A
AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASILIĞINDA
AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASILIĞINDA – Azərbaycan ədəbiyyatşünaslığında KDQ-nin tədqiq tarixi Orxon-Yenisey abidələrinin artıq oxunmağa başlandığı, ümumən qədim türk yazılı abidələrinə marağın artdığı, dastanın ayrı-ayrı boylarının bədii tərcüməyə cəlb edildiyi bir vaxta təsadüf edir. XX əsrin əvvəlində KDQ artıq türk tədqiqatçılarının da diqqətini çəkir və onun orijinalı əsasında ilk bütöv nəşr hazırlanır. Kilisli müəllim Rifətin belə bir işə girişməsi bir çox türk tədqiqatçılarını da KDQ-nin ədəbi tarixi mənşəyinə, məzmununa və bədii-poetik spesifikasına nəzər salmağa yönəldir. 20-ci illərin əvvəlində KDQ ilə ilk dəfə fundamental surətdə Əmin Abid məşğul olmuşdur. O, “Azərbaycan türklərinin ədəbiyyat tarixi”nin I cildinin böyük bir qismini KDQ-yə və digər oğuznamələrə həsr etmişdir. Azərbaycan ədəbiyyatını ümumtürk ədəbi kontekstində araşdıran Ə.Abid KDQ-ni “Əşirət dövrünə aid ən qədim vəsiqə”, oğuznamə hesab edir, onun yazıya alınması, ifadə etdiyi geniş tarixi informasiya, dastanın boyları və obrazları, bədii- poetik səciyyəsi haqqında maraqlı mülahizələr irəli sürür. Ə.Abidin “Oğuznamə”, “Kitabi-Dədə Qorqud”- un mətni haqqında məlumat”, “Azərbaycan folkloru” və s. çap olunmamış əsərlərində də KDQ-yə geniş və əhatəli elmi nəzər salınır. Ədəbiyyatşünasın ən əsas qənaətləri Azərbaycan ədəbiyyatının KDQ ilə başlamadığını və bu abidənin Azərbaycan gerçəkliyi ilə doğmalığını sübut etmək olmuşdur. 1923 ildə tədqiqatçı M.Mirbağırov KDQ haqqında məqalə çap etdirmişdir. Məqalədə KDQ-dən “əski türk ədəbiyyatı nümunələri” kimi bəhs edilir, dastanlardakı obrazlar, örnək kimi götürüləsi fədakarlıq və qəhrəmanlıqlar, oğuzların tarixi və məişəti ilə bağlı epizodlar təhlil olunur. 30-cu illərin ədəbiyyatşünasları KDQ-dən bu və ya başqa dərəcədə bəhs etmişlər. KDQ görkəmli dilçi, ədəbiyyatşünas və türkoloq B.Çobanzadənin diqqət mərkəzində olmuş, o, dastanları yüksək qiymətləndirmişdir. Təəssüf ki, Orxon-Yenisey abidələri, “Kodeks Kumanikus”, “İbn Mühənna lüğəti” və s. əsərlər barədə geniş tədqiqat aparmış B.Çobanzadənin KDQ haqqında yazdığı elmi əsər indiyədək tapılmamışdır. 1928 ildə H.Zeynallı, A.Şaiq, A.Musaxanlı, c.Əfəndizadənin müəlliflikləri ilə “Ədəbiyyatdan iş kitabı” çapdan çıxır. I hissədə H.Zeynallının “Xalq ağız ədəbiyyatı” adlı araşdırmasında KDQ-dən də bəhs olunur. Belə bir məqama diqqət yetirilir ki, Dədə Qorqud “hekayələrində” fərdiyyətçilik psixologiyası, mal-mülk məsələsi çox qabarıq şəkildə ortaya çıxır, hətta Dədə Qorqud kimi dünya görmüş ozanlar da el həyatından ayrılıb “öz xanına” mənsub mənzumələr yazmağa girişirlər. Araşdırmadan görünür ki, H.Zeynallı KDQ boylarına sinfi baxımdan, bir qədər də ehtiyatla yanaşmışdı. O, belə bir fikir söyləyir ki, “Orxon kitabələri”, “Qutadqu bilik”lər heç bir zaman nə ruhunu, nə dilini, nə də üslubunu dəyişə bilməyib, əsrlər boyu birər abidə halında saxlanılacaqdır”. Həmin kitaba A.Musaxanlının da KDQ-dən bəhs edən “Qutadqu bilik” və “Kitabi-Dədə Qorqud” məqaləsi daxil edilib. Məqalədə, o, “Qutadqu bilik” dən və Orxon kitabələrindən bəhs edir, birincini Orxon abidələrinin inkişafı və təkamülü kimi qiymətləndirir. A.Musaxanlının fikrincə, KDQ “lisan və mündəricəsi ilə ilk azəri əsəridir...” “Oğuznamə” isə Azərbaycan torpaqlarının ərəb işğalından qat-qat əvvəl “türklər arasında bir kitab halında bulunmuşdur”. İstər H.Zeynallının, istər B.