B
BAYAT
BAYAT – KDQ-də tayfa adı.Bayat Gün xanın oğlu olmaqla oğuzların hakim sinfini təşkil edən “Boz ox”lardan sayılır. Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boylarına qədər görünən bayatların tarixi varlığını göstərən maddi və mənəvi mədəniyyət izləri qalmışdır. Əldə olan qaynaqlara görə, bir çox türk xalqlarının kökü oğuzlarla bağlıdır. Bu da bəllidir ki, oğuzlar ayrı-ayrı türk uruqlarının birləşməsindən yaranmışlar. Bayat bu uruqlar içərisində özünəməxsus yer tutur. Bayat Oğuz xanın nəvəsi, Gün xanın oğludur. Əbulqazi Bahadur xan Xivəli (1602-1664) “Şəcəreyitürk” əsərində yazır: “Oğuz xanın altı oğlu var idi: Gün xan, Ay xan, Yıldız xan, Göy xan, Dağ xan, Dəniz xan. Bu altı xanın hər birinin də qanuni xatunlarından dörd oğlu var idi. Gün xanın böyük oğlunun adı Qayı, ikincisininki Bayat, üçüncüsününkü Alqaöylü, dördüncüsününkü Qaraöylü idi. Gün xanın oğlu Bayat oğuz uruqlarının toplantılarında xanın sağ yanında oturar, oğuz ordusunun sağ qoluna başçılıq edərdi. Oğuz kübarlarına məxsus “Bəy şülən” deyilən məclislərdə xan ilə birlikdə qoçun sağ budunu yeyərdi”. Bayatların çox ölkələrə dağılmaları və Dış (Taş) oğuzların aparıcı qolunu təşkil etmələrini göstərən prof. Z.V.Toğan yazır: “Şimaldan qalxıb cənuba yerləşən Uyrat-Uyğurlar, Qayat-Qayalar, Qanıqlıyut-Qanıqlılar və BayautBayatlar ismini daşıyan qəbilələr əslən türk olub, bir qismi Çingizin zühuru zamanına qədər moğollaşmış idilər”. “Bayatlar Çingiz xana kölə deyil, onun ətrafında toplanan bir çox qəbilələrdən biridir” – deyən Jozef Dögin bu haqda yazır: “Temuçinə tabe olan qəbilələr (Bayautlar, Səcivətlər) camuqa adında bir rəisin tərəfini saxlardılar”. Bu deyilənlər onu göstərir ki, oğuz oymaqları arasında yaşayan bayatlar türkcəni qorumuş, moğollar arasında yaşayan və onlara qarışanlar isə tədricən moğollaşmışlar. Bayatların ana yurdu haqqında çeşidli qaynaqlarda geniş bilgilər vardır. Əbülqazi Bahadur xan bu xüsusda danışarkən yazır: “Bayatların uruqları çoxdur. Mühümləri cidayin nəhri kənarında yaşayan “cidayin Bayatlar” və Məkrin nəhri kənarında yaşayanlar isə “Məkrin Bayatlar”dır. Muraza Duhsun isə: “Bayatlar cida kənarında yerləşmişdilər” – deyə qeyd edir. Bu haqda ən geniş məlumat “Türk ensiklopediyası”ndadır. Oradakı məlumatları ümumi şəkildə belə xülasə etmək olar. Bayatlar XI əsrdən öncə SırDərya sahillərində və onun şimalındakı bozqırlarda yaşayırdılar. Onların bir qismi sonradan səlcuq (yaxud türkmən) fəthlərinə qatılaraq Sır-Dəryadan Adalar dənizinə (Ege dənizi) qədər uzanan böyük imperiyaların qurulmasında mühüm rol oynamışlar. XIX yüzilliyin ortalarında Mərəş bölgəsində Zülqədərin bəyliyini quran və Sivas ətrafında yurd salmağa çalışan Şam və ya Özoğlu türkləri arasında mühüm bir mövqeyə sahib olan və əksəri bu günkü Yozqad məntəqəsində yerləşən bu bayatlar Şam bayatı adı ilə Suriyada qalmış olan qardaşlarından ayrılmışdır. XV əsrin başlanğıcında İntab ilə Hələb arasında yaşayan bayatlar XVI əsrdə digər türkmənlərlə birlikdə Hələb türkmənlərini meydana gətirmiş, XVI əsrin əvvəllərində “Bayadi” adı ilə tanınmışlar. Anadolu və Antalyada isə ən məşhur oymaqlar olan Xəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd salmışlar. XVI əsrdə bunların bir qismi Qaraman, bir qismi də Adana bölgələrinə köçmüşlər. KDQ-dəki müqəddimədə və bir çox mənbələrdə göstərildiyi kimi, Dədə Qorqud bayat elindəndir. “Bayat” sözünün kökü və mənası haqqında çoxlu fikirlər var. 1) Mahmud Kaşğarlı bu sözün arğu dilində “ulu Tanrı” mənasını verdiyini və oğuz qəbilələrindən birinin adı olduğunu qeyd edir. 2) Yusif Xas Hacib Balasağunlu özünün məşhur “Kutadğu bilik” əsərində “Bayat tanrı”nın adını çəkir və “Bayat adı birlə sözüm başladım” – deyə onu yad edir. 3) Bəzi tədqiqatçılar Bayatın su ilə bağlı ərən-tanrı olduğunu göstərməkdədir. L.N.Qumilyov “Qədim türklər” adlı əsərində yazır ki, qədim türklər (o sıradan da azərbaycanlılar) təbiətin sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrılara inam bəsləmişlər. 