"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

A

AŞIQ, AŞUQ

AŞIQ, AŞUQ – KDQ-nin yaradıcısı ozanın xələfi, yaradıcı, ifaçı, daşıyıcı sənətkar.

Aşıq, aşuq ad-titulunun meydana gəlməsi XV, XVI, bəzən isə XVII yüzilliklə bağlanılmışdır. Ozan-varsaqyanşaq- dədə istilahları kimi aşıq-aşuq termini də həm mənşə, ifadə etdiyi məna, məzmun etibarilə, həm də el sənətkarının daşıdığı isim-ad-titul kimi diqqəti çəkmiş, araşdırıcılar bu barədə müxtəlif mülahizələr söyləmişlər. Bəllidir ki, XIII yüzilliyin sonu – XIV əsrin başlanğıcında yaşamış və Yunis İmrə səpgisində yazdığı şeirlərinə görə xalq ozanlarına yaxınlaşan şair Əli Aşıq (Aşiq) Paşa Təxəllüsü ilə bu söz- termini öz adında qoruyan ilk sənətkarlardan olmuşdur. Artıq XV-XVI əsrlərdə Əhməd Çələbi, İbrahim kimi xalq şeiri nümayəndələri bir ifaçı-sənətkar mənasını daşıyan aşıq terminini öz adları ilə yanaşı işlətmişlər.

Aşıq bir söz-termin kimi, yaradıcısı, ifaçısı olan sənətkarın daşıdığı ad-titul kimi olduqca geniş bir çevrəni əhatə etsə də, aşuq yayılma arealı etibarilə nisbətən məhdud səciyyə daşımışdır. Qafqaz və Zaqafqaziyanın bir sıra xalqları, o sıradan gürcü, erməni, aysoru, yunan və b. “aşığ”ın “aşuq” formasını qəbul etmiş və öz tələffüzlərinə uyğun olaraq belə də işlətmişlər.

Aşığın (həmçinin aşuğun) bir söztermin kimi mənşəyinə, etimoloji baxmından daşıdığı məna, məzmun çalarına, həmçinin bir sənətkar kimi fəaliyyətinə geniş kontekstdə yanaşmalı, məhz bu kontekstdən çıxış edərək bu sənət aləmini dəyərləndirmək mümkündür.

Aşıq-aşuq adını daşıyan yaradıcıifaçı müğənnilərə müxtəlif təriflər verilmiş, bununla həmin sənətin və sənətkarın özünəməxsus keyfiyyətləri üzə çıxarılmışdır. Aşığın aşuq formasını qəbul edən araşdırmaların birində deyilir: Aşıq o şəxsdir ki, yiyələndiyi sənətə qabil olur, iki, yaxud üç aşıqla birlikdə kəndbəkənd, şəhərbəşəhər gəzərək çalıb-oxuyur. Çalğı alətinin simlərini titrədərək meydanlarda, qəhvəxanalarda, habelə digər yığıncaqlarda təğənni edir. Aşıqlar çox vaxt ustadlarının sözünü deyir, az-çox da öz yaratdıqlarını oxuyurlar. “İstifadə etdikləri alətlərin adları da türkcədir: saz, santur, kaman, yaxud kamança, bağlama” (Trdat Yepiskopos Palyan).

Bu fikirlərlə səsləşən özgə bir qaynaqda deyilir: “Aşıq ədəbiyyatından, məlum olduğu vəchlə xalqın anlaya biləcəyi lisanla yazan, daha çox heca vəznini qullanan, saz çalaraq diyar-diyar dolaşan, çox dəfə aşıq adı ilə qələm şüarəsindən, divan şairlərindən təfriq olunan şairlərin məhsullarının həyati məcmuəsi anlaşılır” (P.N.Boratav).

“Aşuq” sənətinin tədqiqatçısı hələ ötən yüzilliyin ortalarında bu sənətin xarakteri barədə belə bir ümumiləşdirici mülahizə söyləmişdir:

Elə sənətkarlar var ki, saz çala bilmir, yalnız nəğmə deyir (yazır, yaxud yaradır), buna mahnı (nəğmə) yaradan deyirlər; elələri də var ki, saz çalaraq qoşduğu nəğməni (şeri) oxuyur. Buna da təğənni edən deyirlər. Lakin bütün bunlardan üstünü və hörmətlisi aşıqdır. Onun üçün saz, təğənni ruh və can deməkdir” (G.Axverdiyan).