Çobanzadənin, istərsə də A.Musaxanlının elmi axtarışlarında türkoloji fikrin nailiyyətlərinə, xüsusən M.F.Köprülünün hələ 20 illərdə apardığı tədqiqatların nəticələrinə əsaslanmaq cəhdləri də istisna deyil. Xüsusən türk ədəbiyyatşünasının “Türk ədəbiyyatında ilk mütəsəffivlər” və “Azəri ədəbiyyatına dair tədqiqlər” əsərləri Azərbaycan ədəbiyyatşünaslarının 20-30 illər nəslinə böyük təsir göstərmişdir. 1934 ilin avqustunda Moskvada keçirilmiş I Ümumittifaq Yazıçılar qurultayında Azərbaycan Yazıçılar İttifaqının sədri M.K.Ələkbərlinin hesabat məruzəsində KDQ-dən bəhs edilmiş, səhv olaraq, bu əsər həm də lüğət hesab edilmişdir. KDQ-ni X əsrə aid edən M.K.Ələkbərli Dədə Qorqudu real şəxsiyyət, lüğət və dastanların müəllifi sayır, eposun sonrakı ədəbi abidələrə güclü təsirindən söz açır. 30-cu illər KDQ-yə marağın artdığı dövrdür. Şair və müəllim Ə.c.Sultanzadə “Ədəbiyyat qəzeti”nə göndərdiyi məktubunda təklif edirdi ki, KDQ şifahi deyil, yazılı ədəbiyyatımızın ilk abidəsi və tarixi şəxsiyyətin ədəbi irsi hesab edilməlidir”. 1939 ildə KDQ ilk dəfə Azərbaycanda H.Araslının tərtibi, redaktəsi və ön sözü ilə çap olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, dastanın 1962 və 1978 il nəşrləri də H.Araslı tərəfindən hazırlanmış, ön söz də onun tərəfindən yazılmışdır. “Aşıq yaradıcılığı” monoqrafiyasında (1960) müəllif KDQ-yə xüsusi yer vermişdir. “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində (1960) KDQ haqqında bölməni də H.Araslı yazmışdır. H.Araslı, eposu Azərbaycan dastanlarının ən qədim nümunəsi adlandırır, onun X-XI əsrlərin köçəri həyatına aid olduğunu göstərir, böyük tarixi və bədii məziyyətlərindən söz açır. Ədəbiyyatşünasın fikrincə, dastandakı poetik forma nəzmin ibtidai şəkli, nəsr dili isə qafiyələnən cümlələrdən ibarət ahəngdar dildir. O, ümumən, əsərin canlı, obrazlı, zəngin xalq dilində yazıldığını qeyd edir. Qəhrəmanlığın əsərdə rolu bir daha təsdiqlənir, eyni zamanda qarətçilik, qəbilə çəkişmələrinin, tayfa mübarizəsinin mövcudluğu da etiraf olunur. H.Araslıya görə, əsərə islam dininin təsiri çox azdır, qəhrəmanlar şərab içirlər və s. H.Araslı belə hesab edir ki, Dədə Qorqud əsərin müəllifi yox, iştirakçısıdır. H.Araslı ilə təxminən eyni vaxtda ədəbiyyatşünas M.Rəfili də eposun tədqiqi ilə məşğul olmuşdur. M.Rəfili bir sıra məqalələrində, “Qədim Azərbaycan ədəbiyyatı” kitabında (1941, rus dilində), Azərbaycan ədəbiyyatı tarixinə həsr etdiyi doktorluq dissertasiyasında (1944) KDQ-dən ətraflı bəhs etmişdir. Eposu Azərbaycan mədəniyyətindəki yüksəlişin başlanğıcı kimi qiymətləndirən ədəbiyyatşünas bu əsərin Avropa və Bizans gerçəkliyi ilə səsləşdiyini (Homerin “Odisseya” əsəri, Roland dastanları və Nibelunq nəğmələri, İqor polku dastanı və s.) ilk dəfə olaraq qeyd edir, Odisseylə Basatın, Polifemlə Təpəgözün yaxınlığını epik abidələrin qaynaq yaxınlığı ilə əlaqələndirir, alman alimi Ditsin Homerin Şərqə səyahət etməsi mülahizəsinə haqq qazandırır. M.Rəfilinin fikrincə, KDQ XI əsrin abidəsidir və bu dövr Azərbaycan mədəniyyətinin səviyyəsini əks etdirir. Ədəbiyyatşünas KDQ-də ilk dəfə realist təhkiyənin fantastik obrazlarla, qəhrəmanlığın mifoloji motivlərlə çulğaşdığını göstərmişdir. M.Rəfili KDQ haqqında bir çox elmi konfranslarda çıxış etmiş, özünü zərbə altına qoysa da, onu müdafiə etməyə çalışmışdı. 