D
DƏDƏ
DƏDƏ – KDQ boylarının dilində “ata”, “baba” sözləriylə yanaşı işlənən bir söz. Lüğəti “baba” mənasında “Salur Qazan tutsaq olub Uruz çıqardığı boy”da bir kişi Bayandır xandan söhbət gedən zaman Qazan xanın oğlu Uruza deyir: “Yox, ol ananın babasıdır, sənin dədəndir” (D-282). Sonralar fars və ərəb dillərinə də keçən, M.Kaşqarlının “Divanü-lüğatit-türk” əsərində Oğuzca olduğu qeyd edilən, “dədə” sözünün “cədd, əcdad” mənası da var. Qədim inanışlarla bağlı olub mənəvi-ruhani ata özəlliyi daşıyır və ulus ağ-saqqalının, soy başçısının ruhuna tapınmağın izini yaşadır. Pir, ocaq adlarında da yüksək tezliyə malikdir. Məs., Azərbaycanın Tovuz bölgəsində Aldədə ocağı (“Aldədədə olur möcüzat zühur” (Aşıq Ələsgər), və ya Şamaxıdakı müqəddəs daşının şəfaverici gücünə inanıldığı Dədə Günəş piri və b. kimi. Görünməzlər dünyasıyla, ilahi aləmlə bağlılıq əlamətlərini özündə daşıyan (təsəvvüf sistemində rəmzi – ürfani səciyyəlidir. Bir çox təriqətlərdə mərtəbə adı bildirir. Bəktaşilikdə Peyğəmbər soyundan gələnlərə “Dədə” deyilir), gündəlik həyatda “dədə-baba” kimi də işlənə bilən bu anlayış milli - dini əfsanə qəhrəmanlarına, övliyalıq qatına yetişənlərə və din ulularına verilən ad idi. Ən sayılan el aşıqları bu adla bilinir, tanınırdı (Dədə Qasım, Dədə Yunus, Dədə Alı və b.). “Ğayibdən dürlü xəbərlər söyləyən, Haq – təalanın könlünə ilham etdiyi” övliya Qorqudun adı KDQ-də 4 dəfə “Ata” sözüylə (D-2), 50 dəfədən də çox “Dədə(m)” sözüylə işlənir (“Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı...”). Mətndə 18 dəfə “Dədə” adı, bircə dəfə də Dəli Qarçarın dilindən Dədə Qorquda müraciətlə “Dədə Sultan” (D-88) ifadəsi keçir. Cəlal Bəydili |