"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

E

ETNİK PSİXOLOGİYA, ŞƏXSİYYƏT

ETNİK PSİXOLOGİYA, ŞƏXSİYYƏT – Etnik xarakter etnik psixologiyanın mühüm tərkib hissəsidir. O, etnik simanı müəyyənləşdirən başlıca ünsürlərdən biridir.

KDQ-də öz əksini tapan etnik xarakter əlamətləri ümumən Oğuz etnosunun “psixi siması”nın aynası kimi çıxış edir. Tarixi eposlar etnik və milli tiplərin müxtəlifliyini, onların tarixitipoloji təbiətini, tarixi inkişaf xüsusiyyətlərini açıb göstərir. Oğuzların etnikpsixoloji xüsusiyyətləri xarakterin (etnik) xüsusi təzahürü kimi qonaqpərvərlikdə, əliaçıqlıqda, sədaqətdə, dözümdə və s. daha dolğun şəkildə üzə çıxır. Oğuz elinin başçısı, “xanlar xanı” Bayındır xan ildə bir dəfə böyük şadlıq məclisi qurur, “atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır”, qonaqlıq edirdi.

KDQ-də qadınlar xarakterizə edilir, onların “dörd cür” olduqları bildirilir. Yaxşı qadın “evin dayağı” kimi səciyyələndirilir və onun bu səciyyəsi qonağa yaxşı, mehriban münasibəti, qonaqpərvərlik göstərməsi ilə müəyyənləşdirilir. Qadının başqa adama, məsələn, qonağa münasibətə görə səciyyələndirilməsi Azərbaycan ictimai fikir tarixində psixoloji xarakteristikanın ilk nümunələri kimi qiymətlidir.

Dastanda qadın tiplərinin hər birisinin psixoloji xarakteristikası verilir. Oğuzlarda qadınlar da cəsur və igiddir. Oğuz etnik-sosial mühiti və psixologiyası ilə şərtlənmiş olan qadınların bu xarakter əlaməti etnik birlik daxilində cinslərarası münasibətdə, ünsiyyətdə mühüm rol oynayır.

Oğuzların qonaqpərvərliyinin əsasında mənəvi tələbatlar, müvafiq sosial- psixoloji motivlər, sərvətlər durur. Bu meyllər oğuzların yüksək mə’nəvi keyfiyyətlərini üzə çıxarır.

Oğuzların zəngin, rəngarəng mənəvi- psixoloji xüsusiyyətləri ümumi xarakter əlamətlərində daha parlaq şəkildə təzahür edir. Oğuzlar cəsur, igid, qorxmaz, çalışqan, qarşıya qoyduqları məqsədə çatmaqda inadkar və qətiyyətlidirlər. Oğuzlarda əsl adı bir şəxs doğularkən deyil, həyatda bir hünər, igidlik göstərdikdən sonra alır. Bu adı ona Dədə Qorqud verir.

Oğuz bəyləri üçün fiziki və mənəvi güc xarakterik əlamətdir. Onların fiziki güclərini artıran əslində mənəvi gücləridir.

Oğuzların xarakterində diqqəti çəkən əlamətlərdən biri də cəsurluq, ölümdən belə qorxmamaqdır. Bunu Dədə Qorqud ilə Dəli Qarcar qarşılaşmasında ibrətli – mənalı şəkildə görürük. Dəli Qarcar bacısına elçiliyə gələnlərin başına min cür oyun açır. Dədə Qorqud bunu bilsə də, Dəli Qarcardan bacısını Bamsı Beyrəyə istəməyə gedir. Burada xarakterin ehtiyatlı tərpənmək, təhlükəyə qarşı hazır olmaq kimi təzahürlərinə rast gəlirik...