40-cı illərdə KDQ daha böyük şöhrət qazandı və bu mövzularda ilk bədii (nəsr, dramaturgiya və s.) əsərlər yazıldı. 1950 illərdə KDQ-yə münasibət kəskin şəkildə dəyişdi və vulqar bir şəkil aldı. Bəzi partiya ideoloqları KDQ-ni qeyri-xəlqi, xalqlar dostluğuna qarşı yönəlmiş, ziyanlı bir əsər hesab edirdilər. KDQ bəhsi hətta orta məktəb dərsliklərindən çıxarılmışdı. Belə bir təzyiq altında əksər ədəbiyyatşünaslar ya susmağa, ya da öz mövqelərini dəyişməyə məcbur olmuşdular. Bu, xüsusən, cəfər Xəndan, Mirzəağa Quluzadə və b. ədəbiyyatşünasların yazılarında aydın hiss olunurdu. Prof. Ə.Dəmirçizadə, eposu dil baxımından tədqiq etmiş, onun mətni, lüğət tərkibi, fonetik-qrammatik xüsusiyyətləri haqqında maraqlı fikirlər yürütmüşdür. O, belə bir nəticəyə gəlmişdir ki, epos IX-X əsrlərə aiddir və şifahi də olsa mükəmməl bir ədəbi dildə yazılmışdır. Dastanlarda nəsr aparıcıdır, nəzm isə sərbəst xarakterlidir. Azərbaycan tədqiqatçılarının böyük bir qismi (M.Arif, Ə.Sultanlı, M.Təhmasib və b.) KDQ haqqında axtarışlar aparmış, onun tarixi, mədəni, mənəvi-əxlaqi əhəmiyyətini və s. cizgilərini yüksək qiymətləndirmişlər. M.Arif KDQ-ni folklor abidəsi kimi götürmüş, onu X-XI əsrlərə aid etmişdir. M.Arif epos haqqında yazmışdır: “Dədə-Qorqud dastanları X-XI əsrin yadigarı olub, Azərbaycan ədəbiyyatı tarixində ana dilində qələmə alınmış ilk böyük ədəbi abidədir”. O həmçinin sərbəst şeri KDQ-yə bağlamaq cəhdlərinə qarşı çıxırdı. Əli Sultanlı abidənin Qərbi Avropa eposu ilə əlaqələrini tədqiq etmişdir. M.Rəfilidən sonra, bu problemin ətraflı öyrənilməsində Ə.Sultanlının xidmətləri mühümdür. Abidənin yazıya alın45 ması tarixi, obrazlar aləmi, Dədə Qorqudun şəxsiyyəti, boyların qısa səciyyəsi və s. məsələlərə ədəbiyyatşünasın tədqiqatlarında geniş yer ayrılır. Ə.Sultanlı boyların ruhca bir-birinə yaxınlığını, ideyaca vəhdət təşkil etdiyini, Dədə Qorqudun dastanın ilk yaradıcısı olduğunu, katibin mətnə ərəb və fars sözləri daxil etdiyini, eposun islamdan əvvəlki dövrlə bağlılığını, qəhrəmanlıq xarakteri daşıdığını və s. bir çox əsas xüsusiyyətlərini göstərmişdir. Ə.Sultanlının KDQ ilə bağlı araşdırması (1958) “Azərbaycan folklorşünaslığının nailiyyəti kimi” (Yaşar Qarayev) qiymətləndirilmişdir. Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib araşdırmalarında KDQ-yə də geniş yer vermişdir. Folklorçunun ilk axtarışları 40-cı illərə təsadüf edir. O sonralar KDQ ilə bağlı silsilə məqalələrində dastanların bir çox səciyyəvi məsələlərini aydınlaşdırmağa çalışmış, “Basatın Təpəgözü öldürdüyü boy”u Homerin “Odisseya”, eləcə də “Sindibadnamə”, “Nart” eposları ilə müqayisə etmişdir. M.H.Təhmasib KDQ bəzi hissələrinin (1941), 50-ci ildən V.Bartoldun rusca tərcüməsinə “Qeydlər”ini çap etdirmiş, H.Araslı nəşrlərinin elmi redaktoru olmuşdur. Ədəbiyyatşünas Hidayət Əfəndiyev KDQ-ni qədim Azərbaycan bədii nəsrinin ilk nümunəsi hesab edir. H.Əfəndiyev KDQ-nin Azərbaycan tarixi gerçəkliyi ilə sıx əlaqəsini, vahid süjetli əsər olmadığını və müqəddimənin əsərin əsas məzmunu ilə uyuşmadığını da qeyd edir. Ayrı-ayrı boylar, onların ideya və sənətkarlıq xüsusiyyətləri də H.