biridir. Türk dillərində ləhcə və ağızlarında bu gün də yaşayan KDQ leksikası türk dillərinin etimoloji lüğəti üçün də zəngin mənbədir. Ədəbiyyat: Короглы Х. Огузский героический эпос, М., 1976. Dəmirçizadə Ə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili, B., 1959. Ибраев Ш. Поэтика огузского героического эпоса, Алматы, 1997. Gözəlov F. Oğuz dastanı: tarixi-mifoloji kökləri, təşəkkülü, spesifikası (doktorluq dissertasiyası). Əlyazma, B., 1995. Qasımlı M. Aşıq sənəti, Bakı, 1996. Öztelli C. Dedem Korkut Kitabının Dili Üzerine Bir Deneme, “Bilimsel Bildiriler – 1972”, Ankara, 1975. Gökyay O.Ş. Dedem Korkutun Kitabı, İst., 1974. Piriyev E. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində fars sözləri (avtoreferat), B., 1989. Историко-филологический журнал, Изд. АН Арм. ССР, № 1 (64), Ереван, 1974. Vəliyev K., Cəlilov F. “Kitabi-Dədə Qorqud”un dilində erməni sözləri varmı? ADU-nun “Elmi əsərləri (dil və ədəbiyyat seriyası), B. 1976, №5. Vəliyev K. Dastan poetikası. B., 1984. Kamil Vəli Nərimanoğlu |