Düşmənlər namərdliklə Salur Qazanı ələ keçirib bir quyuya salırlar. Onlar Qazanın qarşısında belə bir şərt qoyurlar: qopuz çalıb bizi tərifləsən, oğuzları isə həcv etsən, səni azad edərik! Beləliklə, Qazan bəy iki yol arasında (həyat və ölüm) qalır. Birincisi, həyat, yaşamaq şərəfsizliklə, Oğuz ləyaqətini tapdalamaqla əldə olunur. İkincisi – ölüm isə şərəf və ləyaqətin hər şeydən uca tutulduğuna görə verilir. Ölüm qorxusu olsa da şərəf və ləyaqət yolu seçilir. Qazan bəyin davranış və rəftarını motivləşdirən amillər ümumetnik əhəmiyyət daşıyır, müqəddəs və ucadır. O bunlara müvafiq qərarını verir, ikinci yolu seçir.

Dözümlülük, məğrurluq, təvazökarlıq və namusluluq KDQ qəhrəmanlarının səciyyəvi etnik-psixoloji əlamətləridir. Bəkil ov zamanı ayağını sındırır. O, günlərlə ağrıya dözərək bunu heç kimə demir, hətta arvadından da gizli saxlayır. Burada dözümlülüklə bərabər bir məğrurluq da vardır.

Salur Qazan evini, var-yoxunu çapıb talayan düşmənlə özü hesablaşmaq istəyir, Qaraca çobanın köməyindən istifadə etməyi qüruruna sığışdırmır. Buna görə də çobanı bir ağaca sarıyıb təkbaşına düşmənin üzərinə gedir.

Namus, şərəf oğuzlar üçün müqəddəs mənəvi sərvətdir. Şöklü Məliyin adamları Salur Qazanın var-yoxunu talan edir, qırx incəbelli qızla arvadını, anasını və oğlunu əsir aparırlar. Şöklü Məlik Qazan bəyin arvadını – Burla xatunu məclisinə gətirib şərab paylatmaq, bununla da Salur Qazanın və bütün Oğuz elinin ləyaqətini, şərəfini alçaltmaq istəyir. Ancaq “Qazan bəyin xatunu hansınızdır?” – sualına qırx incəbelli qız bir yerdə: “mənəm” – deyə cavab verir. Beləliklə, təhlükənin ilk anından sovuşma mümkün olur. Daha sonra Burla xatun vəziyyəti oğluna bildirəndə Uruz anasına deyir: “Saqın, qadın ana! Mənim üzərimə gəlməyəsən, mənim içün ağlamayasan. Qo, bəni qadın ana, çəngələ ursunlar. Qo ətimdən çəksünlər, qara qavurma etsünlər, qırq bəg qızının öninə ilətsünlər. Anlar bir yedigində sən iki yegil. Səni kafirlər bilməsünlər – duymasunlar” (D-5310).

Beləliklə, Oğuzun ləyaqəti, namusu qorunur, oğuzların istər kişisinin, istərsə də qadınının namus, şərəf yolunda ölümə belə hazır olduqları məlum olur.

Oğuz elində dostluq, yoldaşlıq da uca tutulur. İstər qrupdaxili, istərsə də tayfadaxili münasibət və ünsiyyətdə, adamların bir-birini qavramasında dostluq və yoldaşlığa yüksək ehtiram mühüm rol oynayır. Daş Oğuz ilə İç Oğuz arasında münasibətlər gərginləşir. Daş Oğuz bəyləri başda Aruz olmaqla Qazana qarşı çıxırlar. Daş Oğuz bəyləri Qazanı zəiflətmək üçün onun yaxın dostu və sağ əli Beyrəyi öz tərəflərinə çəkmək istəyirlər. Beyrək Aruzun və digər Daş Oğuz bəylərinin təklifini rədd edir və “mən Qazana dönük çıxmaram!” – deyə and içir. Belə olduqda Aruz Beyrəyi öldürür. Qazan isə öz dostu Beyrəyin qanını dayısı Aruzdan alır. Deməli, Oğuz elində igid, mərd dost namərd qohumdan çox yüksək sayılmışdır.