Əfəndiyevin diqqət mərkəzində olmuşdur. H.Əfəndiyev qeyd edir ki, “Kitabi-Dədə Qorqud”un hər boyu bir qəhrəmanlıq hekayəsidir”. Eyni zamanda, qəhrəmanların simasında real, həyati cizgilərin fövqəladə, xəyali və əfsanəvi xüsusiyyətlərlə birləşdiyi vurğulanır. H.Əfəndiyev surətlərin və keyfiyyətlərin təsvirində mübaliğələrin, təşbeh və müqayisələrin əhəmiyyətini xüsusi vurğulayaraq, əsərin nəsr dilinin musiqili, ahəngdar, şerə yaxın bir dil olduğunu göstərir. 40-50-cı illərdə eposla təkcə ədəbiyyatşünaslar deyil, yazıçı və tarixçilər də maraqlanmış, öz mülahizələrini müxtəlif mətbuat orqanlarında çap etdirmişlər. Görkəmli şair və yazıçılardan Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov və b. KDQ-yə böyük maraq və məhəbbət bəsləmiş, yazı və məqalələrində dastanları yüksək qiymətləndirmişlər. Səməd Vurğun KDQ-dən söz açarkən onu Azərbaycan xalqının qəhrəmanlıq və rəşadət tarixi hesab edir və Azərbaycan ədəbiyyatının ən qədim abidəsi sayır. O, dastanı XI əsrə aid edən bir çox həmkarlarından fərqli olaraq, abidəni IX əsrə aid örnək kimi qiymətləndirir. S.Vurğun belə bir qənaətə gəlir ki, köçəriliyin qabarıq verildiyi bu əsərdə xalqın qəhrəmanlığı, onun müdrikliyi və ümidləri əks olunmuşdur. Şair yazır: “...Biz burada xalqın böyük nikbinliyini görürük; mədəniyyət cəhalətə qalib gəlir, namuslu qəhrəmanlar namussuz xainlərə qələbə çalır, ədalət ədalətsizliyi məğlub edir”. Yazıçı M.Hüseyn “Mübarizə və qalibiyyət mahnıları” adlı məqaləsində ədəbiyyatımızın keçmişi və bu günü üçün səciyyəvi olan Salur Qazanın igidlərinin düşmənə qarşı mübarizəsini xalqımızın daxili mənəvi qüdrəti ilə izah edirdi. Dastanın iştirakçılarının doğma yurduna məhəbbətindən bəhs edərkən, yazıçı Qaraca Çoban, Qaragünə, Uruz və b. igidlərin fədakarlığını yada salır, xüsusən Uruzun anası Burla xatunla dialoqunu çox ibrətamiz bir səhnə kimi qiymətləndirir. O, belə bir qərara gəlir ki, “Uruzun qəhrəmanlığı, həqiqətən, yüksək romantik bir pafosla ifadə edilmişdir”. Xalq şairi Rəsul Rza sərbəst şerin KDQ poetikası ilə doğmalığını daim sübut etməyə çalışırdı. M.İbrahimov da KDQ-nin XI-XII əsrlərə aid olduğunu, Azərbaycan xalq yaradıcılığının ilk böyük əsəri kimi realist cizgilərlə fərqləndiyini, cəngavərlik, hicran, yurd həsrəti kimi əxlaqiestetik xüsusiyyətlərə malik olduğunu göstərmişdi. Onun “Dilimizin inkişaf yolları haqqında” məqaləsində (1944) KDQ-nin 900 il bundan əvvəl yazıldığı, xalq yaradıcılığının ən gözəl nümunəsi olduğu qənaəti də görünməkdədir. Azərbaycanda KDQ sahəsində mətnşünaslıq müəyyən uğurlar qazanmışdır. Bu sahədə ilk təşəbbüs H.Araslıya məxsusdur. H.Araslı demək olar ki, Orxan Şaiq Gökyay ilə eyni zamanda (1938) KDQ-nin ilk nəşrini hazırlamış və Bakıda nəşr etdirmişdir. Bu nəşrin təkmilləşdirilmiş çapları isə 1962 və 1978 illərdə işıq üzü görmüşdür. H.Araslı qeyd edir ki, bu vaxta qədər (yəni 1978 ilədək) çap olunanlar içərisində ən qiymətli elmi əhəmiyyətə malik nəşr Türkiyədə Dil Qurumunun nəşridir (1958). O, əlyazmalarının fotosurətlərinin verilməsini və hər iki nüsxə əsasında tənqidi mətnin hazırlanmasını bu nəşrin əsas məziyyəti kimi qiymətləndirir. Məlumdur ki, KDQ mətni üzərində H.Araslı ilə O.