Azərbaycanda aparılmış araşdırmaların birində isə aşığa belə tərif verilmişdir: “Aşıq xalq sənətkarıdır. Bu sənət həmişə sinkretik olmuş, indi də sinkretizmin bütün xüsusiyyətlərini özündə yaşatmaqdadır. Yəni hələ bu gün də aşıq həm şair, həm bəstəkar, həm dastançı, həm müğənni, həm çalan, həm oynayan, həm aktyor, həm də nağılçıdır. Başqa şəkildə deyilsə, o, həm şeir, həm dastan, həm də musiqi havaları yaradan, yaratdıqlarını isə öz məlahətli səsi, məharətli barmaqları ilə ifa etməyi bacaran bir sənətkardır” (M.H.Təhmasib).

Aşıq-aşuq istilahı və sənəti barədə söylənilmiş fikirlərdə ümumi və xüsusi cəhətlər özünü büruzə vermişdir. Xüsusi cəhət dedikdə, bu istilahın “milliləşdirilməsi” nəzərdə tutulur. Bu kimi cəhdlər XIX əsrdə də edilmişdir. Yazıçı Q.Ağayana istinadən belə bir mülahizə söylənmişdir ki, güya “aşuq” sözü “asoğ” sözünün təsirinə məruz qalmışdır. “Asoğ” isə şeir, mahnı deyən, müğənni mənasındadır. “Asel” ifadəsi habelə qədim ədəbiyyatlarda “oxuyan” mənasında işlədilib” (M.Ağayan). Eyni fikirlər özünə başqa tərəfdarlar da tapmışdır: “Bizim xalqda (ermənilərdə İ.A.), xüsusilə yerli dialektlərdə müğənni, ifaçı improvizator mənalarını verən “asox”, “asux” sözləri indiyə qədər saxlanmışdır”. Müəllifə görə, “asux” ifadəsi “aşux” şəkilinə düşmüşdür ki, bu da el sənətkarının daşıdığı addır. Lakin bir həqiqətdir ki, aşıq istilahı ermənicənin “asox” tərkibi ilə nə qədər bağlanılırsa bağlanılsın, ərəbin “eşq” sözündəndir. St. Malxasyants “Erməni dilinin izahlı lüğəti”ndə aşığı (aşuğu) “xalq şairi, müğənni, musiqiçi” mənalarını bildirən ərəb mənşəli söz kimi izah etmişdir. Aşuq ədəbiyyatı və sənətinin araşdırıcısı Q.Levonyan isə yazmışdır:

Aşıq sözü ərəbin “aşiq”indən doğub ki, bu da “eşq”, “sevgi” (məhəbbət) deməkdir. Həmin söz Türkiyə vasitəsilə “aşıq”, “aşığ” şəkillərində erməni dilinə daxil olmuş, sonralar “aşuq” şəklini alaraq, bu şəkildə rus ədəbiyyatına keçmişdir. Aşıq ad-titulunun ortaya çıxdığı tarixi şəraitə gəldikdə isə, müəllif qeyd edir ki, keçmişdə Türkiyə və İranda fəaliyyət göstərən aşıqların çoxu “vurulmuş”, “sevmiş” adamlar olmuşlar. Buna görə də camaat onlara “aşıq”, yəni “vurqun”, “aşıq olmuş” təğənniçilər demişlər. Sonralar isə bu ad yaradan-oxuyan ifaçı sənətkarlara deyilmiş və bu günə qədər yaşamışdır.

“Aşıq, aşuq”un ərəbin “eşq” sözü ilə bağlılığını təsdiq edən M.Təhmasib bu istilahı türk mənşəli söz kimi də mənalandırmışdır: “Aşiq”in kökü ...ərəbcənin “eşqi”, “aşıq”ın kökü isə, bizcə türkcənin indi artıq tamamilə arxaikləşmiş olan qədim “aş”ıdır. Bu sözün öz fikrini, məqsədini, istəyini başqalarına təlqin etmək mənasında işlədilən “aşılama” forması bu saat da dilimizdə işlənməkdədir. Lakin görünür ki, bu “aş” sözü çox da uzaq olmayan keçmişdə həm də nəğmə mənasında işlənmiş, buradan “aşulamaq”, yaxud “aşılamaq” – nəğmə demək mənasını daşımış, buradan da “aşula-aşıla” şəklində yenə də “nəğmə” mənasında işlədilmiş, indi isə özbəklərdə “aşulaçı” şəklində nəğməçi, müğənni mənasında işlənməkdədir”.

