"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

D

DÖVLƏT TƏDBİRİ

DÖVLƏT TƏDBİRİ – 1997-ci il aprelin 20-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman verdi:

«KİTABİ-DƏDƏ QORQUD» DASTANININ 1300 İLLİYİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI

Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan «Kitabi- Dədə Qorqud» dastanının yaranmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən «Kitabi-Dədə Qorqud» yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur.

«Kitabi-Dədə Qorqud» dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədi ilə qərara alıram:

1. «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına tapşırılsın ki, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə BMT-nin YUNESKO təşkilatına müvafiq qaydada müraciət etsin.

3. «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasına müvafiq ştat vahidləri ayırmaqla üç nəfərdən ibarət işçi qrup yaradılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 aprel 1997-ci il

Bundan sonra görülən bir sıra dövlət tədbirləri yubiley hazırlıqlarını sistemə saldı və «Dədə Qorqud kitabı»nın öyrənilməsində bir canlanma yaratdı. 1999-cu il fevralın 21-də dastanın 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında prezidentin sərəncamı imzalandı. Heydər Əliyevin sədrliyi ilə Dövlət Komissiyasının 1999-cu ilin 16 fevral və 18 aprelində, 2000-ci ilin 11 martında iclaslar keçirildi. İclaslarda işlərin gedişi təhlil olundu və qarşıda duran məsələlərə aydınlıq gətirildi. Ölkə prezidenti rəsmi sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi müsahibələrində dönə-dönə Dədə Qorqud mövzularına qayıdaraq, dastanın tarixi, mədəni dəyərindən danışmış, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri kimi qiymətləndirmişdir. 1300 illik yubiley üzrə Dövlət Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər qaldırmış, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradılmasını tövsiyə etmiş, kino, televiziya, radio və mətbuat işçiləri üçün perspektiv tapşırıqlar vermiş, Dədə Qorqud dastanı ilə bağlı park kompleksinin hazırlanmasını gündəliyə gətirmişdir. Prezident bu məsələni xüsusi vurğulayırdı ki, dastanın öyrənilməsi yubileylə dayanmayıb, fasiləsiz davam etsin.