Şaiq və M.Ergin arasında qiyabi mübahisələr getmişdir. Məsələn, H.Araslı onların KDQ mətnini bəzi məqamlarda düzgün oxumadıqlarını iddia edir. Digər tərəfdən, mətnlərin tədqiq obyekti kimi seçilməsində də anlaşılmazlıqlar mövcud olmuşdur. H.Araslı 1978 il nəşrinə “ön söz”də yazırdı: “M.Ergin V.n.-nin D.n-dən köçürülmüş olduğunu zənn etdiyindən bizim hazırladığımız tənqidi mətnə əhəmiyyət vermir. Biz isə hər iki nüsxənin üçüncü bir nüsxədən köçürüldüyünü yəqin edirik. Buna görə hər iki nüsxə tənqidi mətndə bərabər hüquqda iştirak edir”. Yazıçı Anarın povest kimi işlədiyi KDQ mətni öz orijinallığı və mətnə yaxınlığı ilə diqqəti cəlb edir. Xeyli sonra yazdığı “Dədə Qorqud dünyası” araşdırmasında müəllif KDQ-nin tədqiqatçıları ilə əsaslı polemikaya girir, əsəri xalqımızın, dilimizin, tariximizin və torpağımızın abidəsi kimi, “Azərbaycan ədəbiyyatının ən nikbin əsəri” olaraq qiymətləndirir. Ş.Cəmşidov da KDQ mətnini uşaqlar üçün sadələşdirilmiş şəkildə hazırlamış və 1980 ildə çap etdirmişdir. KDQ-nin Azərbaycan türkcəsi ilə başqa bir nəşri Fərhad Zeynalov və Samət Əlizadə (1988) tərəfindən hazırlanmışdır. Nəşrdə təkcə mətnin müasir şəkli deyil, Azərbaycan (kiril) əlifbası ilə orijinalı, habelə “Tükənməz xəzinə” adlı ön söz də verilmişdir. Burada KDQ-nin tədqiq və nəşr tarixi, variantları, obrazları, əhatə etdiyi məzmun, ideya-bədii xüsusiyyətləri və s. haqqında geniş məlumat verilir. “Ön söz”də tezis şəklində qoyulmuş və müəlliflərin KDQ problematikasına münasibətini aydınlaşdıran elmi mülahizələr aşağıdakılardır: 1. KDQ-də ən qədim dini-mifoloji təsəvvürlər və bəzi adət-ənənələr oğuzların ibtidai dövrünə, yəni eramızın III-IV əsrlərinə təsadüf edir. 2. KDQ-də cərəyan edən hadisələr VI-VIII əsrləri əks etdirir. 3. Qorqud dastanların yaradıcısı deyil, iştirakçısı və obrazlardan biridir. 4. KDQ boyları şifahi şəkildə VIVIII əsrlərdə formalaşmağa başlamış, VII-IX əsrlərdə tam təşəkkül tapmışdır. 5. KDQ boylarının ilk qələmə alınması X əsrdən əvvələ təsadüf edir. 6. KDQ-nin əlyazma nüsxələri artıq XIV əsrdə mövcud idi. 7. KDQ-nin “Müqəddimə”si abidənin yazıya alındığı dövrdən mövcuddur. “Ön söz”də KDQ əlyazma və nəşr nüsxələrinin xüsusiyyətləri və nüsxə fərqləri haqqında bir çox dəyərli mülahizələr də vardır. Müəlliflər belə bir qərara gəlirlər ki, V.n ilə müqayisədə nisbi qədimlik və bütövlük D.n.-ə məxsusdur. Eyni zamanda, onlar O.Ş.Gökyayın, M.Erginin və H.Araslının hazırladığı KDQ nəşrlərini “Mükəmməl nəşrlər” hesab edirlər. 70-80-ci illər Azərbaycan ədəbiyyatşünaslığında KDQ-yə maraq daha da artdı, elmi və elmi-publisistik tədqiqatların vüsəti genişləndi. 50-ci illərin ortaları – 60-cı illərin siyasi abhavasında müşahidə olunan yumşalma prosesi milli özünəqayıdışa, ədəbi-tarixi problemlərin dərkinə təkan vermiş, türkologiya üzrə tədqiqat işi üçün zəmin rolu oynamışdır. Tədqiqat istiqamətləri sırf ədəbitarixi səciyyədən çıxaraq diferensiallaşmış, müstəqil və yeni axtarış ünvanları kəsb etmişdir. Bu dövrün tədqiqatçılarını da, təxmini olaraq, bu tədqiqat sahələri üzrə bölüşdürmək olar. Professorlar Süleyman Əliyarlı, Elməddin Əlibəyzadə, Pənah Xəlilov, tədqiqatçı Əjdər Fərzəli tarixi və tarixicoğrafi baxımdan; Tofiq Hacıyev, Samət Əlizadə, Kamil Vəliyev, Aydın Məmmədov, Kamal Abdullayev dilçilik və KDQ-nin poetikası baxımından, M.Seyidov mifoloji baxımdan, A.Nəbiyev, İ.Abbaslı folklor baxımından və s. Bu bölgü bir qədər şərtidir. Çünki E.