A
ARUZ, AT AĞUZLI ARUZ QOCA
ARUZ, AT AĞUZLI ARUZ QOCA – Taş Oğuz bəylərinin başçısı. KDQ-də “Altmış erkəc dərisindən kürk eyləsə topuqlarını örtməyən, qolu-budu xırancə: uzun baldırları incə, Qazan bəyin dayısı at ağızlu Aruz Qoca”- deyə əski türk dastan qəhrəmanlarına xas biçimdə təsvir olunur. VII və XII boylardakı hadisələrin iştirakçısıdır. İki oğlu var: Qıyan Selcik və Basat. Qazan xanın Taş Oğuz bəylərini çağırmadan: evini yalnız İç Oğuz bəylərinə yağmalatmasından sonra “Biz Qazana düşməniz, bəllü bilsün” – deyir, Taş Oğuzdan qız aldığı üçün onların güveyi (güyəgüsü) sayılan Beyrəyi yalan xəbərlə aldadıb yanına çağırtdırır, onlarla birlikdə Qazan xana asi olmağa and içmək təklifini qəbul etmədiyi üçün onu öldürür. Beyrəyin qanını yerdə qoymamaqdan ötrü İç Oğuz bəylərinin yığnaq olub divanda gəldiyi qərardan sonra olan döyüşdə Qazan xanın zərbiylə atın üstündən yerə salınır. Qazanın qardaşı Qaragünə də onun başını kəsir. Yazıçıoğlu “Səlcuqnamə”sinin başlanğıcındakı “Oğuznamə”də Aruzla bağlı “doxsan dəridən kürk olsa topuğunu örtməyən, doqquz dəridən şəbkülah olsa tülüyün örtməyən, doxsan qoyun dovğalıq, on qoyun öyüncük yetməyən, doqquz yaşar süngün silküb atan, qıynağında göktə dutan, at başın yalmırıp bir kəz yudan Əfrasiyab oğlu Alp Arız bəy” deyilir. Əski çağların türk rəvayətlərində Əfrasiyab oğlu Alp Aruzun Dəmirqapını, yəni Şərqi Qafqazdakı Dərbəndi açdığı söylənir. Firdovsi “Şahnamə”sində İran-Turan çarpışmalarından danışılarkən Alp Aruz burada Əfrasiyabın oğlu deyil, qardaşı olaraq göstərilir, adı isə Aqrires şəklində xatırlanır. Ədəbiyyat: Gökyay O. Ş., Dedem Korkutun kitabı, İst., 1973. |