"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

B

BURLA XATUN, BOYI UZUN BURLA XATUN

BURLA XATUN, BOYI UZUN BURLA XATUN – Bayandır xanın qızı, Qazanın arvadı, Uruzun anası. İncəbelli, ağüzlü, qara saçlı bu qadın “Boyu uzun Burla xatun” deyə çağrılır.

“Salur Qazanın evi yağmalandığı boy”da (II) düşmən tərəfindən əsir edilmiş Burla xatun ailə namusu, qadınlıq şərəfi yolunda ən ağır əzablar, gərgin ruhi iztirablar keçirməli olur.

Ailə namusu və övlad məhəbbəti ana üçün ülvidir. Lakin onun üçün namus hər şeydən yüksəkdir. Oğlu da namus və qeyrətdə öz qəhrəman anasına layiq oğul olduğunu sübut edir. Ananın Şöklü Məliyin dustaqlığında namusunu qorumaq üçün oğlunun öldürülməsinə razı olması, at üstündəki qəhrəmanlığından daha böyükdür.

Burla Xatun bir ana olmaqdan başqa döyüş meydanında ərini – ağır yaralanmış həyat yoldaşını qılınc-qalxanla mühafizə edən qorxmaz bir qəhrəman kimi iştirak edir.

“Şəcəreyi-Tərakimə”də Oğuz elinə bəylik etmiş yeddi şərəfli və qəhrəman qadından biri kimi Burla xatunun da adı çəkilir.