Əlibəyzadə dil problemlərinə, T.Hacıyev tarix problemlərinə, yaxud Anar hər ikisinə diqqət yetirmişdir. Pənah Xəlilov öz tədqiqatında KDQ-nin poetikasına da toxunmuşdur. M.Əlioğlunun “Məhəbbət və qəhrəmanlıq”, A.Əfəndiyevin “Qorqudluğumuz” məqalə-esselərində KDQ-nin tarixi və fəlsəfi mənasına aid qiymətli mülahizələr vardır. Ş.Cəmşidov, P.Xəlilov, B.Abdulla, K.Abdulla KDQ haqqında monoqrafik tədqiqatlar çap etdirmişlər. Eposla müntəzəm və əsaslı məşğul olan alimlərdən biri Şamil cəmşidovdur. Ş.cəmşidovun araşdırmalarında (“KitabiDədə Qorqud”u vərəqləyərkən, 1969. “Kitabi-Dədə Qorqud”, 1977; “KitabiDədəm Qorqud”, 1999) nəinki abidənin tədqiq və nəşr tarixindən, habelə mətnlə bağlı problemlərindən söz açılmış, eposun tarixi və ədəbi cizgiləri haqqında bir çox mətləblərə toxunulmuşdur. KDQ-dən intibah abidəsi kimi bəhs edən prof. P.Xəlilov əsərin bu vaxtadək diqqəti az çəkmiş məqamlarına nəzər salır, Oğuznamələr və s. tarixi mənbələrlə əlaqəsi məsələlərinə, bir çox etimoloji və mifoloji məqamlara toxunur. P.Xəlilovun fikrincə, “Qam Börənin oğlı Bamsı Beyrək boyu” ədəbiyyatımızda ilk aşiqanə-qəhrəmanlıq dastanı, ilk dramatik-psixoloji poemadır”. KDQ-nin intibah dövrü ədəbiyyatı nümunəsi kimi müdafiə edərkən monoqrafiya müəllifi belə bir tezisi əsaslandırmağa çalışır ki, “KDQ Nizami “Xəmsə”si ilə əkiz olmasa da, qohumdur”. Prof. T.Hacıyev şərikli qələmə aldığı “Azərbaycan dili tarixi” (1983), “Azərbaycan dili” (1992) və s. əsərlərdə KDQ-nin tarixi və funksional rolunu aydınlaşdırmağa çalışır. Prof. K.Vəliyev (Nərimanoğlu) “Dastan poetikası” (1984), “Sözün sehri” (1986), “Elin yaddaşı, dilin yaddaşı” (1987) və s. kitab və məqalələrində KDQ-nin poetikası, nəsr və nəzminin xüsusiyyətləri, leksikası və s. məsələlər ətrafında aydınlıq yaratmağa çalışmışdır. E.Əlibəyzadə “Ədəbi şəxsiyyət və dil” (1982), “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” (1998), “Kitabi- Dədə Qorqud” (1999) kitablarında KDQ-yə xüsusi yer verir. Tədqiqatçılardan Ədalət Tahirzadə, Arif Acalov, Nizami cəfərov, Arif Rəhimov və başqalarının KDQ-yə və qorqudşünaslığa həsr etdiyi fikir və mülahizələr də diqqəti çəkməkdədir. Ədəbiyyatşünaslığa aid bir sıra dərs vəsaitlərində və dərsliklərdə KDQ-yə əhəmiyyətli yer verilmişdir. Ə.Səfərli və X.Yusifovun “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” (1982), P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı”, Q.Namazovun, M.Həkimovun Azərbaycan aşıq ədəbiyyatına dair kitablarında KDQ-dən ayrıca bəhs edilir. Ə.Səfərli müəllif olduğu kitaba yazdığı “Kitabi-Dədə Qorqud” bölməsində eposu oğuznamələrin ən böyüyü və məşhuru hesab edir, onun yazılı ədəbiyyat nümunəsi olduğuna, “kitab” adlandırıldığına diqqəti çəkir. Müəllif eposun IX-XII əsrlərə deyil, daha qədimlərə təsadüf etdiyini, Oğuz tayfalarının bədii salnaməsi olduğu qənaətinə gəlir. Kitabda boyların qısa səciyyəsi də verilmişdir. Ümumən, Azərbaycan ədəbiyyatşünaslarının KDQ haqqında son qənaətlərindən biri budur ki, epos IXXII əsrlərdə deyil, xeyli əvvəl formalaşmışdır. Oğuznamələr arasında ən dolğun və ədəbi-bədii siqləti ilə seçilən bir abidədir. Geniş tarixi informasiyanı özündə mühafizə edir (bu fikrin əleyhdarları da mövcuddur). İslamla bağlı