"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

A

AT, ATLAR

AT, ATLAR – Abidədə xüsusi adlarla tanınan atlar bunlardır: Ağboz at, Boz at, Qonur at, Qazlıq at, Yelisi qara Qazlıq at, Qara ayğır, Duru ayğır, Alaca at, Yüyürək at, Keçi başlı Keçər ayğır, Toğlu başlı Duru ayğır, Ərəbi at, Təpəl qaşqa ayğır, Ağ bədəvi at, Göy bədəvi at və s. Bu atlar öz səciyyəvi cizgiləri ilə bir-birindən seçilir. Misal üçün, Boz at Beyrəyin, Al ayğır Bəkilin, Qonur at Qazan xanın, Göy bədəsöyün at Qaragünənin, Ağ bədəsöyün at Şirşəmsəddinindir. Ağboz, Şahbaz, Qazlıq, Yelisi qara Qazlıq, Bədöy, Qaraqoç atlar isə ümumi minik atlarıdır. Bu atlar da özlərinə məxsus fərdi keyfiyyətlidirlər. Belə ki, şahbaz at daha uzun ayaqlı olması ilə seçilir. Dustaqlıqda olan Beyrəyin arğışlarla – sorağına gələnlərlə söhbətindən də şahbaz atların uzun ayaqlı olması bəlli olur. Beyrək onlara “Ayağı uzun şahbaz atı binən arğış!” (D-957) – deyə müraciət eləyir. Ümumiyyətlə, boylarda şahbaz atların adı çox çəkilir. Eləcə Beyrək qazamatdan qurtarıb gələndə də bacısından başqa atlarını (onun Boz, Ağboz, Qazlıq atları da var) yox, şahbaz atlarını soruşur:

“Tavla-tavla şahbaz atları, Sorar olsam, binət kimin?” (D-1031).

Bacısı da cavabında:

“Tavla-tavla şahbaz atlarını sorar olsan,
Ağam Beyrəgin binədiydi;
Ağam Beyrək gedəli binərim yoq” – deyir (D-10310).

Boylardan görünür ki, hədiyyə olaraq daha çox şahbaz atlar verilərdi. Şahbaz atlar abidənin bir boyunda keçi başlı Keçər ayğır və Toğlu başlı Duru ayğır adıyla təqdim olunur. Həmin atlar Bayındır xanın tövləsində saxlanılan atlardır ki, Dədə Qorqud minib Dəli Qarcarın bacısı Banıçiçəyi Bamsı Beyrəyə almağa gedir, elçiliyə gedəndə mindiyi atlardan birinin “keçi başlı” olmasını gərəkli bilmişdir.

KDQ-də Ağboz adı da çox çəkilir. Ağboz at elə Beyrəyin “dəniz qulunu” Boz ayğırın soyundandır. Başqırd eposunun qəhrəmanı Ural Batırın dərya atı məhz “Ağboz”dur. Bir çox hallarda elə Xızırın da atı, sadəcə olaraq, Boz at yox, Ağboz at adlanır. Manas dastanında Xızır Ağboz atın üstündə gəlib Manasın oğluna “Semetey” adı verir.

Amma Ağboz at heç də Beyrəyin Boz ayğırı deyil. Çünki Boz ayğır yalnız Beyrəyə məxsusdur. Ağboz atı Oğuzlardan minənlər çoxdur. Ağboz atın abidədə xüsusi vurğu ilə tanıdılması Ağbozdakı “ağ”la bağlıdır. “Ağ” rəng olaraq təmizlik, paklıq anlamlarına da gəlir. Tanrıya ağ rəngli at qurban vermək də elə bu görüşlərlə bağlıdır. Manas anadan olanda atası Yaqub xan bu şərəfə Ağboz atı qurban kəsir. Bundan savayı, ağ rəngin düşümlü sayılıb uğur gətirdiyinə inanıldığından ağ rəngli at da həmişə uğur rəmzi sayılmışdır.

KDQ-dəki Ağboz atlar da bilavasitə uğurla, şad xəbərlə bağlı məqamlarda, yağı üstünə gediləndə minilir. Qazan xanın yurduna talan salan yağılarla vuruşanda Qəflət Qoca oğlu Şirşəmsəddinin mindiyi Ağboz atdır. Səgrək qardaşı Əgrəyi yağı əlindən qurtarmağa yollananda anası ona Ağboz ata minməyi məsləhət bilir. Yegnək də Düzmürd qalasında saxlanılan atasının arxasınca getməyə hazırlaşanda yuxusunda Ağboz atlı alpları görür.

