"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

Ç

ÇUXA

ÇUXA – Oğuzlar arasında “çuqa”, “çuğa”, yaxud “cuğa” adı ilə bəlli olan bu geyim tipinin adı qədim türk dillərində “mahud” mənasını bildirən “çoha” istilahının danışıq dilində səs dəyişməsindən yaranmışdır. Digər türk xalqları kimi, görünür, oğuzlar da çuxanı ilk vaxtlar yundan toxunmuş mahuddan tikirmişlər. Parçanın adı geyim tipində öz ömrünü yaşatmışdır.

KDQ-də əsasən kişi üst geyim tipi kimi təqdim edilən çuxa biçim üsuluna və tikiş texnikasına görə əsrlər boyu elə bir ciddi dəyişikliyə uğramamışdır. Zəmanəmizədək gəlib çatmış çuxalar kimi, oğuzların da çuxası gövdə (əyin), qol və ətək olmaqla üç hissədən ibarət biçilib tikilirmiş. Hazırda məişətdən çıxmış və yalnız rəqs ansambllarının milli geyim formasında özünə yer tapan çuxanın ətəyinin formasına görə, “kəmər çin” (büzməli) və “kahlı” (taxtalı) olmaqla, iki əsas növü geniş yayılmışdı. Oğuz boylarında adi çuxa ilə yanaşı, Bayındır xana hədiyyə olaraq ayrılan “toquzlama çuğa”dan, yaxud bəzəkli “çırğab çuxa”dan bəhs olunur: “Bir yigit olsa, dirisi xəbərin gətürsə, çırğab çuxa, altun-aqça verərdim” (D-933); yaxud: “Quşun ala qatını, qumaşın arusını, qızın gögçəgini, doquzlama çırğab çuxa xanlar xanı Bayındıra pəncik çıqardılar” (D-1213). Xan üçün hədiyyə, bəxşiş məqsədi ilə ayrılan bəzəkli çuxa doqquz “taxta”dan (kahdan) ibarət biçilib tikilirmiş. Çuxanın bu növü, yə’ni ətəyi doqquz kahdan ibarət olan çuxa Azərbaycanın Şirvan bölgəsində yaxın keçmişədək qalmaqda idi.

Dastanın bir yerində cübbə və çuxanın həm də qadınlara məxsus geyim tipi olduğu anlaşılır: “Böylə digəc qız tanıdı – bildi kim, Beyrəkdir. Cübbəsiylə- çuxasıyla Beyrəgin, ayağına düşdi” (D-1171)

Zəmanəmizədək gəlib çatmış çuxa növləri arasında “düzyaxa”, “oyma-yaxa”, “atmaqol” çuxalar, hətta odlu silah meydana çıxandan sonra “vəznəli” çuxa geniş yayılmışdı. Oğuzlar arasında dəbdə olmuş çuxa formaları ilə bunların arasındakı tipoloji oxşarlığı izləmək üçün mövcud materiallar imkan vermir.

Çuxanın mənşəyindən bəhs edən mütəxəssislərin bir qismi onun bürüncəkdən bəziləri isə uzun ətəkli kişi xalatından meydana gəldiyini və e.ə. V əsrin arxeoloji materialları ilə səsləşdiyini ehtimal edirlər.