"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

D

DƏRBƏND, DƏMİRQAPU DƏRBƏND

DƏRBƏND, DƏMİRQAPU DƏRBƏND – KDQ-də üç boyda (II, D-60-2; VII, D-2057; IX, D-244-6) adı çəkilir. Boylarda deyilir: “Dəmirqapu Dərbənddəki Dəmirqapuyı dəpib alan...” (D-60-2) və ya “Əvvəl Dəmirqapu Dərbənddə bəg olan, qarğu sügü ucında ər bögürdən” (D-205-7); “...Dəmirqapu Dərvəndindən xəbər varmış, Alca atlu Şöklü Məlik qatı pusmuş...” (D-244-6).

Dəmirqapu Dərbənd Qafqaz Albaniyasının qədim şəhərlərindən biridir. Dərbənd haqqında latın, yunan, ərəb, fars, türk, erməni, gürcü, rus və s. mənbələrdə, həmçinin orta əsr Avropa müəlliflərinin əsərlərində maraqlı məlumatlar var. Əsas tarixi mənbə kimi “Dərbəndnamə” xüsusilə əhəmiyyətlidir.

Dərbənd şəhərinin salınması və qalanın tikilməsi tarixi haqqında fikirlər müxtəlifdir. Qədim müəlliflər qalanın əsasən mühafizə əhəmiyyətli bir istehkam məqsədilə tikilməsi və möhkəmləndirilməsinin Sasani hökmdarlarından üçünün II Yezdəgirdin (438-457); Kavadın (488-531); I Xosrov Ənuşirəvanın (531-579) adı ilə əlaqələndirirlər. Lakin IX-X əsrlərin ərəb müəllifləri bir ənənə olaraq Dərbənd qalasının Kavad və I Xosrov Ənuşirəvan tərəfindən tikildiyini göstərirlər. Bu barədə Balazuri (IX), İbn-əl Əsir (1160-1234), İbn-əl Fakix (X), İbn-Xordadbi (IX-X), coğrafiyaşünas Yakubi (IX-X), Məsudi (X), Yakut əl Həməvi (XIII) və başqalarının əsərlərində qiymətli tarixi məlumatlar qeyd edilmişdir.

Balazuri Dərbənd qalasının sasani hökmdarı Kavadın oğlu I Xosrov Ənuşirəvan tərəfindən tikildiyini bildirir. Sonralar isə bu məlumat XIII əsr müəllifi Yakut əl Həməvi tərəfindən təkrar edilir. Ancaq 1970-76 illərdə Dərbənddə aparılmış arxeoloji tədqiqat işləri zamanı hələ e.ə. VII-VI əsrlərlə səsləşən qədim yaşayış məskənləri aşkar edilmişdir. Bu da şəhərin daha qədimliyini və strateji əhəmiyyətini təsdiq edir. Görünür Skif, Sarmat, hun, alan, Xəzər və başqa tayfalar Qafqaza və Ön Asiyaya axınları zamanı Dərbənd keçidindən istifadə etmişlər. Köçərilərin birləşmiş qüvvələrinə qarşı İranın, sonralar isə ərəblərin şərqi Zaqafqaziyada əsas dayaq məntəqəsi hesab edilən Dərbənd mənbələrdə türkcə – Dəmirqapı, Dəmirqapı Dərbənd; ərəbcə – Babül-hədüd, Babul-əbvab, farsca – Dərbənd; yunanca – Cur, ermənicə – Bah, Cor, Cor qapısı; gürcücə-Drubəndi; monqolca – Teymur Kühülqa həmçinin Xəzər Dərbəndi, Şirvan Dərbəndi, Bakı Dərbəndi və s. adlarla xatırlanır. Sasanilər Dərbəndə “Dərbəndi Xəzran” – Xəzər qapısı da demişlər.

Dərbənd qapısı (Cor qapısı) barədə Moisey Xorenlinin coğrafiyasında (VII), M.Kalankatunlunun (VII) Alban tarixində, həmçinin Azərbaycan coğrafiyaşünası Bakuvinin (XIV-XV) əsərində diqqəti çəkən mə’lumatlar verilmişdir.

Abd-Ar-Rəşid Al Bakuvi, Alman səyyahı Adam Oleari (VII), Türk səyyahı Övliya Çələbi (XVI) və başqaları Dədə Qorqudun qəbrinin Dərbənddə olduğu barədə məlumat verirlər. Dərbənd qalasının Makedoniyalı İskəndər tərəfindən tikildiyi barədə fikirlər var.

