"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

C

CÜBBƏ

CÜBBƏ – həm kişi, həm də qadın üst geyim kompleksini tamamlayan qədim tarixə malik libas növü. KDQ dastanlarında çox vaxt çuxa ilə, bəzən isə don ilə yanaşı işlənir:

“Çigin quşlu, cübbə don vergil bu oğlana,

Geyər olsun, hünərlidir!” (D-184)

Yaxud: “Cılasun qoç yigitlərə qalaba ölkə verdi: şalvar, cübbə, çuqa verdi” (D-658). Bəzən isə dastanlarda cübbə ilə qoşa işlənir: “cübbə-çuğa çırğab geyürdi” (D-2534). Buna baxmayaraq, dastan materiallarından anlaşıldığı kimi, bunlar biçim üsulu və tikiş texnikası etibarı ilə bir-birindən fərqli geyim tipləri olmuşdur. Cübbə bədənə kip yatan çuxaya nisbətən gen və uzun ətəkli olmaqla, soyuq havalarda onun üstündən geyilir. Həm də qollu və ya qolçaqlı tikilən çuxadan fərqli olaraq, cübbəni bilavasitə qoldan bədənə geymir, sadəcə çiyinə alıb ona bürünürmüşlər. Bu cəhət dastanlarda cübbə ilə bağlı müxtəlif məqamlarda bəhs edilən söhbətlərdən də aydın görünür: “...qırq cübbə bürinüb otuz yedi qala bəginin, məhbub qızlarını çalub bir-bir boynın qucan... İlək qoca oğlı Alp Ərən çapar yetdi” (D-6211). Cübbənin yapıncısayağı gen gövdəli geyim tipi olduğu başqa misallardan da anlaşılır. Dastan qəhrəmanlarından biri olan Beyrəyi Aruz qoca ölümcül qılınclayandan sonra onu atın belinə aşırıb “cübbəsin üzərinə örtdilər” (D-2982).

Kişi cübbəsindən fərqli olaraq əsilzadə qadınların cübbəsinin yaxasının kənarlarına və ətəyinə qiymətli xəz dəri tikilərmiş. Bu səbəbdən də bu geyim növü xəzli heyvanın adını daşıyırdı: “Xan qızı boyı uzun Burla xatun, Qazanın gəldügin eşitdi... Samur cübbəsin əgninə aldı” (D-1354). Qeyd etmək lazımdır ki, Azərbaycanda bayram libasına daxil olan üst geyimlərinin yaxasına və ətəyinə xəz dəridən bəzək vurmaq ənənəsi XX əsrin əvvəllərinə qədər davam etməkdə idi.