Oğuzlarda ailə daxilində ata-ana və övlad, ər-arvad münasibətləri səmimiyyət üzərində qurulmuşdur. Ata ailənin bacarıqlı başçısı, böyük qayğıkeşidir. Atanın ailədə nüfuzu şəxsi keyfiyyətlərinə əsaslanır. Ailə üzvləri arasındakı münasibətdə qarşılıqlı səmimiyyət, böyüyə və qadına ehtiram böyük rol oynayır. Ata çalışır ki, oğlu mətin xarakterli bir şəxs kimi yetişsin, layiqli bir varis olsun. “Ol zamanda oğul ata sözin iki eləməzdi. İki eyləsə, ol oğlanı qəbul eləməzlərdi” (D-13113). Dar gündə ata-oğul bir-birinin yardımçısı, həyanı idi. Ümumiyyətlə, oğuzlarda oğul ata-ana yolunda hər cür fədakarlığa hazırdır. “Duxa qoca oğlı Dəli Domrul boyu”ında ailə sədaqətinin mənalı ifadəsini görürük. Dəli Domrulun qadını ərinin yerinə Əzrayıla öz canını vermək istəyir.

Ömürlərinin sonuna qədər ailəsinə sədaqətli, vəfalı olmaq Oğuz elində hər bir qız üçün, qadın üçün həyati düsturdur. Uşun qoca oğlu Səgrək əsirlikdə olan qardaşının dalınca gedərkən yenicə toy edib, gəlin gətirdiyi sevgilisinə deyir ki: “Qız, sən mana bir yıl baqğıl! Bir yıldə gəlməzsəm, iki yıl baqğıl! İki yıldə gəlməzsəm, üç yil baqğıl!. Gəlməzsəm, ol vaqt mənim öldügimi biləsən. Ayğır atum boğazlayub, aşum vergil! Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl!” – dedi” (D-2612).

KDQ Oğuz etnik xarakterinin, psixologiyasının müxtəlif çalarlarını, incəliklərini aşkar edən situasiyalar ilə zəngindir. Oğuz xarakteri “gərdəyə girmək” hadisəsində də özünəməxsus şəkildə təzahür edir. Məsələn, Beyrəyə toy edib Banıçiçəyi gəlin gətirirlər. Ancaq Beyrək Bayburd qalasında dustaq olan otuz doqquz yoldaşını qurtarmayınca gərdəyə girmir.

Nişanlısını toy edib gəlin gətirdikdən sonra Səgrək də gərdəyə girmir. Ona görə ki, qardaşı yad bir ölkəyə gedib gəlməmişdir. Səgrək qardaşının dirisini və ya ölüsünü görməyincə gərdəyə girməyəcəyinə and içir.

KDQ iştirakçıları olduqca çevik və hərəkətlidirlər. Onlar tez-tez basqına məruz qalır, buna dərhal cavab qaytarırlar. Dastanlardakı hadisələri diqqətlə izlədikdə aydın olur ki, oğuzlar daha çox qaynar təbiətə malikdirlər, həssasdırlar, hər bir hadisəyə dərhal münasibətlərini ifadə edirlər. Məsələn, Bayındır xanın ziyafətində Dirsə xan qara otaqda oturduğu üçün çox təsirlənir və bunu təhqir hesab etdiyi üçün küsüb gedir. Əsirlikdə olarkən Burla xatun düşmənin fikrini oğluna bildirdikdə Uruz anasının tərəddüd etdiyini düşünüb ona bərk qəzəblənir və s.

Dastan iştirakçılarında psixoloji gərginliklər, halətlər sürətlə bir-birini əvəz edir. Salur Qazan Uruzun meydandan qaçdığını düşünüb böyük qəzəb içində onu ağır cəzalandırmaq istəyir, ancaq məsələni öyrəndikdə oğlu üçün kövrəlib ağlayır. Beyrək düşmənə qarşı amansız və “daşürəklidir”, ancaq, başqa bir situasiyada, məsələn, ata-anası qarşısında sevgilisi Banıçiçək ilə münasibətdə olduqca istiqanlı, kövrək qəlbli, həssas bir gəncdir. Bu cəhətlər temperament tiplərinin müxtəlif şəraitdə ayrıayrı şəxslərin davranış və rəftarında təzahür xüsusiyyətlərinə aid nümunələrdir.

Əkbər Bayramov