El ədəbiyyatının qabaqcıl nümayəndələrindən sayılan, bu mədəni irsi qoruyub-yayan, yaradıb-yaşadan və əsl mənasında aşıq adlanan şəxsiyyətlər sənət meydanına təsadüfi gəlməmişlər. Onlar öz istedadları, bacarıqları, yiyələndikləri peşəyə hərtərəfli və dərindən qabil olmaları ilə fərqlənmiş, yaratdıqları əsərlər isə uzun müddət dildəağızda dolaşaraq, əsrdən-əsrə, nəsldən- nəslə adlamış, zəngin bir xəzinəyə, tükənməz bir irsə çevrilmişdir.

Zaqafqaziya, Qafqaz miqyasında Azərbaycan türkcəsində yazıb-yaradan, lakin türk, azərbaycanlı olmayan onlarla sənətkar nəsli – aşıq-aşuqlar yetişmişdir. Bütün bu mədəni-mənəvi irsi heç bir şübhə etmədən Azərbaycan mədəniyyətinin tərkib hissəsi hesab etmək mümkündür. Bu həqiqəti tanınmış gürcü, erməni mütəfəkkirləri də etiraf etmişlər. Yüzlərlə erməni, gürcü aşığının Azərbaycan türkcəsində yazıbyaratdığını dəyərləndirən tənqidçi, inqilabçı-demokrat M.Nalbandyan qeyd edirdi ki, bu aşıqları ancaq “...erməni ailəsində doğulduqları üçün erməni adlandırmaq olur”. Yaxud, ötən yüzilliyin realist ədəbiyyatının ünlü nümayəndəsi, yazıçı Q.Ağayan etiraf edirdi ki, bu qəbil aşıqlar “...Mahnıları (şeirləri) ermənicə yox, türkcə (azərbaycanca – İ.A.) yaradırdılar. Erməni dilində oxumaq təsəvvürü hələ bizim aşıqların arasında yayılmamışdı”. Müəllif onu da qeyd etməyi özünə borc bilmişdir ki, bizim aşıqların şeirlə qarışıq ermənicə romanları (dastanları) yoxdur, onlar ancaq türkcədir (azərbaycancadır). Bu dastanların bəzisi elə uzundur ki, yeddi gün, yeddi gecə nəql etməklə qurtarmır. Həmin savadsız aşıqlar o qədər şey yadlarında saxlayırdılar ki, hətta yazıb-oxumağı bilən adam belə bunları xatırında saxlaya bilməz.

Sənət sinkretizmini, improvizasiyanı bu və ya digər dərəcədə öz yaradıcıqlarında birləşdirən aşıq-aşuq sənətinin nümayəndələri həm ustad-yaradıcı, ifaçı aşıqlar, saz şairləri, həm də qələm şüərası, el şairi adları ilə tanınan şəxsiyyətlər zəngin bir poetik təfəkkürün təmsilçiləri kimi vahid axarda birləşsələr də, öz yaradıcılıq üslubları, sənətkarlıq xüsusiyyətləri baxımından bir-birlərindən fərqlənmişlər. Məhz bu cəhət də folklor ədəbiyyatında rəngarəng terminlər meydana gətirmiş, müxtəlif mülahizələrin yaranmasına səbəb olmuşdur. Belə ki, aşıq-aşuq və saz şairləri sözlərinin eyni mənanı daşıdığı, qələm şüərasının (onlar müəyyən təhsil görmüş, həm heca, həm də əruzla şeir yazan, lakin saz çalmaq bilməyən sənətkarlar idi) sadəcə qələm şairləri olduğu, el şairinin isə daha geniş ümumi bir məna kəsb edib aşıqla qələm şüərasını özündə birləşdirdiyi barədə fikirlər tədqiqatçıların çoxu tərəfindən qəbul edilən müştərək qənaətlər olmuşdur. Aşıq ədəbiyyatı, özgə sözlə, saz şairlərinin əsərlərini divan ədəbiyyatı ilə anonim xalq ədəbiyyatı arasında olan ayrıca bir qol-sahə hesab etmək isə daha çox məqsədyönlü sayılmalıdır.

Aşıq-aşuq sənətinin təsəvvüflə, ayrı-ayrı süfi təriqətləri ilə bağlılığı istiqamətində öyrənilməsi isə KDQ və ozan sənəti ilə əlaqədar bir sıra məsələlərin aşkarlanmasına zəmin yaradır.

Ədəbiyyat:

Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), B., 1972.

Abbasov İ. Müqəddimə. Azərbaycan aşıqları və el şairləri, 2 cilddə, I cild, B., 1983.

İsrafil Abbaslı.