"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

A

ALTUNTAXT

ALTUNTAXT – “Salur Qazanın evinin yağmalandığı boy”da Altuntaxt adı çəkilir. Göyçə mahalının Gəvər qəzasında dağ və dağ silsiləsinin adıdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Göyçə nahiyəsinə daxil olan kəndlər siyahısında Altuntaxt kənd adı kimi qeydə alınmışdır. “Erməni mənbələrində həmin dağ və yaylaq xatırlanmaqla, həm də həmin dağın ətəklərində Aşağı Altuntaxt və Yuxarı Altuntaxt adlı Azərbaycan türkləri yaşayan iki kəndin adı da qeyd edilir. Hər iki kənd 1914- 1918 illərdə ermənilər tərəfindən xarabaya çevrilmişdir. XVIII əsrin tarixçisi Simeon İrəvanlı həmin kəndlərin səfalı bir yerdə oldğunu qeyd edir.

Zəngin alp çəmənliyi və bulaqları olan bu torpaqlar Oğuzların yaylaq yeri olmuşdur. Yer adının birinci hissəsindəki altun (qızıl) “qırmızılıq”, taxt isə dağın yüksək yamacında olan düzənlik mənasını ifadə edir.

Qarabağda da Altuntaxt adlı dağ vardır.

Ədəbiyyat:

Мурзаев З. Словарь народных географических терминов. М., 1984.

Akopyan T, Melik-Baxşıyan S, Barseğyan O. Ermənistan və ona yaxın olan ərazilərin toponimlər lüğəti (ermənicə), c.1, Yerevan, 1986.