Övliya Çələbi Dərbənd haqqında yazır: “Bəzi tarixçilərin yazdıqlarına görə bu qalanın əsasını hökmdar İskəndər Zülqərneyn qoymuşdur. Qalanın dəmirqapı adlanmasının səbəbi budur ki, divarlar tikilərkən İskəndərin əmri ilə oraya qapılar, önünə gözətçilər qoyulmuşdur. Ənuşirəvanın dövrünədək salamat qalan həmin qapılara görə qalaya Dəmirqapı deyilmişdir.

Dərbənd möhtəşəm qala hasarı ilə yanaşı, tarixi abidələri və görkəmli şəxsiyyətləri ilə də məşhurdur. Abidələrdən bayat qapısı, Orta qapı, Türkmən qapısı, Carçı qapısı, Qırxlar qapısı, Qırxlar qəbiristanlığı türk dünyasının xatirələrini yaşadır. Minarəli məscid (XIV), Şah Abbas məscidi (XVII), Sultan Bayat hamamı (XVII-XVIII), Xan məqbərəsi (XVIII), yer altı su ambarı (VIII-XVII), Xan sarayının qalıqları (XVIII), qaravulxana (XIX) Dərbəndin zəncin tarixindən xəbər verən çox qiymətli sənətkarlıq abidələridir. Dərbənddə M.Ə.Kazım bəy qardaşları kimi görkəmli şərqşünaslar, Qumru, Şuai, Süpehri kimi şairlər, görkəmli alimlər, elm və mədəniyyət xadimləri, filosoflar yetişmişdir. Ş

irvanşahlar sülaləsinin (1382- 1538) görkəmli nümayəndələri: I İbrahim (1382-1417), I Xəlilullah Fərrux Yasər (1462-1500), II İbrahim Şeyx Şah (1502-1524), II Xəlilullah (1524- 35), Şahrux (1535-1538) öz dövrlərinin görkəmli şəxsiyyətləri olmuşlar.

Türk xalqlarının daimi yaşayış ərazilərinin relyefindən asılı olaraq Dərbənd adı iki dağ arası, dar keçid, dağ və çay arası keçid, keçid qapısı mənalarında geniş yayılmışdır. Xüsusən türk xalqları yaşayan ölkə və əyalətlərdə bu toponimə tez-tez rast gəlmək olur. Məs.: Dərbənd-Türkiyənin Konya elinin mərkəzinə bağlı bir bucaq; Türkiyənin Qoca eli ilə bağlı bir bucaq; Türkmənistanın Qeves rayonunda dağ keçidi; Bexerden rayonu ərazisində dağ keçidi; dağın ağzı, fars dilində “yapıq qapı” (Azərbaycanın Gədəbəy, Naxçıvan ərazilərində toponim).

Dərbənd//Dəmirqapı Dərbənd adı VI-VIII yüzilliklərin daş kitabələri olan Kültiqin yazılarında türk xaqanlarının geriyə hücum istiqaməti kimi dəfələrlə yad edilir.

KDQ-də Dərbənd toponimi dəmir qapu Dərbənd (III, D-9311), qara Dərbənd ağzı (III, D-7011), Qapulu Dərbənd (II, D-396), Qanlu qara Dərbənd (IV, D-14212), Pasinik qara Dərbənd (III, D-718) adları ilə təkrar olunur.

Ədəbiyyat:

KDQE, I c., B., 2000. Abu İsak al-farsi al İstəhri (850-934).

Kitabi-məsalik al Mamalik (Dövlətlər və yollar haqqında kitab).

Yakut al-Həməvi, Mudjam Al Buldan. B., 1983.

Abd Ar-Raşid Əl-Bakuvi Kitab Talxis Əl-Kaxxar. M., 1971.

İbn əl-Əsir. Əl-Kamil fi-t-Tarix. B., 1959.

Bakıxanov A. Gülüstani-İrəm. B., 1988.

Xəlilov P. Kitabi-Dədə Qorqud – intibah abidəsi. B., 1993

. Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı, B., 1988.

Türk Ansiklopedisi. Ankara, 1966, c.VIII.

İslam Ansiklopedisi. İst., 1979. “Derbent qornaə stena”. M., 1979.