Ağboz at minən Oğuz igidləri həmişə düşmənə üstün gəlirlər. Basat Təpəgözü öldürəndə də şad xəbəri Oğuza çatdırmaq üçün Bunlı qoca ilə Yapaqlu qoca Ağboz atlara minirlər. Çünki el onları Ağboz at üstündə görüncə Basatın Təpəgözə üstün gəldiyini biləcəkdi.

Abidənin “İç Oğuza Daş Oğuz ası olub Beyrək öldügi boy”da ölümcül yaralanan Beyrək yoldaşlarına deyir:

“Yigitlərim, yerinizdən uru durun,
Ağboz atumun quyruğını kəsin (D-2983).

“At quyruğu kəsmə”nin məzmununda iki mətləb vardır. Birincisi, at, ümumiyyətlə, sahibi üçün namus, qeyrət simvolu sayılır. Hətta “Kişinin ya atı, ya arvadı” deyilib. İkincisi isə, ölümlə, şəhidliklə bağlı olaraq atın quyruğunun kəsilməsidir. Bahaəddin Ögələ görə: “Türk əsgəri ikinci eşi olaraq atını görürdü. Əsgər şəhid olanda atı da “dul” qalırdı. Bunun üçün kəndini öncədən şəhidliyə hazırlamış olan əsgər “dul” işarəti olaraq atının quyruğunu kəsib mizrağından asırdı. Alparslan isə savaşdan öncə atının quyruğunu düyünləmişdi. Böyləcə, şəhidliyə hazırlanmışdı. Elə Beyrəyin də atının quyruğunu kəsdirməsi bu sonuncu deyilənlərlə ilgilidir.

Atın kəsilmiş quyruğu dövlətin, qəbilənin simvolu sayılan bayraqlardan da asılırdı.

KDQ-də məxsusi atlardan biri də Al ayğırdır. Bu at Doqquz tümən Gürcüstan ağzında Oğuz elinə qarovulluq edən Bəkilindir. Bunu oğuzlar da bilir, elin sərhədlərindən qıraqda yaşayan kafirlər də.

Bəkil ovda atdan yıxılıb ayağını sındırır. Düşmənlər bu əhvalatı eşidincə onun üstünə gəlməyə hazırlaşırlar. Yağının niyyətindən xəbər tutan Bəkil onlarla vuruşa yollanan oğluna məhz Al ayğırı minməyi məsləhət görür. O, oğlunu Bayındır xanın yanına göndərmək istəyəndə də, oğlunun xahişinə baxmayaraq, Al ayğırı yox, Yelisi qara Qazlıq atı boyun olur. “Al ayğır qaçan kim yağı qoxusın alsa, ayağın yerə dögərdi, tozı gögə çıqardı” (D-24610).

Döyüş meydanında yağılar Al ayğırı görüncə üstündəkinin Bəkil olduğunu zənn eləyib, qaçmağa hazırlaşırlar. Bəkilin Al ayğırının düşmən görüncə ayağını yerə döyməsi cizgiləri Koroğlunun Qıratında da var. “Koroğlu”- nun “Durna teli” qolunda yatmış dəliləri tutmağa gələn düşmənləri Qırat görən zaman ayaqlarını yerə döyüb kişnəməyə başlayır.

Təhlükəni öncədən sahibinə bildirmək xasiyyəti KDQ-dəki başqa atlarda da var. Bu yöndən Qaraqoç atlar da diqqəti çəkir. Oğuzda yenə də çoxlarının mindiyi bu sayılan, seçilən atlar da yağı hənirtisini uzaqdan-uzağa duyurlar. Abidənin “Uşan qoca oğlı Səgrək boyu”nda Qaraqoç atı minib Əgrəyin arxasınca yollanan Səgrək gəlib Dərəşama çatır. Üç günlük yol onu yorduğundan yıxılıb yatır. Kafirlər bundan xəbər bilincə onu tutmağa gəlirlər. “Qulağı sağ” Qaraqoç at Səgrəyi yuxudan oyadır. Boyda bu hadisə üç dəfə təkrar olunur.

Abidədəki Qonur at isə bir şəxsə məxsusdur. Qonur atın yalnız Qazan xana aidliyi “Salur Qazanın evi yağmalandığı boy”un başlanğıcında da xüsusi vurğu ilə bildirilir. Bəkili Al ayğırla tanıyan düşmənlər Qazanın da Qonur ata sahib olmasını bilirlər və öz aralarında “Qonur atlı Qazanı tutun” deyirlər. Qonur at çox iti qaçması ilə də o biri atlardan seçilir. Boylarda bu atın üç günlük yolu bir gündə başa vurduğu söylənir.

Bəhlul Abdulla