"Kitabi-Dədə Qorqud"

ENSİKLOPEDİYASI


 

 

A

ADƏT-ƏNƏNƏ

ADƏT-ƏNƏNƏ – Məişətdə daşlaşmış mənəviyyat aktı. Ağsaqqala, böyüyə hörmət göstərmək, sözünə, məsləhətlərinə qulaq asmaq xalqımızın dəyərli adət-ənənələrindəndir. KDQdə bu cəhət Oğuz tayfalarının Dədə Qorquda münasibətində daha aydın görünür. Müqəddimədə deyilir: “Qorqud Ata Oğuz qövminin müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqud Ataya danışınca işləməzlərdi. Hər nə ki, buyursa, qəbul edərlərdi; sözin tutıb tamam edərlərdi” (D-211). KDQ-də ata-anaya hörmət göstərmək, qayğısayğı bəsləmək də adət-ənənə halındadır. Burada “Ana həqqi – Tanri həqqi” sayılır. Salur Qazan xan da kafir başçısı Şökli Məlikdən əvvəlcə qadınını, oğlunu, mal-mülkünü yox, yalnız anasını istəyir. KDQ-də ananın sözü hökm bilindiyi tək, atanın da sözündən çıxmamaq, dediklərini qeydsiz-şərtsiz qəbul etmək adət-ənənə halında olub. IV boyda yağıyla üz-üzə gələn Qazan xan oğlu Uruza bir kənara çəkilib vuruşa tamaşa etməyi, baxıb öyrənməyi 8 tapşırır. Oxuyuruq: “Uruz babasının sözin sımadı, qayıdıb geri döndi. Yerdən yuca tağlar başına yoladaşları alub çıqdı. Ol zəmanda oğul ata sözin iki eləməzdi. İki eləsə, ol oğlunı qəbul eləməzlərdi”. (D-13111).

Oğuzlarda qonağa ehtiram, hörmət həmişə qutsal adət-ənənələrdən sayılıb. Kimliyindən, haradan gəlməsindən asılı olmayaraq qonaq qapısını döydüyü evin əziz kimsəsi bilinib. Ev sahibi özü ac qalmağa razı olub, amma son tikəsini qonaqdan əsirgəməyib. KDQ-də “Qonağı gəlməyən qara evlər yığılsa yeg!” (Müqəddimə) – deyə qarğış söylənilib. Bayındır xan ildə bir kərə xüsusi mərasim keçirir. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirib Oğuz bəylərinə qonaqlıq verir. Qonağa etinasızlıq göstərən, onun qarşısına ədəb-ərkanla çıxmayan, layiqli süfrə açmayan qadın “bayağı” adlandırılır, beləsi haqqında “bəbəkləri (övladları – B.A.) doğulmasın” söylənilir. O qadın “evin dayağı” bilinir ki, “yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər- içirər, ağırlar – əzizlər göndərər”( D-48). KDQ-dən bəlli olur ki, ziyafət, toy-düyün məclislərində, yığıncaq və qurultaylarda hər kəsin özünəməxsus yerdə oturması adəti var imiş. Bu kimsələr öz oturduqları yeri göstərdikləri hünər, igidlik, səxavət və nüfuzları ilə qazanarmışlar. X boyda Uşun Qocanın Əkrək adlı oğlu istədiyi vaxt Bayandır xanın divanına gəlir və ağına – bozuna baxmadan keçib xoşladığı yerdə oturur. Yenə elə bu boyda deyilir: “Bəglərbəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan ögində ot urardı”. (D-2541). Əkrəkin bu hərəkəti narazılığa səbəb olur. Tərs Uzamış ona deyir: “ Mərə Uşın qoca oğlı, bu oturan bəglər hər biri oturduğı yeri qılıcilə – ətməkilə alubdur. Mərə, sən başumı kəsdin, qanmı tökdün, acmı toyurdun, yalıncıqmı tonatdın!” (D-2546). Əsirlikdən qayıdan Bamsı Beyrək də bəylərə məhz oturduqları yerinə görə müraciət edir:

Sağda oturan sağ bəglər!
Sol qolda oturan sol bəglər!
Eşikdəki inaqlar! Dibdə oturan xas bəglər!
Qutlu olsun dövlətinüz! (D-11019).

KDQ bəylərin nüfuza görə el, tayfa başçısının sağında, yaxud solunda oturması ənənəsi geniş əks olunub və bu adətə əməl etmə çox ciddi səciyyə daşıyır. 3-cü boyda deyilir: “Bayındır xanın qarşusında Qaragünə oğlı Qarabudaq boy tayanub turmışdı. Sağ yanında Qazan oqlı Uruz turmış idi. Sol yanında Qazlıq qoca oğlı bəg Yegnək turmışdı. Sağ yanında Qazan oğlı Uruz turmış idi. Sol yanında Qazlıq qoca oğlı bəg Yegnək turmışdı.” (D-675).