təsəvvürlərlə aşılansa da, əslində islamdan əvvəlki dövrlərin məhsuludur. Azərbaycan ədəbiyyatı tarixinin guşə daşlarından biridir və s. 70-ci illərdən başlayaraq KDQ Azərbaycan mənəvi düşüncəsinə hakim kəsilmiş, təkcə ədəbiyyatşünasların deyil, filosofların, tarixçilərin, dilçilərin, tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan mənəviyyatının və tarixinin monumental abidəsi olmaqla KDQ hazırda daha böyük aktuallıq və əhəmiyyət kəsb edir. 1990 ildə Azərbaycan SSR Nazirlər Soveti “Kitabi-Dədə Qorqud” Ensiklopediyasının nəşri haqqında qərar qəbul etdi. 1997 ilin aprelin 20-də isə Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında” Fərmanı verildi. Fərmanda KDQ-nin 1300 illiyinin beynəlxalq səviyyədə qeyd olunması üçün BMT-nin YUNESKO təşkilatına müraciət və tədbirlər planı nəzərdə tutulmuşdur. Bununla əlaqədar, 1999 ildən KDQ mövzularında çox sayda elmi, elmi-kütləvi kitab nəşr edilmişdir. KDQ Azərbaycan mühacirət ədəbiyyatşünaslığının da diqqət mərkəzində olmuşdur. Görkəmli dilçi və ədəbiyyatşünas Əhməd cəfəroğlu bir sıra məqalə və kitablarında KDQ-yə xüsusi yer ayırmışdır. O, KDQ-nin Oğuznamə olduğuna və Dədə Qorqudun real şəxsiyyətinə inananlardan biridir. Alim qeyd edir ki, KDQ-yə və azəri türkcəsinə min illik bir tarix qazandıran bu nurlu ixtiyarın hekayətləri olmuşdur. M.Ə.Rəsulzadə 1949 ildə Ankarada nəşr etdirdiyi “Azərbaycan mədəniyyət ənənələri” kitabında KDQ-nin xalq ədəbiyyatı nümunəsi kimi yüksək qiymətləndirir və yazırdı: “Əski türk dastanlarının məşhur sözçüsü Dədə Qorqud Azərbaycanda keçən qəhrəmanlıqları anladır. Bu hekayələrdəki dil bugünkü Azəri türkcəsinin demək olar ki, eynidir”. 1940-50 illərin ayrıcında M.Ə.Rəsulzadə KDQ-yə aid bir neçə məqalə çap etdirmişdi. Buna səbəb Sovet Azərbaycanında KDQ-yə münasibətin dəyişməsi, dastana hakimiyyət tərəfindən açılan cəbhə idi. “Dədə Qorqud dastanları” (1952), “Dədə Qorqud oğuznamələri” (1953) bu məqsədlə yazılmışdı. KDQ-nin tədqiqinə Cənubi Azərbaycan alimləri də öz töhfələrini vermişlər. Məsələn, doktor cavad Heyət, Həmid Nitqi və b. ədəbiyyatşünaslar kitab və məqalələrində epos haqqında öz mülahizələrini bildirmişlər. C.Heyət “Varlıq”jurnalındakı silsilə məqalələrində, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” kitablarında (Bakı, 1993) KDQ-dən bəhs etmişdir. Sonuncuda o, eposun kökünün Orta Asiyaya bağlı olduğunu, XII əsrdə yarandığını, XV əsrdə yazıya alındığını ehtimal edir. Lakin əsərin digər yerində c.Heyət qeyd edir ki, KDQ VI-VII əsrlərin yadigarıdır. c.Heyət bu əsəri “Türk oğuzAzərbaycan ədəbiyyatının şah əsəri” adlandırır, qəhrəmanlıq xarakteri daşıdığını, bir fərd tərəfindən deyil, ümumən xalq tərəfindən yaradıldığı fikrini irəli sürür. Moskvada yaşayan və türk eposu haqqında bir çox dəyərli tədqiqatların müəllifi Xalıq Koroğlu da KDQ-nin mətni, oğuznamələr ilə bağlılığı, yazıya alınması və s. haqqında mülahizələr söyləmişdir. “Oğuz qəhrəmanlıq eposu”, “Türkmən ədəbiyyatı” və s. əsərlərdə müəllif KDQ-ni türk xalqlarının (əsasən Azərbaycan, türk və türkdilli) müştərək abidəsi olduğunu göstərir, dastanların yaranmasını XI əsrdən hesablayır. X.Koroğlu A.Nəbiyevlə yazdığı “Azərbaycan qəhrəmanlıq eposu” (rus dilində, B., 1996) kitabında da Azərbaycan xalqının qəhrəmanlıq eposunun özünəməxsus milli