D
DON, TON
DON, TON – Oğuzlarda həm konkret üst geyimi, həm də ümumən paltar, geyim. “Qaravaşa don geyürsən, qadın olmaz” (D-37). Yaxud: “Yalıncaq görsəm, donadayım sənin içün!” (D-1691). Donun qaradan başqa bütün rəngləri oğuzlar üçün məqbul sayılmışdır. Qara rəngli parçadan tikilmiş don başlıca olaraq kafirlər, qismən də dərvişlər üçün səciyyəvi sayılmışdır. Bütün dastan boylarında qeyri oğuzlar “qara donlu kafir” adı ilə təqdim olunmuşdur. Bu da təsadüfi deyildi. Qədim oğuzlarda qara rəng şər, bədxah qüvvələrin timsalı və rəmzi hesab edilirdi. “Qara donlu, azğun dinlü kafirlərə bir oğul aldırdınsa, degil mana” (D-13810). Yaxud: “Qara donlu dərvişlərə nəzirlər verdim” (D-2411). Oğuzlar zamanından dəbdə olan bu üst geyim tipi əski formasını saxlamaqla, zəmanəmizədək gəlib çatmışdır. Həm də qədim dövrlərdə olduğu kimi, son vaxtlardakı don (arxalıq) da həm kişi, həm də qadın geyim tipini bildirməklə biçim üsuluna görə oxşar idi. Müasir dövrə gəlib çatmış qadın və kişi arxalıqları üç hissədən: qol, gövdə və ətəkdən ibarət biçilib tikilirdi. Bunların arasında cinsi fərq yalnız xırda işləmələrdə, əsasən yaxanın və qolların formasında nəzərə çarpırdı. Çox güman ki, bu cüzi fərqlər oğuzların “don” adlandırdığı qədim arxalıqlarda da mövcud olmuşdur. Dastan boylarında donun o zamankı məqbul rəngləri (ağ, sarı, al, qismən qara) barədə tam təsəvvür yaranır: “Ağ donuma kir əgləndi səninçün” (D-1461), yaxud: “Gözəllər sərvəri Sarı donlı Selcan xatunı alsam” (D-17712) və ya: “Cəmi yanında olan qızlar al geymişlərdi, kəndü saru geymiş idi” (D-17812). Oğuzlar arasında “don”, həmçinin zireh, cəng köynəyi mənasında dəbdə olmuşdur. Bu halda o “dəmir don” yaxud “əgni bəg (bərk) dəmir don” adı ilə təqdim edilir: “Əgin bəg dəmür donum saqlardım bu gün içün” (D-1299); “Əgni bək dəmür donun, mana, vergil” (D-24511); “Əgni bərk dəmür donum göyərdim!” (D-2972); “dəmir donlu oğuz (D-2861) və s. |