Bu məsələ 4-cü boyda bir az da qabarıqdır. Yemə-içmə məclisi qurduran Qazan xanın sağında qardaşı Qaragünə, solunda dayısı Aruz oturub. Oğlu Uruz isə onun qarşısında özünə yer tutub. Qazan xan sağ-soluna baxıb gülür. Qarşısındakı oğluna baxdıqda isə ağlayır. Odur ki, Uruz soruşur:

Ünim anla mənim, sözüm dinlə, ağam Qazan.
Sağına baqdın, qas-qas güldin.
Solına baqdın çox sevindin.
Qarşuna baqdın, bəni gördin, ağladın
Səbəb nədir, degil mana.
Qara başım qurban olsun, babam sana! (D-1241).

Qazan xan cavab verir:
Bəri gəlgil, qulunım oğul!
Sağım ələ baqduğımda
Qartaşım Qaragünəyi gördüm -
Baş kəsübdir, qan dökipdir,
Çöndi alubdır, ad qazanubdır.
Solım ələ baqduğımda
Tayım Aruzı gördim.-
Baş kəsübdir, qan dökipdir
Çöldi olubdır, ad qazanıbdır.
Qarşum ələ baqduğımda səni gördüm.
On altı yaş yaşladın.
Bir gün ola, düşəm öləm, sən qalasan
Yay çəkmədün, ox atmadın.
Baş kəsmədin, qan dökmədin.
Qanlu Oğuz içində çöldi almadın. (D-12412)

IX boyda Bayandır xan Doqquz tümən Gürcüstandan bol-bol altunaxça əvəzinə gəlmiş at, qılınc çomağı sağında – solunda oturan şan-şöhrətli bəylərə layiq bilmir. Yenə də elə bu boyda kafirlərlə döyüşdə qələbə çalmış Əmranı atası Bəkil Bayandur xanın divanına gətirir. Xan oturmaq üçün ona Qazan oğlu Uruzun sağ yanında yer göstərir. Üçüncü boyda malları əldən getmiş bəzirganlar Baybura bəyin hüzuruna gələndə onlara yardım etmiş igidi bəyin sağında oturmuş görürlər.

Sağ-solla bağlı sualın doğru cavabını biz elə KDQ -də tapırıq. KDQ -də İç Oğuzlar Bozok, Dış Oğuzlar Ucok adlanırlar. Əsatirə söykənən qaynaqlara görə, Bozoklar Oğuz xanın səmavi qadınından olan Gün xan, Ay xan, Ulduz xan soyundan, Ucoklar isə Oğuz xanın sudakı ağacın oyuğunda görüb evləndiyi qadınından olan Göy xan, Dağ xan, Dəniz xan soyundandır. Yenə də elə qaynaqlarda bildirilir ki, səmavi xanımdan doğulanlar daha sayğılı, nüfuzlu bilindiyindən Oğuz onları sağ yanında, o biriləri isə sol yanında oturdarmış. Bu hal sonralar da adət halını almış və beləliklə, Ucoklara nisbətən imtiyazlı olan Bozoklar məclislərdə, rəsmi yığıncaqlarda, solda yox, sağda – özlərinə məxsus yerdə oturarmışlar.

Oğlan-qız qarşılaşmasında, döyüşvuruşunda, yarışmalarında fürsətin qıza verilməsi də KDQ-də adət-ənənə müqabilindədir. “Yigit, at oxunı!”. Qanturalı aydır: “Qızların yolı əvvəldir, əvvəl sən at!” (D-1989).

KDQ – də əlöpmə (bax. Əlöpmə), muştuluqistəmə (bax. Muştuluqistəmə) əmiraxur etmə, qul-qaravaş azad etmə, adət-ənənə səciyyəsi daşıyır. İkinci boyda Qazan xanın cidd-cəhdlərinə baxmayaraq, Qaracıq Çoban ona qoşulub yağı üstünə gedir. Qazan xan da bu sədaqətinə görə Qaracıq çobanı əmiraxur edəcəyinə söz verir. Vuruş Oğuz alplarının qələbəsi ilə qurtarır. Boyda deyilir: “Qazan xan “Qaracıq Çobanı əmiraxur elədi. Yedi gün, yedi gecə yemə-içmə oldı. Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad elədi” (D-657). Bu adətin eynini VI boyda da görürük. Burada da uğurlu vuruşun şərəfinə “Ağca Qala, Sürməlüyə gəlüb, Qazan qırq otaq tikdirdi. Yedi gün, yedi gecə yemə-içmə oldı. Qırq evli qulla qırq cariyə oğlı başına çevirdi, azad elədi”. (D-1538).

KDQ-nin I boyunda atası Dirsə xanı dönük yoldaşlarının əlindən xilas etdiyi üçün Buğaca Bayındır xan bəylik verir.

Məişətimizdə indi də yaşamaqda olan adət-ənənələrin KDQ -dəki çoxsaylı adət-ənənələrlə tutuşdurmada öyrənilməsi üçün həm də etnogenezisin müəyyənləşdirilməsi üçün faydalıdır.

Bəhlul Abdulla