cizgilərlə fərqləndiyini, bu mə’nada KDQ-nin tayfa-qəbilə münasibətlərinin dağılması dövründə ozanın (ozanlığın) səciyyəvi xüsusiyyətlərini əks etdirdiyini qeyd edir. X.Koroğlunun qənaəti budur ki, “Dədə Qorqud” dastanları reallıq əsasında qurulmuşdur”. KDQ ilə əlaqədar yazılan məqalə və kitablar arasında abidənin tarixietimoloji mahiyyətini saxtalaşdıran əsərlərə də rast gəlinir. Məsələn, F.Gilarbəylinin “Qor Əman” adlı kitabında (1996) qədim türklər qədim yəhudilərlə eyniləşdirilir, Qorqud sözü birtərəfli yozulur, Bəkdüz Əmənin Misir fir’onu Təktüz Əman olduğu fikri irəli sürülür. Ədəbiyyat: “Kitabi-Dədə Qorqud”un biblioqrafiyası B., 1999. Рафили М. Азербайджанский героический эпос, Газета “Бакинский рабочий”, 13 июня 1941 г. Древняя азербайджанская литература. Б., 1941. Dəmirçizadə Ə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. B., 1958; Yenə onun, Azərbaycan ədəbi dili tarixi, B., 1979. Rəsulzadə M. Ə. Dədə Qorqud dastanları, “Azərbaycan” jurn. (Türkiyə) 1952, № 6; Yenə onun, Dədə Qorqud oğuznamələri, “Azərbaycan”, 1953, № 19; Yenə onun, Bolşeviklərin Şərq siyasəti. B.,1994. Гаджиев Дж., Кулизаде М. Об одной антинародной книге. “Литературная газета”, 7 июля 1951 г. Təhmasib M. Azərbaycan xalqının qəhrəmanlıq eposu (Ön söz), B., 1941; Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972. Arif M. Azərbaycan xalqının ədəbiyyatı. B., 1958. Sultanlı Ə. Məqalələr. B., 1971. “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları, B., 1999. Hüseyn M. Ədəbiyyat və sənət məsələləri. B., 1958. İbrahimov M. Aşıq poeziyasında realizm. B., 1966. Ana dili – hikmət xəzinəsi. B., 1991. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., 1983; yenə onun, Azərbaycan xalqının soy-kökünü düşünərkən. B., 1989; Yenə onun, Qam-şaman və onun qaynaqlarına ümumi baxış. B., 1994. Cəmşidov Ş. Kitabi-Dədə Qorqudu vərəqləyərkən. B.,1969; yenə onun, KitabiDədə Qorqud. B., 1977; yenə onun, Kitabi Dədəm Qorqud, B., 1999. Anar. Dünya bir pəncərədir. B., 1986. Əlibəyzadə E. “Kitabi-Dədə Qorqud”, B., 1999. Vəliyev K. Dastan poetikası. B., 1984. Sözün sehri. B., 1986; yenə onun, Elin yaddaşı, dilin yaddaşı. B., 1987. “ Kitabi-Dədə Qorqud”. B., 1982 (F.Zeynalov və S.Əlizadənin ön sözü). Xəlilov P. “Kitabi-Dədə Qorqud” – intibah abidəsi. B., 1993. Бадалов Р. Правда и вымысел героического эпоса. Б., 1983. Mehdiyev N. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti, B., 1986. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. B., 1993. Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. B., 1982. Namazov Q. Azərbaycan aşıq sənəti. B., 1984. Короглу Х. Огузский героический эпос, М., 1976. Короглу Х. Туркменская литература. М., 1972. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu, B., 1999. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B.,1992. Abdulla B. “Kitabi-Dədə Qorqud” və islam dini. B., 1996; yenə onun, “Kitabi Dədə Qorqud”un poetikası, B., 1999. Heyət C. Türklərin dil və ədəbiyyatına bir baxış. B., 1993. Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tarixindən, B., 1963. Əliyev O. “Kitabi-Dədə Qorqud” və Azərbaycan folkloru, B., 1999. Nəbiyev B., Qarayev Y. Xalq mənəviyyatının güzgüsü, B., 1999. Cəfərov N. “Kitabi-Dədə Qorqud”da islama keçidin poetikası, B., 1999. Nazif Ələkbərli |