4) Əbülqazi xan Xivəli isə yazır: “Bayat”ın mənası “dövlətli” deməkdir. 5) Bayat “zəngin” və “neməti bol olan” deməkdir. 6) Bayat “düşmənə qarşı gecə axınları yapan” deməkdir. 7) Bayat – musiqidə bir muğam adıdır. 8) Bayat “köhnə, təzə olmayan, zamanı keçmiş” deməkdir. 9) A.N.Samoyloviç belə hesab edir ki, “Bayat” sözü “dövlətli” mənası verən “bayat”dan əmələ gəlmişdir və onun sonundakı “t” qədim türk dilində cəm şəkilçisidir. 10) Salman Mümtazın bayat boyunun Azərbaycan ədəbiyyatındakı mühüm rolu haqqındakı qeydləri maraqlıdır. O yazır: “Divani – lüğat it-türk”, “Dədə Qorqud”, “Oğuznamə”, “Şəcəreyi- türk” və başqa bəzi ərəbi, farsi, türki mənbə və məxəzlər Bayat boyunun, Bayat elinin mövhum olmayaraq gerçək və həqiqət olduğunu isbat etməkdədirlər. Bu ad haqqında bu günə kimi heç bir ixtilaf törənməmişdir. Bəzi müəlliflərin yazmalarına görə, Bayat Oğuz xanın oğlu Gün xanın ikinci oğludur. Ağıllı, fərasətli, bay, varlı olduğu üçün onu “Bayat” adlandırmışlar. Bu təsmiyyənin vəchi isə Bayatın öz qardaşlarından hər bir cəhətdən üstün və bay, başqa igidlərdən də cəsur və ötkün olması imiş. Adın mənası da təqribən “adlı-sanlı”, “məruf” və “məşhur” deməkdir”. Salman Mümtaz bu sözü parçalayıb aydınlaşdırır: Bay – varlı, böyük, bəy; at – ad, isim, nam. “Bayata nisbət olan ulusa, elə, xalqa bayat və bəyat deyirlər. Bayatlar Azərbaycanda əsaslı kök salmış və olduqca qabiliyyətli bir uruq kimi tanınmışdır”. Azərbaycanlıların etnogenezində əhəmiyyətli rol oynayan bayatların adı musiqimizdə də qorunub saxlanmışdır: “Bayatı-əcəm”, “Bayatı-İsfahan”, “Bayatı-kürd”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar”, “Çoban bayatı” və b. Hələ XIX əsrdə Azərbaycanın topoqraf alimi İbrahim ağa Vəkilov Azərbaycanda “Bayat” adlı 5 kənd göstərir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə Şamaxı qəzalarında idi. “Azərbaycanda məskun yerlərin siyahısı” kitabında isə “Bayat” adı ilə bağlı aşağıdakı kənd sovetlikləri, kəndlər və onların əhalisinin milli tərkibi göstərilmişdir: 1) Ağcabədi: Bayat kənd sovetliyi, əhalisi 97,9 faiz türklər (azərbaycanlılar); 2) Dəvəçi: a) Sincan Bayat, b) Uzun Bayat kəndləri. 27.150 təsərrüfat, əhalisi 99,2 faiz türk; 3) Göyçay: Bayat, 146 təsərrüfat, əhalisi 98,9 faiz türk; 3) Şamaxı: Bayat, 22 təsərrüfat, əhalisi 88 faiz türk. Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatlıların adını yaşadan bayatılardır. Ədəbiyyat: ASE. I cild. B., 1976. Azərbaycanda məskun yerlərin siyahısı. RƏF, inv. 19734. Vəkilov İ.A. “Bayat” adlı kəndlər haqqında coğrafi məlumat. RƏİ, ar.-38, Q-12/269. Salman Mumtaz. “Bayat” kəlməsi haqqında qeydlər. RƏF, arx.-38, Q-32/570. Salman Mumtaz. Azərbaycan bayatlarından yetişən ozan, alim, şair və saz aşıqları. RƏİ, arx.-38, Q-8/183. Salman Mümtaz. Azərbaycan ədəbiyyatı. Aşıq Abdulla. – Bakı, 1927. Təhməzov M. “Bayatı” sözü haqqında. – “Azərbaycan” j., 1979, № 9. Гумилев Л.Н. Древние тюрки. – М., 1967. Родословная туркмен. Сочинение Абул- Гази хана Хивинского. – Издание А.Н.Кононова. М.-Л., 1958. Самойлович А.Н. “Богатый” и “бедный” в тюркских языках. Известия АН СССР, отделение обществ. наук, 1936, № 4. Kaşğarlı M. Divani lüğat-it-Türk tercümesi, – Ankara, 1941, III c. Toğan Z.V. Umumi Türk tarihine giriş. – İst, 1969. Türk Ansiklopedisi. I cilt. “Beyat” maddesi. – Ankara, 1958. Dögin. Hunların, türklerin, moğolların ve daha sair garbi tatarların tarihi-umumisi. Mütercimi Hüseyn cahid. I cild. – İst., 1924. Duhsun M. Moğol tarixi. – İst., 1342. Bəyadi H. cami-cəm-ayin. – İst., 1915. Xivə xanı Əbülqazi. Şəcəreyi-türki.- Dərsəadət, 1925. Aydın Qasımov |